Xəbər lenti

 

Ölkəmizdə 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə namizədliyini vermiş bəzi şəxslər eyni zamanda 2020-ci ilin 9 fevralında baş tutacaq növbədənkənar parlament seçkilərinə də qatılmaq istədiklərini bildirirlər. Bəs görəsən, bir şəxsin hər iki seçkiyə namizəd olması qanunvericiliklə necə tənzimlənir?

Mövzu ilə bağlı Axar.az-a danışan Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov bunun üçün heç bir məhdudiyyət olmadığını bildirib.

“Bir şəxsin həm bələdiyyə, həm də parlament seçkilərində namizəd olması heç bir ziddiyyət təşkil etmir. Artıq bələdiyyə seçkilərinin keçirilməsinə sayılı günlər qalır. Bu seçkilərin nəticəsindən asılı olmayaraq, vətəndaşın hər iki seçkidə iştirak etmək hüququ var”.

Hüquqşünas Səməd Vəkilov isə bildirib ki, vətəndaşın həm bələdiyyə, həm də parlament seçkilərində iştirak hüququ olsa da, eyni anda deputat və bələdiyyə sədri ola bilməz:

“23 dekabr seçkilərində bələdiyyə üzvləri seçiləcək. Bələdiyyənin sədri sonrakı idarə heyətinin iclasında seçilir. Konstitusiyada parlament seçkisinə qatılmaqla bağlı müəyyən məhdudiyyətlər var. Parlamentin deputatı bələdiyyə üzvü ola bilər. Amma millət vəkili olan vətəndaş eyni zamanda bələdiyyə sədri ola bilməz. Düzdür, qanunda bununla bağlı bir məhdudiyyət yoxdur. Amma iş bölgüsünə görə bələdiyyə sədri daim iş yerində olmalı, bələdiyyədə işləyən daimi komissiyaların işinə nəzarət etməli, büdcəni təsdiqləməlidir. Parlamentdə deputat olan şəxs isə hər gün işə getmir, plenar iclaslara və komitə iclaslarına qatılır. Buna görə də millət vəkili bələdiyyə sədri seçilə bilməsə də, bələdiyyə üzvü olmasında hər hansı bir problem yoxdur. Ümumiyyətlə, bu vaxta qədər bir şəxsin həm bələdiyyə sədri, həm də millət vəkili olması təcrübəsi yoxdur”.




Ana səhifəyə qayıt        Baxış: 541          Tarix: 18-12-2019, 12:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma