Xəbər lenti
 
Noyabrın 20-də Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK), Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilib.

Ovqat
xəbər verir ki, tədbirdən öncə qonaqlar Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər. Forumun açılış mərasimi Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirin birinci hissəsində çıxış edən Baş nazirin müavini, YAP-ın İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin Azərbaycan Uşaqlarının IV Ümumrespublika Uşaq Forumunun iştirakçılarına təbrik məktubunu oxuyub. Daha sonra qeyd edib ki, Azərbaycan cəmiyyətində uşaq ən ali dəyərdir: “Ailə fəlsəfəmizdə uşaq ailənin xoşbəxtliyinin, firavanlığının və özünə inamın simvoludur. Hər bir vətəndaş sağlam uşaq böyütməyi özünün ali vəzifəsi hesab edir. Bu fəlsəfə və dəyərlər dövlət uşaq siyasətinin təməlini təşkil edir və bu istiqamətdə görəcəyimiz işləri müəyyənləşdirir. Bu səbəbdəndir ki, Azərbaycan cəmiyyətinin demoqrafik strukturunda uşaqlar kifayət qədər yüksək çəkiyə malikdir”.
Daha sonra çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova bildirib ki, bu gün həm də çox gözəl və tarixi bir gündür: " 61 ildir ki, 20 noyabr Ümumdünya Uşaqlar Günü bütün ölkələrdə bayram kimi qeyd olunur. Uşaqların sağlam və xoşbəxt böyüməsi hər zaman olduğu kimi, bu gün də aktualdır. Lakin müasir dövrdə, xüsusilə də hərbi münaqişələr, kataklizmlər, terrorizm və zorakı ekstremizmin fonunda bu məsələ özünü daha qabarıq şəkildə göstərir. 8 il bundan əvvəl ilk Uşaq Forumu keçiriləndə, sizin kimi gənc oğlan və qızlar sülhə, əmin-amanlığa, ədalətə nail olmaq üçün öz gücünü, inamını nümayiş etdirərək, arzularını dilə gətirdi, dünyaya çağırış etdilər və onların bir çox ideya və arzuları həyata keçirilib. Bu gün isə biz artıq IV Forumu keçiririk. Bu nəyin göstəricisidir? Əlbəttə ki, sizin cəmiyyətimizdə gedən proseslərə aktiv münasibətinizdir. Məsələlərə kreativ, müasir yanaşmağınızdır"
Forumun davamında söz Milli Məclis sədrinin müavini Bahar Muradova, UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xana, Türkiyənin Ailə və Sosial Siyasət naziri müavini Mehmet Karabayə və Bolqarıstanın Uşaqların müdafiəsi üzrə Dövlət Agentliyinin sədr müavini Valentin Dimitrova verildi.
İki hissədən ibarət olan forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyəti ilə fərqlənən, liderlik keyfiyyətlərinə məxsus 6-18 yaş arası 380 uşaq iştirak edib. Daha sonra 7 qrupdan ibarət müxtəlif mövzularda müzakirələr təşkil edilib.
Qeyd edək ki, Azərbaycan Uşaqlarının I Ümumrespublika Forumu 2009-cu ildə, II Forumu 2011-ci ildə, III Forumu isə 2014-cü ildə keçirilib. Forumun məqsədi uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdir.

Müəllif: Mətanət İmanquliyeva

Mövzuya dair fotomateirallar:




Ana səhifəyə qayıt        Baxış: 1 507          Tarix: 20-11-2017, 18:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma