Xəbər lenti

 

Cümhuriyyətimizin 100 illiyinə ...

Bu gün Azərbaycanın Türk mühacir aydınlarının (M.Ə.Rəsulzadə, Ə.Tobçubaşı, M.B.Məmmədzadə, H.Baykara, N.Şeyxzamanlı, A.İldırım, K.Odər və b.) hər birinin həyat və əsərlərini, mədəni-fəlsəfi irsini öyrənməyə daha çox ehtiyac var. Çünki onlar vaxtilə Sovet Rusiyasının müstəmləkəsi altında olan bir toplumun milli ruhunun və dünyagörüşünün  yox olmaması üçün böyük ölçüdə mücadilə vermişlər. Özəlliklə, yeni dövrdə Azərbaycanın müstəqillik tarixinin fəlsəfəsini yazanların əməyi bu sahədə çox əhəmiyyətlidir. Əgər bir toplumun milli tarix, milli ədəbiyyat və milli fəlsəfə anlayışı yoxdursa, onun milli varlığı da təhlükə altındadır. Bu anlamda mühacir aydınlarımızın böyük bir qismi Azərbaycan Türk ədəbiyyatı, Azərbaycan Türk tarixi, Azərbaycan Türk fəlsəfəsi və mədəniyyəti formalaşdırmaq, daha doğrusu işğalçıların məhv etmək istədiyi bu dəyərləri qorumaq üçün vətəndən kənarda yaşamağa məcbur olduqları ölkələrdə milli-mədəni savaş aparmışlar.

Fikrimizcə, bu sahədə mücadilə və mübarizə aparanlar arasında mühacir Azərbaycan Türk aydınlarından Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Hüseyn Baykara, Əbdülvahab Yurdsevər, Əhməd Qaraca, Əhməd Cəfəroğlu, Ceyhun Hacıbəyli çox fərqlənmişlər. Özəlliklə, adlarını öndə çəkdiyimiz üç aydınımız - M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə və H.Baykara Azərbaycan milli fəlsəfi-tarixi fikrin formalaşmasında mühüm rol oynamışlar. Bu da təsadüfi deyildir. Çünki həmin aydınılarımız yaradıcılıqlarında Azərbaycanın ədəbiyyatını, tarixini, mədəniyyətini və fəlsəfi irsini daha çox tədqiq eyməklə yanaşı, onun fəlsəfi mahiyyətini də göstərməyə çalışmışlar.

Məsələn, M.Ə.Rəsulzadə mühacirət dövründə yazdığı, “Azərbaycan Cümhuriyyəti”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdağ Azərbaycan tarixi”, “Qafqaz türkləri”, “Milli təsanüd”, “Milli əxlaq”, “İstiqlal və gənclik məfkurəsi”, “Azərbaycan şairi Nizami” və başqa əsərləri ilə çağdaş Azərbaycan mədəniyyətinin və fəlsəfəsinin formalaşmasında əsas rol oynamışdır. Bizcə, Rəsulzadə bu əsərləri ilə yalnız dövrünün mədəniyyət və fəlsəfi məsələlərində parlaq bir sima olmamış, həm də bu günümüzün və gələcəyimizin konturlarını da cızımışdır. Rəsulzadənin bu sahədə başldığı işlərin mühacirətdə ən layiqli davamçıları isə M.B.Məmmədzadə, H.Baykara, müəyyən qədər isə Əhməd Cəfəroğlu və Ə.Ağaoğlu olmuşdur.

Mühacir Azərbaycan Türk aydınları M.Ə.Rəsulzadə və M.B.Məmmədzadədən sonra, ictimai-siyasi və mədəni-fəlsəfi irsində Azərbaycanın istiqlal davası tarixinə və mədəniyyətinə mühüm yer ayıran mühacir ziyalımız Hüseyn Baykara (1904-1984) olmuşdur. 1927-ci ildən Türkiyədə mühacirət həyatı yaşamağa məcbur olan H.Baykaranın «Azəri-Türk», «Odlu Yurd» və b. qəzet-jurnallarda Azəbaycan xalqının mədəniyyəti, ədəbiyyati və onun ziyalıları ilə bağlı elmi-publisistik məqalələri dərc edilmişdir. Mədəni-fəlsəfi irsinin əsasını Azərbaycan ideyası təşkil edən H.Baykaranın «Azərbaycan renessanısını yapanlardan Abbasqulu Ağa Bakıxanov», «Dədə Qorqud kitabı üzərinə notlar», «Azərbaycan istiqlal mücadiləsinin iqtisadi təməli», «Azərbaycan Cümhuriyyətinin iki hərbi zəfəri» və s. məqalələri diqqəti cəlb edir.

Azərbaycanın milil azadlıq hərəkatına xüsusi yer verən H.Baykara yazır ki, ona aid «Azərbaycan mədəniyyəti tarixi» ilə «Azərbaycan istiqlal mübarizəsi tarixi» kitabları Azərbaycanın azadlıq mübarizəsinin əlifbasıdır. Sonuncu kitabında Azərbaycanın istiqlal savaşı tarixi ilə yanaşı, H.Baykara milli azadlıq hərəkatının siyasi-ideoloji, siyasi-fəlsəfi mahiyyətini də göstərməyə çalışmışdır.  M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə və b. kimi H.Baykara da əmindir ki, Azərbaycan milli azadlıq hərəkatının ilk rüşeymləri XIX əsrin ilk «millətçiləri», yəni A.A.Bakıxanov, M.F.Axundzadə, H.Zərdabi və başqaları tərəfindən ortaya atılmışdır. H.Baykara yazır: «M.Fətəlinin yazılarında «azadlıq» sözünün məqsədi Azərbaycanın azadlığı və hürriyyətidir. Mirzə Fətəli və H.Zərdabinin o dövrdəki yazılarında, mübarizələrində Azərbaycan üçün istədikləri bunlardır: Azad siyasi bir həyat, xalq demokratiyası,  məhsul vasitələrinin inkişaf etdirilməsi, təbii sərvətlərdən xalqın rifahı üçün geniş surətdə fayda təmin edilməsi… Bütün bu nemətlərin xalq üçün əldə edilməsi tezisinin başında, onların ən öndə gələn ideoloji arzuları «feodal monarxiya» rejimini zorla devirmək istəyi vardır. Bu iş yerinə yetirilmədən o biri işlərin həyata keçməycəyini daha çox Mirzə Fətəli başa düşmüş və anlamışdır». Azərbaycan xalqının milli şürundakı inkişafı göstərmək məqsədi ilə o qeyd edir ki, Azərbaycan ziyalıları XIX əsrin birinci yarısında daha çox fars dilində əsərlər yazdığı halda, həmin əsrin ikinci yarısında vətənpərəvərlik duyğularının və millətçiliyin qüvvətlənməsi nəticəsində elmi-ədəbi əsərlərini, artıq Azərbaycan türk dilində qələmə almışlar.

A.A.Bakıxanov, M.F.Axundzadə, H.Zərdabinin yaradıcılığını Azərbaycan xalqı üçün bir fikir rəhbəri, ideya xəzinəsi  hesab edən H.Baykaraya görə, «millət» anlamını ilk dəfə M.F.Axundzadə işlətmiş, H.Zərdabi «Əkinçi»də davam etdirmişdir. Azərbaycanda ilk millətçilik ruhunu isə Ünsüzadə qardaşlarının nəşr etdirdiyi «Kəşkül» və «Ziya» qəzetlərində dərc olunan məqalələrdə görürük. H.Baykara qeyd edir ki, 1880-ci ildə nəşr olunmağa başlayan «Kəşkül» qəzeti bu ənənəyə sadiq qalaraq «türk milləti» sözünü işlətmişdir. Ünsüzadə qardaşları tərəfindən nəşr olunan «Ziya» adlı qəzetdə isə «millət», «istibdad», «haqq» sözlərinə tez-tez rast gəlmək olurmuş. Ancaq 1890-cı illərdə çar Rusiyası Azərbaycan türklərinin türk dilində qəzet nəşrinə qadağa qoyur və bu istəkdə bulunanlara, yəni N.Nərimanov, M.Şahtaxtlı, M.T.Sidqi və başqalarına rədd cavabı verir. H.Baykara yazır: «Belə bir ağır zamanda, azəri türk cəmiyyəti bir millət olaraq meydana çıxma şüuruna çatmışdır. Çünki miladdan öncə min illərə varan dövrdən bəri ata və babalarının yaşadıqları bir torpaq parçası – «Vətən» vardı, bu torpaqda yaşayan və zamanın axarı ilə inkişaf edən bir Azəri türk cəmiyyəti vardı. Üçüncü ünsür, bu cəmiyyətin haqqını, iradəsini, varlığını, malını, canını qoruyan, kültür və mədəniyyətini yaradan ziyalı liderləri idi. Onların rəhbərliyi altında tarixin səhnəsinə çıxmaq və üzərlərinqə düşən «millət» rolunu oynamaq lazım gələcəkdi. Beləliklə, sözdə deyil, işdə azadlıq uğrunda mübarizə aparmaq lazım gəlirdi». Ümumilikdə, onun fikrincə, XX əsrin əvvəllərində etnik birliyə malik Azərbaycan xalqı, coğrafi sərhədlərə malik Azərbaycan ölkəsi və xalqda müstəqilliyə, azadlığa qovuşmaq şüuru olduğu halda, yalnız siyasi hakimiyyət və azadlıq yox idi.

H.Baykara qeyd edir ki, XX əsrə bu şəkildə, ancaq yetişmiş bir xalq olaraq daxil olan Azərbaycan və onun qabaqcıl və milli ziyalıları (C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ə.Topçubaşov, Ə.Ağaoğlu, Ə.Hüseynzadə və b.), vətən qarşısında milli, demokratik istiqamətdə borcunu yerinə yetirmək üçün əlverişli şərait gözləyirdilər. H.Baykaraya görə, Azərbaycan panislamistləri Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov və b. mətbuatda dərc olunan yazılarında xalqı oyanışa, birləşməyə, 1905-ci il inqilabının verdiyi haqq və azadlıqlardan istifadə etməyə çağırırdı: «Dünən kimi uşaqları üçün anna dilində məktəb açmaq imkanı olmayan, qəzet nəşr etdirə bilməyən, seçki hüququ məhdulaşdırılan və daha bir sıra haqları əlindən alınan bir xalqın birdən-birə nailiyyətlər əldə etməsi çar hökuməti üçün gözlənilməz bir sürpriz oldu». Onun fikrincə, bu dövrdə islamçılıq yolunu tutmuş Əhməd bəy Ağaoğlu geniş və dərin, teoretik şəkildə «islam millətçiliyi»ni, türkçülük yolunu tuttmuş Əli bəy Hüseynzadə osmançılığı təbliğ etdiyi zaman, Əlimərdan Topçubaşov «Rüsiya müsəlmanlarının birliyi» şüuraı altında, daha çox Azərbaycan xalqı üçün çalışmışdır. O qeyd edir ki, Ə.Topçubaşovun rəhbəri olduğu «Rüsiya Müsəlmanları İttifaqı» partiyası əsarətdə yaşayan türklərin liberal-demokratik burjua hərəkatıdır.

Onun fikrinə görə, ümumilikdə, XX əsrin əvvəllərində Azərbaycan ziyalıları, ilk növbədə ruslaşdırma siyasətinə, türk torpaqlarına rus kəndlilərin göçürülməsinə qarşı mübarizə aparmış və türk dilinin məktəblərdə keçirilməsinə çalışmışlar. O qeyd edir ki, bu dövrdə ziyalıların böyük əksəriyyəti (C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Səhhət, F.B.Köçərli və b.) Azərbaycan türkcəsinin ədəbi və yazı dili olmasının tərəfdarı kimi çıxış edirdi. H.Baykara yazır: «Bu zaman ideologiya baxımından «avropalaşmaq, islamlaşmaq və türkləşmək» fikirləri ətrafında mübahisələr gedirdi. Bütün bu mübahisələrin ətrafında azəri xalqının milli azadlıq hərəkatı dururdu. Azərbaycan azadlıq hərəkatını azəri xalqının tərəqqipərvər və vətənsevər ruhundan gələn demokratik adət-ənənələrə bağlamaq istəyən ziyalılar çoxluq təşkil edirdilər».

M.B.Məmmədzadə kimi H.Baykara da hesab edir ki, Qafqaz müsəlmanlarını «ümmətçilik»dən «millətçiliy»ə yönəldən, onları «türkçülük-millətçilik», «Azərbaycan» ideyası ətrafında birləşdirən və «Açıq söz» qəzetində bunu təbliğ edən «Müsavat»ın lideri M.Ə.Rəsulzadə olmuşdur. Baykara qeyd edir ki, ilk dövrlərdə sosial-demokratlarla eyni cəbhədə çalışmış M.Ə.Rəsulzadə 1911-1913-cü illərdə C.Əfqaninin yazılarının təsiri altında türkçülük hərəkatına qoşulmuş və Azərbaycanda bu ideyanın əsas ideoloqu olmuşdur: «M.Ə.Rəsulzadənin Azərbaycan istiqlalının elanında və Azərbaycan dövlətinin yaradılmasında xidmətləri əvəzsizdir».

H.Baykara yazır ki, «Müsavat» və Bitərəf demokratik qrup öncə milli ərazi və milli muxtariyyət tərəfdarı olsalar da, 1-ci və 2-ci Rus inqilablarının gedişi, Qfaqaz hadisələri onları özlərinin öncədən «uzaq məqsəd» olaraq planlaşdırdıqları Azərbaycan istiqlalı yoluna sürkləmişdi: «Azərbaycan istiqlal mübarizəsi tarixində «Azərbaycan istiqlalına» nə rast gəlinmiş, nə dəbaş verən siyasi hadisə olmuşdur. Azərbaycan xalqının ruhundan doğan bu istiqlal hadisəsi tarixin axarı içində öz yerini tapmışdır».

H.Baykaraya görə, siyasi türkçülərlə yanaşı, Azərbaycanın milli azadlıq hərəkatında romantizim (H.Cavid, M.Hadi, A.Səhhət, A.Şaiq və b.) və realist (C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Ə.Sabir, F.B.Köçərli və b.) ədəbi məktəbin nümayəndələri də mühüm rol oynamışlar: «Azərbaycan türklərinin milli azadlıq, mütərəqqi mədəniyyət mücadiləsində bu romantik ədib və şairlər xalqın arzularını, ideyalarını və bu ideyaları gnrçəkləşdirmək, həyata keçirmək üçün səy edən, hətta həyatlarını qurban verən millət qəhrəmanlarını bədii əsərlərində dilə gətirib, xalqı ruhlandıraraq onlara milli azadlıq mübarizələrini həyata keçirmək üçün rəhbərlik etmişdilər. Azərbaycanda romantizi cərəyanı ilə yanaşı çox qüvvəli, realist və Azərbaycan xalqının coğrafi çevrəsindən xarici aləmə köçmək həvəsi göstərmədən, öz kökü üzərində tarixi keçmişi və ənənələrilə qaynaşaraq öz milli azadlıq və mütərəqqi mədəniyyət məsələlərini həll etməkdə böyük səy göstərən, düha dərəcəsində enerji və qabiliyyətə sahib ədbi, şair və yazarların təmsil etdikləri realist ədəbi məktəbi vardı».

Dos., Dr. Faiq Qəzənfəroğlu (Ələkbərli)

 




Ana səhifəyə qayıt        Baxış: 1 189          Tarix: 16-12-2017, 14:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma