Xəbər lenti

"Eleonora Ruzveltin gəzdiyi yerlərdə qızıl izlər qalır..." Uinston Çörçill

O, heç vaxt özünü xoşbəxt qadın saymayıb. Kifayət qədər imkanlı və tanınmış ailədə böyüsə də, əmisi və həyat yoldaşı uzun illər ölkənin birinci kürsüsünün sahibi olsalar da, Eleonora Ruzvelt bu zənginliyin içərisində öz xoşbəxtliyini tapa bilməyib.
Xanım Ruzvelt Amerika tarixində ən tanınmış və ən populyar birinci ledi sayılıb. Hətta Franklin Ruzveltin artıq prezident olduğu dövrdə ABŞ-da keçirilən sorğu zamanı, o, ictimai fəallığına görə səslərin 68 faizini toplayaraq həyat yoldaşını qabaqlayıb.

Cütlük kənardan çox xoşbəxt görünüb, rəsmi tədbirlərdə, ziyafətlərdə, səfərlərdə tərəflərin qarşılıqlı mehriban davranışı, Eleonora Ruzveltin əlil arabasında gəzən prezidentə qayğı dolu münasibəti kənardakılara onlar haqqında ideal ailə təəssüratı bağışlayıb. Əslində isə, heç də hər şey göründüyü kimi olmayıb, Ruzveltlər ailəsinin şəxsi cəbhəsində həmişə gərginlik hökm sürüb və onlar həyat yoldaşından daha çox, bir-biri üçün dost və həmfikir olublar.

Eleonora Ruzvelt 1884-cü ildə Nyu-Yorkda anadan olub. Uşaqlıq dövründə hər iki valideynini itirib. 8 yaşı olanda, anası difteriya xəstəliyindən, 10 yaşı olanda isə, atası alkoqola hədsiz aludəçilikdən vəfat edib. O, nənəsinin himayəsində böyüyüb. Ali təhsilini Londonda alıb. Gənclik illərindən fəallığı ilə fərqlənən Eleonora Ruzvelt mətbuatdakı yazıları, radiodakı çıxışları ilə tanınmağa başlayıb.

Franklin Ruzvelt onun yaxın qohumu olub, onlar eyni soyadı daşıyıblar və uşaqlıq illərindən bir birini tanıyıblar. 1905-ci ildə isə eyni nəsildən olan bu iki gənc ailə həyatı qurub. Nikah mərasimində ata əvəzi qismində Eleonoranın xeyir-duasını əmisi, ABŞ-ın 26-cı prezidenti Teodor Ruzvelt verib. Çütlüyün 1 qızı, 5 oğlu dünyaya gəlib.

Ailə problemsiz yaşayıb. Övladların böyüməsi, normal təhsil alması üçün ən yüksək şərait yaradılıb. Franklin Ruzvelt siyasi karyerasında bir-birinin ardınca uğurlara imza atıb, Eleonora Ruzvelt ictimai xadim kimi tanınıb. Şəxsi münasibətlərdə isə vəziyyəti sabitləşdirmək mümkün olmayıb.

Franklin Ruzveltin qadınlara olan hədsiz meylliliyi ailənin dağılması mövzusunu gündəmə gətirib. Məhz elə həmin ərəfələrdə, 1921-ci ildə Franklin Ruzvelt poliomielit xəstəliyindən sonra əlil arabası ilə hərəkət etməyə başlayanda, ailə söz-söhbətləri qismən çəkilib, Eleonora elə düşünüb ki, həyat yoldaşının qadınlarla əlaqəsi kəsiləcək və bu hadisədən sonra o, Ruzveltin ən yaxın köməkçisinə çevrilib, onun siyasi fəaliyyətini davam etdirməsi üçün bütün gücünü səfərbər edib. Həmçinin 1932-ci ildə başlayan prezident seçkiləri kampaniyasında Eleonora öz fəallığı ilə rəqiblərini təəccübləndirib. Franklin Ruzvelt sonralar yazdığı xatirələrində bu məsələni xüsusilə vurğulayıb: “Eleonora Ruzvelt olmasaydı, Amerikanın Franklin Ruzvelti olmayacaqdı...”

Ancaq baş verən hadisələr, siyasi müstəvidəki uğurlar Ruzveltin qadınlara münasibətinə heç bir mənada təsir göstərməyib. O, əvvəlki həvəsi ilə bu sahədəki “fəaliyyəti”ni uğurla davam etdirib.

Onun daimi məşuqəsi isə şəxsi katibəsi Lyusi Meser olub. Sözsüz ki, bir qadın kimi Eleonora Ruzvelt həyat yoldşının öz katibəsi ilə macəralarına, onların həmişə bir yerdə olmaqlarına göz yuma bilməyib. Bu dəfə o, məsələni prezident qarşısında tam ciddi şəkildə qoyub. Ya Ruzvelt katibəni işdən azad etməli və onunla bütün əlaqələri kəsməli, ya da onların nikahı rəsmi şəkildə pozulmalıdır. Boşanmanın siyasi karyerasına mənfi təsir göstərəcəyini düşünən prezident katibəsini işdən azad edib. Bundan sonra prezidentlə katibə arasında görüşlər məxfi keçirilib. Bu da bir faktdır ki, preident Ruzvelt 1945-ci ildə vəfat edəndə onun yanında rəsmi həyat yoldaşı deyil, məhz Lyusi Meser olub. Daha bir maraqlı fakt isə odur ki, Ruzveltin vəfatından sonra Eleonora Ruzvelt onun sonuncu dəfə çəkdirdiyi böyüdülmüş şəkli Lyusi Meserə hədiyyə edərək deyib:

- Siz bir-birinizi həqiqətən də sevmisiniz. Mən istərdim ki, onun sonuncu şəkli sizdə qalsın.

Eleonora Ruzvelt şəxsi həyatındakı uğusuzluqlarının yerini ictimai həyatdakı uğurları ilə doldurub. O, 1941-ci ildə müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib. II dünya müharibəsi ərəfəsində xanım Ruzvelt tez-tez Amerika qoşunlarının dislokasiya olduğu ərazilərə baş çəkib.

Eleonora Ruzvelt birinci ledi statusunda olduğu illərdə 6 min tədbirdə iştirak edib, 2 minə yaxın çıxışı olub, 300 mindən artıq müxtəlif məzmunlu məktublar alıb.
1940-cı ildə o, dostları ilə birlikdə Freedom House-u yaradıb. Eleonora Ruveltin BMT-nin yaradılmasında xidmətləri böyük olub və o, “Ümumdünya insan hüquqları bəyannaməsi”ni hazırlayan komitəyə sədrlik edib.
Həyat yoldaşının vəfatından sonra da Eleonora Ruzvelt ictimai və siyasi fəaliyyətini davam etdirib. ABŞ-ın Ruzveltdən sonrakı prezidenti Harri Trumen Eleonora Ruzvelti “dünyanın birinci ledisi” adlandırıb.

1957-ci ildə Eleonora Ruzvelt SSRİ-yə də səfər edib. Onu Moskvada böyük təntənə ilə qarşılasalar da, o, bu səfərdən xoş təəssüratlarla geri dönməyib və səfər təəssüratlarını yazılarında belə əks etdirib: “Bu ölkədə Stalin diktaturası daha dəhşətli bir diktatura ilə əvəz olunub, Xruşov diktaturası ilə. SSRİ-də insanlar daim izlənən. təhdid olunan adamlar kimi xof işərisində yaşayırlar. Mən 3 həftə ərzində küçələrdə gülən adamlara rast gəlmədim. Mən belə bir ölkədə yaşasaydım, çoxdan ölmüşdüm…”

Sonralar Elenora Ruzvelt Kennedi adminstrasiyasında qadın statusu komitəsinə rəhbərlik edib.

Eleonora Ruzvelt 1962-ci ildə 78 yaşında vəfat edib. O, ABŞ-ın yeganə birnci ledisidir ki, Nyu-Yorkda onun abidəsi uçaldılıb.

Eleonora Ruzvelt bir neçə kitabın müəllifi olub, o cümlədən onun haqqında da bir neçə kitab yazılıb. 1982-ci ildə Eleonora Ruzvelt haqqında “Eleonora-dünyanın birinci ledisi” adlı film çəkilib
Xanım Ruzvelt 1998-ci ildə “Time” jurnalı tərəfindən 20-ci əsrin ən nüfuzlu 100 şəxsi siyahısına salınıbş.

İlham Cəmiloğlu, Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 2 650          Tarix: 2-06-2020, 14:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma