Xəbər lenti


Mehmet Ali Güller
“Cumhuriyet”Türkiyə, 06 aprel 2020-ci il
 
2 aprel 2020-ci il tarixdə NATO Baş Katibi Yens Stoltenberq NATO dövlətlərinin Xarici İşlər nazirləri ilə videogörüntülü konfransındakı açıqlamasında “Ukrayna və Gürcüstanla əməkdaşlığı daha da dərinləşdirmək qərarı almışıq” demişdi.
Stoltenberq hətta bu iki ölkəyə ediləcək yardım paketi barədə də açıqlama vermişdi: “Təlimlər barədə hazırlıqlar görmək, təlim və tədris proqramı üzərində daha çox işləmək və bölgənin hava məkanında nələrin  baş verdiyini öyrənmək üçün  müəyyən radar vasitələri quraşdırılmalıdır”.
NATO Baş Katibinin açıqladığı bu yardım paketi, əslində, ABŞ-ın yaxın zamanda Rusiyanı nəzarət etdiyi bu bölgələrdən çıxarmaq planlarından xəbər verir.
 Ərdoğanın NATO-nu dəvət etməsi
2008-ci ilin Gürcüstan məğlubiyyətindən sonra ABŞ Şərqi Qara dəniz hədəfini qısa müddətə ertələmiş olsa da, bölgədə baş verən nizamsızlıqlardan faydalanmaq üçün pusquda durmuşdu.
Bölgədə baş verən həmin nizamsızlıqlardan biri Rusiya təyyarəsinin vurulması ilə böhrana uğrayan Moskva-Ankara münasibətləri oldu.
11 may 2016-cı ildə Ərdoğan bölgədə Rusiyanın nüfuzunu sıxışdırmaq məqsədiylə ABŞ-a bölgədə öz siyasətini yürüdə bilməsi üçün bir qapı açdı və NATO-nu Qara dənizə dəvət etdi: “Görüşdüyümüz zaman Stoltenberqin özünə də bildirdim və dedim ki, Qara dənizdə artıq görünmürsünüz.  Sizin görünməməyiniz Qara dənizi, sanki, Rusiyanın daxili dənizinə çevirir.”
Ərdoğanın bu açıq dəvətini fürsətə çevirən ABŞ 8-9 iyul 2016-cı ildə Varşavada keçirilən zirvə toplantısında NATO-nun Qara dənizdəki varlığını gücləndirmək qərarı qəbul etdi. Ardınca hazırlanan “NATO – Gələcək üçün hazır” adlı sənədlə NATO-nun Qara dənizdə varlığını daha da möhkəmləndirəcəyini bəyan etdi.
Beləliklə, NATO 2019-cu ilin aprel ayında Qara dənizi  “mübarizə məkanı” təyin etdi.
AKP-nın “Kanal İstanbul” israrı
Qəribədir ki, Ərdoğanın “Kanal İstanbul” layihəsi də bu müddət ərzində yenidən gündəmə gəldi.
“Kanal İstanbul”un Montrö sazişini kölgəyə salma riskini və bu riskin bir çox mübahisə və ziddiyyətlərlə qarşılaşacağını, “Kanal İstanbul”un, əslində, Qara dənizə NATO yolu olacağını dəfələrlə bəyan etmişdik. ABŞ-ın Qara dənizə heç bir sərhəd olmadan girə bilmək üçün Montrö sazişini parçalamağa çalışdığını bir neçə dəfə bildirmişdik. ABŞ-ın Qara dənizi – qərbində Bolqaristan və Ruminyanı, şərqində Gürcüstanı və şimalında Ukraynanı NATO-ya üzv edərək, blokadaya almaq niyyətini də diqqətə çatdırdıq.
Ancaq iqtidar hələ də ABŞ-a Qara dənizdən yol açacaq “Kanal İstanbul” layihəsini həyata keçirməkdə israrlıdır. Belə ki, hal-hazırda mövcud olan koronavirus infeksiyası günlərində – 26 mart 2020-ci il tarixdə “Kanal İstanbul”un ilk tenderi keçirilib. Əslində, bu tenderin keçirilməsini 28 martda Nəqliyyat nazirinin vəzifədən uzaqlaşdırılmasına bağlayanlar da var, ancaq Ərdoğanın tenderdən çox yox, sadəcə 2 həftə öncə bunu şəxsən dilə gətirdiyini unutmaq olmaz:  ““Kanal İstanbul” layihəsinə  çox yaxın zamanda tender elan ediləcəkdir” – 8 mart, 2020-ci il.
AKP-nin Gürcüstan həmləsi
Qara dənizin sərhəd ölkələrin dənizi olaraq qalması və ABŞ-ın bu dənizdən uzaq tutulması, Rusiya qədər elə Türkiyənin də beynəlxalq maraqlarına cavab verir. Elə buna görə də soyuq müharibə illərində Montrö sazişi qorunub saxlanmışdı. Ankara həmin zamanlar Moskva ilə Qara dəniz sahəsində uyğun siyasət yürütmüşdür.
Bu tarixi gerçəkliyə rəğmən, AKP hökuməti Qara dənizi Rusiya ilə münasibətlərdə kart olaraq istifadə etməkdən geri çəkilmir.
Sadəcə rus təyyarəsinin vurulması zamanı olan böhranda deyil, həm də İdlib böhranında da oxşar hadisə yaşanmışdı –  2016-cı ildə Ərdoğan NATO-nu Qara dənizə dəvət etmişdi, 2020-ci ildə də Mövlud Çavuşoğlu Gürcüstana “NATO-ya üzv ol!” çağırışı etdi.
M. Çavuşoğlu Davos forumunda keçirilən “NATO-nun gələcəyi” adlı iclasda eynilə belə söyləmişdi: “Gürcüstanı niyə (NATO-ya) dəvət etmədiyimizi hələ də anlaya bilmirəm. Qərbli dostlarımız Rusiyanı provokasiya etməmək bəhanəsi ilə Gürcüstanı dəvət etmək üstündə çalışmırlar. Gürcüstanın bizə, bizim də Gürcüstan kimi bir NATO müttəfiqinə ehtiyacımız var” –  23 yanvar, 2020-ci il.
Nə edilməməlidir?
Qara dəniz məsələsi Türkiyənin Rusiya əleyhinə, Rusiyanın da Türkiyə əleyhinə istifadə edəcəyi kozır deyil.  Qara dənizin təhlükəsizliyi hər iki ölkənin də ortaq siyasətidir. Qara dənizdən bir-birlərinə qarşı istifadə etmək, sadəcə olaraq, ABŞ-ın işinə yarayar.
Buna görə də, Ankaranın ABŞ-ın Qara dəniz strategiyasına fürsətlər yaradan taktiki həmlələri bir kənara qoyub,  bütöv bir strateji siyasət yürütməsi şərtdir:
1. Ankara Gürcüstanın NATO üzvlüyünü dəstəkləməməlidir;
2. Ankara Ukraynanın Avropa Birliyi və NATO üzvlüyünü dəstəkləməməlidir;
3. Ankara Montrö sazişini müzakirəyə açacaq “Kanal İstanbul” layihəsini ləğv etməlidir.
Onsuz da ABŞ hegamoniyasının enişə keçdiyi, neoliberal qloballaşma sisteminin işə yaramadığının koronavirus infeksiyalı bu günlərində daha aydın anlaşılan şərtlərdə NATO üzvlüyü Gürcüstan və Ukraynaya təhlükəsizlik yox, bölgə ilə düşmənçilik qazandıracaq.
Tərcümə Strateq.az-ındır



Ana səhifəyə qayıt        Baxış: 2 642          Tarix: 8-04-2020, 11:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma