Xəbər lenti

Özbəkistanda nüfuzlu azərbaycanlı biznesmen, “qızıl kralı” kimi tanınan və Milli Təhlükəsizlik Xidmətinin generallarının sifarişi ilə həbs edilib bu yaxınlarda azadlığa çıxan Əhməd Əliyev sensasion bəyanatlar verib. Virtualaz.org özbək mənbələrinə istinadən xəbər verir ki, o, Milli Təhlükəsizlik Xidmətinin bəzi generallarının dövlət çevrilişi planından xəbər tutduğu üçün həbs edildiyini bildirib.

Plana əsasən qəsdçilər Özbəkistanın prezidentini devirməli, baş naziri (indiki prezident Şövkət Mirziyoyev) isə öldürməli idi.

Bir vaxtlar Özbəkistanın ən nüfuzlu və imkanlı biznesmenlərindən olan, “Əliyev Zarqari” (“Əliyev Zərgərlik” ) şirkətinin rəhbəri və Daşkənddəki nəhəng “Gold Center” ticarət mərkəzinin sahibi olmuş Əhməd Əliyev oktyabrın 21-də Özbəkistan paytaxtındakı “Le Grane Plaza” otelində jurnalistlərin qarşısına çıxıb.

O, 2012-ci ildə Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib və 24 maddə ilə ittiham olunaraq üst-üstə 20 il həbs cəzası alıb. Əliyev Qaraqalpaq vilayətində yerləşən və qeyri-insani saxlanma şəraiti, işgəncələri ilə ad çıxaran “Jaslık” həbsxanasında 7 il yarım həbsdə olub. Özbəkistanda İslam Kərimovun vəfatından və baş nazir Şövkət Mirziyoyevin hakimiyyətə gəlişindən sonra Milli Təhlükəsizlik Xidmətinin xüsusi qəddarlığı ilə ad çıxarmış rəhbəri İnayət Rüstəmov vəzifədən azad edilib, bu sistemin bir sıra generalları-“paqonlu qulyəbanilər” həbs edilib. Nəticədə Əhməd Əliyevin işinə yenidən baxılması üçün şans yaranıb və məhkəmə onun barəsində irəli sürülmüş ittihamların böyük əksəriyyətini əsassız sayaraq biznesmeni azadlığa buraxıb.

“Məni həbsxanaya iki səbəblə salmışdılar-iqtisadi və siyasi. Mən hesab edirəm ki, iqtisadi səbəb “Gold Center” ticarət mərkəzini əlimdən almaq arzusu idi. Əsas, birinci səbəb isə siyasi qisas olub. Çünki 2011-2012-ci illərdə Özbəkistanda dövlət çevrilişi hazırlanırdı. Bu çevriliş baş tutsaydı o zamanlı prezident İslam Əbduqəniyeviç Kərimov vəzifədən kənarlaşdırılacaqdı. Həmin dövlət çevrilişi çərçivəsində o zaman baş nazir postunu tutan Şövkət Mirziyoyev fiziki olaraq aradan götürüləcəkdi. Məni həbsxanaya ancaq ona görə salmışdılar ki, bu plan haqda bilirdim”,-53 yaşlı azərbaycanlı biznesmen bildirib.

Əhməd Əliyev deyib ki, indiki prezidentin fiziki aradan götürülməsi planının arxasında şəxsən Milli Təhlükəsizlik Xidmətinin sədrinin keçmiş birinci müavini, general Şuxrat Qulyamov dayanırdı. O, generalı “xalqın düşməni” adlandırıb. Şuxrat Qulyamov Mirziyoyev hakimiyyətə gələndən sonra həbs olunub və 2017-ci ildə hərbi məhkəmə onu ömürlük həbsə məhkum edib. Hazırda o, həmin “Jaslık” həbsxanasında cəza çəkir.

Əhməd Əliyev deyib ki,  əvvəlcə xüsusi xidmət generalları onun çiçəklənən qızıl biznesini ələ keçirmək üçün qəsd planı qurmuşdular. Biznesmen özbək “Kapital Bank”ından Daşkəndin mərkəzindəki “Gold Center” ticarət mərkəzinin tikintisi üçün yüksək faizli kredit götürüb. Həmin bankın rəhbərliyi isə Milli Təhlükəsizlik Xidmətinin generalları ilə əlbir imiş. Daha sonra bank kreditin vaxtının bitməsini gözləmədən Əliyevdən borcunu dərhal ödəməyi tələb edir, biznesmen başqa banklardan kredit götürməyə çalışsa da bütün qapılar onun üzünə bağlanır. Nəhayət bank reyder metodu ilə “Gold Center”i ələ keçirir. Hansı ki, ticarət mərkəzinin bazar dəyəri biznesmenin banka olan borcundan az qala 8-10 dəfə artıq idi.

 

Daha sonra Əliyevin özünü, arvadını və ticarət mərkəzinin 20-yə yaxın işçisini həbs ediblər. Əliyevə silahlı qruplaşma yaratmaqdan zorlama cəhdinə qədər ən müxtəlif maddələrlə ittihamlar irəli sürülüb.

Əhməd Əliyev deyir ki, bankın rəhbərliyi adından onunla danışıqlara gələn adam “Gold Center”dən əl çəkməyi ona məsləhət görüb. Deyib ki, mərkəzin direktoru kimi işləyib ayda 5 min dollar maaş ala və gəlirin 1 faizini götürə bilər, amma obyekti təhvil verməlidir. Əks halda həbs olunacaq.

Belə də olub və biznesmeni həbs edib MTX-in təcridxanasına salıblar. Ona amansız işgəncələr verilib, arvadı da həbs olunub. Generallar onun obyektini ələ keçiriblər və işçilərinə də divan tutublar.

Əhməd Əliyev Şövkət Mirziyoyevin hakimiyyətə gəlişindən sonra onun və digər günahsız həbs edilmiş insanların azadlığa çıxmaq şansının yarandığını deyir.

“Mən Şövkət Mirziyoyevə həyatımı xilas etdiyinə görə minnətdaram. O, sözün əsl mənasında mənim və adamlarımın həyatını xilas etdi”,-Əliyev deyib.

Biznesmen həbsdə olduğu müddətdə Azərbaycanın Daşkənddəki səfirinin, Azərbaycan XİN-in də ona daim dəstək göstərdiyini, Özbəkistan tərəfinə bir neçə dəfə nota verildiyini deyib. Bildirib ki, həbsdə olanda səfir onun ailəsinə dəstək olub.

“Mən habelə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etmək istəyirəm”,-deyə o bildirib.

Əhməd Əliyev deyib ki, bütün biznesi əlindən çıxıb, müflis durumdadır və oğlunun köməyi ilə ailəsini dolandırır. Ancaq o, yenidən biznesə başlayacağını, düşmənlərindən qisasını qazandığı uğurlarla alacağını deyib. Ə.Əliyevin mətbuat konfransının videoyazısını təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 453          Tarix: 23-10-2019, 12:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma