Xəbər lenti


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Saatlı rayonunda yaranmış su problemi ilə bağlı məsələyə münasibət bildirib.
ASC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Saatlı rayonu ərazisində 57 min hektar suvarılan əkin sahəsi var:
“Bu sahələrin su təminatı əsasən Araz çayı üzərində yerləşən və altı rayonun 170 min hektar sahəsinə xidmət edən Bəhramtəpə hidroqovşağından başlanğıcını götürən Baş Muğan və ondan ayrılan kanallar, eyni zamanda Kür və Araz çayları üzərində yerləşən nasos stansiyaları vasitəsilə həyata keçirilir.

Xidmət etdiyi əkin sahələri nəzərə alınaraq rayonlararası su bölgüsü limitləri hazırlanıb və suyun miqdarı nəzərə alınaraq su bölgüsü təsdiq edilmiş limit daxilində həyata keçirilir. Son vaxtlar Araz çayında suyun sərfi azaldığından digər rayonlarla yanaşı, Saatlı rayonuna verilən suyun həcmi də müəyyən qədər azalıb.

Rayon ərazisində də kəndlərarası su bölgüsü tərtib edilmiş qrafik əsasında aparılır. Bu səbəbdən bir sıra kəndlərdə su təminatında çətinliklər yaranır. Yaranmış çətinliklər nəzərə alınaraq, İran İslam Respublikası ilə birgə istismar olunan Araz su anbarından buraxılan suyun həcmi artırılmış və növbəti həftənin birinci günü axşama rayona tələbata uyğun suyun verilməsi təmin ediləcək”.

“Qeyd olunanlar barədə rayon rəhbərliyi, dövlət aqrar inkişaf mərkəzi və su istifadəçiləri məlumatlandırılıb. Rayonun Nabatkənd və Çolpu kəndlərinə kommunal-məişət ehtiyacları üçün suyun verilməsinin təcili bərpa edilməsi barədə yerli istismar idarəsinə ciddi tapşırıq verilib. Hazırda bu istiqamətdə iş aparılır və işlər də nəzarətə götürülüb”, - deyə məlumatda qeyd  edilib.





Ana səhifəyə qayıt        Baxış: 2 705          Tarix: 3-07-2020, 20:18      


Paylaş:   

Ən çox oxunanlar