Xəbər lenti


Bütün dünyanı cənginə alan koronavirus infeksiyası (COVID-19) can almağa davam edir. Dünyada, eləcə də Azərbaycanda virusun olub-olmamasını təsbit etməyin yeganə doğru üsulu PCR testləridir. Bunun da cavabı 4-8 saat və ya müəyyən səbəblərdən 24 saata kimi çəkə bilər.
Bu gün ölkədə insanlar koronavirus şübhəsi ilə ya yaxma nümunəsi, ya da qan analizi ilə nəticələrinin neqativ çıxmasına ümid bəsləyirlər.

Ancaq bir çox faktlar da var ki, bu analizlərin cavabı neqativ çıxsa da, kompüter tamoqrafiyasının (KT) nəticəsində ağciyərlərdə “buzlu şüşə” deyilən mənzərə ilə koronavirusa yoluxma şühbəsi öz təsdiqini tapmış olur. Ona görə də insanlar arasında hələ də virusun olduğuna dair inamsızlıq var. Çünki virusun simptomlarını özlərində hiss etdikləri təqdirdə verdikləri testlərin cavabı neqativ çıxır və bir müddət sonra vəziyyətləri pisləşir, ağırlaşmış halda xəstəxanaya çatdırılır. Bu da bəzən ölümlə nəticələnir.  
Report qeyd olunan məsələ ilə bağlı həkim, klinikalar və müvafiq strukturlarla araşdırma aparıb.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının radioloqu Məlahət Sultanova deyir ki, pandemiya dönəmində insanların sanki kabusuna çevrilmiş “buzlu şüşə” görüntüsü ilk əvvəl adı və səslənməsi ilə insanlarda təlaş və narahatlıq yaradır.
O qeyd edib ki, hazırda “buzlu şüşə” görüntüsü koronavirus pnevmoniyasının əsas radiodiaqnostik əlaməti hesab edilir:
“Bu o deməkdir ki, normalda şəffaf havalı görünən ağciyərdə belə hallarda yarımşəffaf zonalar izlənilir, ağciyər sanki dumanlı görünür. “Buzlu şüşə” xəstəliyin 3-4-cü günlərindən inkişaf etməyə başlayır və xəstə sağaldıqdan hətta bir ay sonra belə qala bilir. Xəstəliyin yüngül və orta ağır dərəcəsini keçirmiş xəstələrdə 2-3 aydan sonra dəyişikliklər tamamilə itir.
Bu, yalnız COVID-19 xəstələri üçün səciyyəvi deyil, digər xəstəliklərdə də görülə bilər. Lakin bu görüntü pandemiya dönəmində uyğun kliniki-laborator əlamətlərlə izlənilərsə, onda diaqnoz COVID xəstəliyi kimi dəyərləndirilir. “Buzlu şüşə” görüntüsü döş qəfəsinin rentgenoqrafiya və KT müayinələrində aşkar edilir. Lakin bu məsələdə rentgenoqrafiya müayinəsinin həssaslığı aşağıdır. Ona görə də yoluxmanın ilk 1-4-cü günlərində rentgenoqram 25% hallarda tam normal ola bilər. Bu, pnevmoniyanın olmaması demək deyil. “Buzlu şüşə”nin KT müayinəsində görülməsi daha spesifikdir”.

Mütəxəssis eyni zamanda KT müayinəsinin insan orqanizmi üçün yarada biləcək fəsadlarını da açıqlayıb:
“KT müayinəsində pasientin effektiv şüalanma dozası 7 mZv təşkil edir. İllik şüalanma dozası ilə müqayisə etsək, bu, orta hesabla iki illik təbii şüalanma dozasına bərabər kəmiyyətdir. İonlaşdırıcı qabiliyyəti olan şüalar mütləq bioloji təsirə malikdirlər. Bioloji təsir dedikdə şüa enerjisinin təsirindən yaranmış dəyişiklik nəzərdə tutulur. Bu hadisə dozadan asılı olaraq, öldürücü də ola bilər. Canlı toxuma ilə ionlaşdırıcı enerjinin təmas müddəti 0,6 saniyəyə qədər olduğundan bioloji mühitdə dəyişikliklər baş vermiş olur. Enerjinin bioloji obyekt tərəfindən (makromolekul, faqlar,  birhüceyrəlilər, çoxhüceyrəli bitki və heyvanlar, insan, biosenozlar) udulduğu an fiziki proses baş verir. Əmələ gələn yüklü hissəciklər kimyəvi reaksiyaya təkan verir. Biokimyəvi, biofiziki proseslər morfoloji və funksional dəyişikliklərə gətirib çıxarır. Ona görə də müayinə xüsusi göstərişlər əsasında aparılmalıdır”.  
“Yeni Klinika” Tibb Müəssisəsinin direktoru Pərviz Abbasov bəzən ilk müayinədə koronavirus xəstələrinin nəticəsinin neqativ çıxdığını, sonradan pozitivə çevrildiyinə diqqət çəkib:

“Ona görə də bir çox ölkələrdə analiz cavabından asılı olmadan kompüter tamoqrafiyası (KT) çəkilir. Bu xəstəlik tam və ya qismən irəlilədikdən sonra meydana çıxır. Dəfələrlə bir çox xəstələrdə KT müayinəsi nəticəsində COVID-19-un əlaməti olan “buzlu şüşə” aşkarlanıb. Ancaq belə xəstələri koronaviruslu xəstə kimi qəbul edib, həmin gün müalicəyə başlamaq lazımdır.
Belə xəstələr bizdə çoxdur. Hətta sona kimi də onların cavabı neqativ çıxıb”. 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı qeyd edib ki, rentgendə ağciyərində “buz kristalı” çıxan 600-dən çox müalicə alan xəstə var:
“Onları da koronavirus xəstəsi kimi müalicə edirik”.

Bir məlumatı da qeyd edək ki, KT müayinəsi bu gün ölkədə fəaliyyət göstərən bir çox dövlət tibb müəssisəsində münasib qiymətə aparılsa da, hazırda həmin xəstəxanaların böyük əksəriyyəti koronaviruslu xəstələrin müalicə olunması üçün ayrıldığından orada digər şübhəli xəstələrin müayinəsinin aparılması mümkün deyil. Çünki həmin tibb müəssisələri kənar xəstə qəbulunu dayandırıb.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Report-un sorğusuna cavab olaraq bildirib ki, koronaviruslu xəstə müalicə müəssisəsinə aparıldıqdan sonra həkimin verdiyi qərara əsasən, o, KT və ya digər prosedurlara cəlb oluna bilər:
“Xüsusi rejimli xəstəxanada bütün müayinə və müalicə dövlət hesabına həyata keçirilir”.
Apardığımız araşdırmaya görə, ölkədə fəaliyyət göstərən özəl klinikalarda isə qiymətlər bahadır və ya əksəriyyət bu müayinəni aparmadığını qeyd edib.
Bəzi özəl tibb müəssisələri arasında KT müayinəsinin qiyməti ilə bağlı aparılan araşdırmanın nəticəsi:
“Avrasiya Hospitalı”nda bu müayinə 129 manata aparılır və bunun üçün heç bir həkim göndərişinə ehtiyac yoxdur. Sadəcə əvvəlcədən növbəyə yazılmaq lazımdır. Hətta o qədər müraciət var ki, bu gün üçün ancaq gecə 12-nin yarısı üçün boş yer olduğunu dedilər. Müayinənin cavabı isə bir gün sonra məlum olur.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası isə koronaviruslu xəstələrə xidmət göstərdiyindən orada KT müayinəsi sırf həmin xəstələr üçün açıqdır. Digər kənar xəstələr üçün bu müayinə aparılmır. Sadəcə məlumat üçün bildirə bilərik ki, bu müayinə orada 160 manat təşkil edirdi.
“Oksigen” Klinik Xəstəxanasında əvvəldən növbə götürməklə və 125 manat ödəməklə bu müayinədən keçmək mümkündür. Burada da heç bir həkim göndərişinə ehtiyac yoxdur. Cavablar da bir gün sonraya hazır olur.
“Bona Dea” Beynəlxalq Hospitalında vəziyyət bir az fərqlidir. Belə ki, hospitala müraciət edən xəstə ilk olaraq həmin tibb müəssisəsinin təcili yardım həkiminin müayinəsindən keçməli və 70 manat ödəniş etməlidir. Əgər sonradan həkimin göndərişi olarsa, xəstə KT müayinəsindən keçə bilər və bunun üçün də əlavə 130 manat ödəniş etməlidir.
”Baku Medical Plaza”nın isə ancaq Babək filialında bu müayinə aparılır. Burada da həkim göndərişi lazım deyil və canlı növbə tutaraq 100 manat məbləğində ödəniş edərək KT müayinəsindən keçmək mümkündür. Cavabın nə vaxt hazır olacağını isə xəstəni müayinə edən həkim yerində deyir.
“Modern Hospital”da digərləri ilə müqayisədə daha münasib qiymətə bu müayinə aparılır. Belə ki, 83 manat ödəməklə müayinədən keçmək olar. Ancaq əvvəlcədən gərək növbəyə yazılmaq lazımdır. Ancaq bu həftənin dördüncü günü üçün boş yerlərinin olduqlarını dedilər və cavablar da bir gün sonra məlum olur.

N.Tusi adına Klinikada da 99 manat ödəməklə KT müayinəsindən keçmək olar və bunun üçün heç bir həkim göndərişinə ehtiyac yoxdur. Növbə məsələsinə gəlincə, klinikada canlı növbə rejimi var. Yəni əvvəldən növbə götürülmür və cavablar həmin gün verilir.
Sumqayıtda yerləşən “Unikal” klinikasında isə bu müayinənin qiyməti 90 manat təşkil edir. Burada da əvvəldən növbə götürməklə cavabları həmin gün əldə etmək mümkündür.
“HB Güven” və Bakı Sağlamlıq Mərkəzi isə tibb müəssisəsində bu aparatın olmadığını əsas gətirərək, belə müayinə aparmadıqlarını bildirib.
“MedEra” Hospitalında isə ağciyərdən başqa digər daxili orqanların KT müayinəsinin aparıldığını bildirdilər.
Xatırladaq ki, KT müayinəsinin aparıldığı aparat poliklinikalarda və bir çox özəl tibb müəssisələrində ümumiyyətlə mövcud deyil.



Ana səhifəyə qayıt        Baxış: 3 370          Tarix: 8-07-2020, 20:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma