Xəbər lenti

“Azərbaycan məktəblərində şagirdlərin biliyinin qiymətləndirilməsinin yeni formasına keçidlə bağlı müəyyən işlər görülür”.

Bunu “Report”a açıqlamasında Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi şagirdlərin qiymətləndirilməsi prosesini icra edən dövlət qurumudur: “Hazırda bununla bağlı müəyyən təkliflər hazırlanıb. Yeni təkliflərə əsasən, dərs prosesində formativ qiymətləndirməyə daha çox yer veriləcək. Çünki formativ qiymətləndirmə şagirdlə müəllim, eyni zamanda valideyn arasında əsas informasiya mənbəyidir”.

Nazirlik rəsmisi xatırladıb ki, summativ qiymətləndirmədə şagirdə sadəcə qiymət yazılırsa, formativ qiymətləndirmədə şagirdin müxtəlif mövzular üzrə irəliləyiş və geriləmələri izahlı olaraq qeyd olunur: “Bu gün də məktəblərdə formativ qiymətləndirilmə prosesinin həyata keçirildiyinə baxmayaraq, bu istiqamətdə müvafiq təkmilləşmələrin aparılması ehtiyac var. Eyni zamanda düşünürük ki, aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalı, forması dəyişməlidir”.

Şöbə müdiri qeyd edib ki, digər təklif qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsidir: “Məsələn, inşa yazanda neçə səhvə görə 4 və ya 5 qiymətinin verilməsinin meyarları olmalıdır. Müəllim məhz qəbul olunmuş meyarlar çərçivəsində qiymətləndirməni aparmalıdır. Bu istiqamətdə müvafiq tədbirlər həyata keçiriləndən sonra məzunların yazı bacarıqları təkmilləşəcək”.




Ana səhifəyə qayıt        Baxış: 950          Tarix: 11-10-2017, 14:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma