Xəbər lenti

 

Prezident qanunverici və icraedici orqanlarda kardinal struktur və kadr dəyişikliklərinə başladı. İlin əvvəlindən mərhələli şəkildə aparılan islahatlar artıq yeni mərhələdə davam edir. Birmənalı iddia etmək olar ki, Azərbaycanın iqtisadi və siyasi dizaynı tamamilə yenilənir. Ölkə başçısının dünənki sərəncamları köklü islahatlar və “daha çox demokratiya” strategiyasının işə düşdüyünün xəbərçisidir.  

Prezident Əliyev icra strukturunu ilə yanaşı, qanunverici orqanı da transformasiya edir.  Hətta kənar müşahidəçinin gördüyü budur ki, Prezidentin həyata keçirdiyi siyasi xətt yalnız siyasi texnologiya elementləri deyil, ənənəvi və köhnəlmiş idarəetmənin tamamilə yeni metodologiya ilə əvəz edilməsidir. Ölkə başçısı böyük açılıma gedir və ölkənin yeni iqtisadi-siyasi inkişafı istiqamətindəki prioritetləri müəyyənləşdirir.

Bu baxımdan, Prezident Əliyevin son günlər verdiyi sərəncamlar xüsusilə böyük önəm kəsb edir.

Beləliklə, ölkə başçısı İlham Əliyev Prezident Administrasiyasının işinin təkmilləşdirilməsi istiqamətində real addım atdı. Bu strukturun tərkibinin yenidən formalaşdırılması yeni idarəetmə modelinə keçidin əsası da adlandırıla bilər. Belə ki, ölkə başçısının sərəncamları ilə prezidentinin yeni köməkçiləri təyin edildi, onların sayı 9-a qaldırıldı və bu postlara təyin edilənlər sırasında tamamilə yeni, gənc simalar da var. Eyni zamanda, Prezident Administrasiyasının şöbə müdirləri təyin olundu, bəzi şöbələr, məsələn, ictimai-siyasi məsələlər üzrə köməkçi-şöbə müdiri postu ləğv edildi. Bütün bunlar icra hakimiyyətinin işinin yenidən, daha sanballı şəkildə qurulmasına səbəb olacaq addımlar kimi dəyərləndirilir.

Burada mühüm məqamlardan biri də vaxt seçimi məsələsidir. Belə ki, hakim Yeni Azərbaycan Partiyasından olan deputatların Milli Məclisin buraxılması ilə bağlı məlum müraciətindən sonra cəmiyyətdə müzakirələr başlamışdı. Belə bir vaxtda Prezident Administrasiyasının strukturunun yeni siyahısının açıqlanması, bəzi şöbələrin ləğv edilməsi və faktiki olaraq dövlətin vətəndaş cəmiyyəti və media institutuna nəzarət edən funksiyadan imtina etməsi mətbuat və düşüncə azadlığı baxımından olduqca ciddi addım hesab edilə bilər. Sosial şəbəkələrdə və ictimai rəydə bu addım “yeni media dövrü” kimi səciyyələndirildi.

Bir sözlə, Prezident İlham Əliyevin son qərarları ölkədə vətəndaş birliyi üçün yeni mühit formalaşdırır.

Prezident Əliyev qətiyyətli addımlar atdı. Bu prosesdə ölkə rəhbəri nə hakim komandaya, nə beynəlxalq təşkilatlara arxalanır. Onun üçün başlıca amil sadə vətəndaşlarla birbaşa təmasdır. Prezident tamamilə fərqli yanaşmaya üstünlük verir. Bu yanaşmanın nəticəsi olaraq, “inqilab”, “çaxnaşma” kimi əlavə “qorxu vasitələri” ilə təzyiq etmək istəyənlərin də arqumentlərinə öldürücü zərbə vurulur.

Prezident İlham Əliyev növbəti dəfə nümayiş etdirdi ki, ciddi dəyişiklik tərəfdarıdır. O, problemləri həll edir, lakin yeni yanaşma ilə çalışır. Burada bir incə məqam da var. Prezident praqmatik və mütərəqqi siyasətçi olmaqla yanaşı, kardinal dəyişikliklər edəcək qədər qətiyyətlidir. Son addımlar da göstərdi ki, Prezident iqtisadi islahatlar və demokratik transformasiya tərəfdarıdır. Əslində, beynəlxalq münasibətlər üzrə ciddi mütəxəssis olan Prezident İlham Əliyev bəzi məmurların daha çox müdafiə etdiyi “imitasiya edilən demokratiya” modelinin yarıtmaz olduğunu nümayiş etdirərək, ciddi islahatlara getdi. Ölkə rəhbəri gələcək mümkün kataklizmləri də önləmiş oldu. Ölkə başçısı sosial-iqtisadi göstəricilərin inkişaf və tənəzzül tempini nəzərə alaraq, gələcək seçkilərdə spontan etiraz səsvermələrin qarşısını demokratik yolla almaq üçün seçki  qanunvericiliyinin liberallaşmasını da təmin etdi.

Prezident İlham Əliyevin son addımlarını yenilikçi siyasət kimi də xarakterizə etmək mümkündür. Cəmiyyətin müsbət gözləntiləri özünü doğruldur.

Onu da qeyd edək ki, Prezidentin liberal niyyətləri fonunda dövlət müstəqil medianı öz nəzarətində saxlaya bilməzdi. Bu baxımdan, dövlətin müstəqil mətbuata nəzarətdən (məhz nəzarətdən, yardımdan deyil) imtina etməsini çox gözəl başlanğıc adlandırmaq olar.

Dövlət başçısının hətta tənqidçiləri də belə hesab edirlər ki, İlham Əliyevin son addımları müstəqilliyin qorunması və siyasi, iqtisadi, sosial islahatlara yönəlmiş siyasətdir.

Bütün bu gedişlər iqtidarın nüfuzunu qaldırır. Mötədil seçicilər istənilən seçkidə Prezidenti dəstəkləyəcəklər.

Burada xatırlatmaq yerinə düşərdi ki, BDU-nun 100 illiyi ilə bağlı keçirilən tədbirdə Prezident Əliyev ideoloji işdən narazı qaldığını bildirmişdi. Əslində, ölkə liderinin bu tezisi ölkədə azad medianın yenidən qurulması çağırışı idi. Öncəki çıxışlarında da Prezident Əliyev az qala açıq mətnlə bildirirdi ki, yeni dövrdə belə siyasət işləmir və işləyə də bilməz.  

Beləliklə, ölkə başçısı cəmiyyətə və müstəqil mətbuata əlini uzatdı. Məsələ bundadır ki, media cəmiyyətin, iqtisadiyyatın mühüm tərkib hissəsidir və bu sahədə də köklü şəkildə islahatlar aparılmalıdır. Müstəqil medianın inkişafına dəstək cəmiyyətdə azad və ədalətli münasibətlərin formalaşdırılmasına səbəb ola bilər. Prezident dəfələrlə vurğulamışdı ki, media bəzi məmurların şəxsi çəkişmə müstəvisinə çevrilib və bu intriqalardan əl çəkilməlidir. Bu problemin həlli yolu üçün müxtəlif kombinasiyalar qurmaq mümkün idi. Lakin ölkə başçısı daha sınanmış metoddan istifadə etdi və medianın tənqid sərhədlərini genişləndirmək üçün stimullaşdırmanı seçdi. Çünki media islahatlara yardım edən başlıca institutlardan biridir.

Prezident Əliyev BDU-nun 100 illiyi ilə bağlı tarixi çıxışında bəzi xarici qüvvələrin islahat kursuna mane olmaq istədiyini də bildirdi. “Rəngli inqilablar”ın dağıntılar gətirdiyini vurğulayan ölkə başçısı özü qurucu, mütərəqqi inqilabi dəyişikliklərin müəllifi oldu.

İndi qarşıda daha bir mərhələ durur. Dəyişikliklərdən sonra yerdə qalan problemləri həll etmək və daha geniş, irimiqyaslı islahatlar... Daha böyük islahatlar isə yeni komanda ilə həyata keçirilə bilərdi və ölkə rəhbəri komandasını əsaslı dərəcədə yenilədi.




Ana səhifəyə qayıt        Baxış: 1 233          Tarix: 30-11-2019, 15:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma