Xəbər lenti

Amerikasayağı siyasi-hüquqi rəzilliyin qarşısı vaxtında alınmazsa, ABŞ-ın gələcək taleyi ciddi təhlükə altına düşə bilər... Ağ Evdə ABŞ-ın irqçiliyə məruz qalan qaradərili vətəndaşlarının hüquqlarının qorunması üçün hansı qərarların qəbul ediləcəyi böyük maraq doğurur...


ABŞ-da ölkədaxili situasiya qarışdı. Bu superdövlətin bəzi bölgələrində sosial-siyasi gərginlik armaqda davam edir. Üstəlik, mövcud situasiyanın yaxın vaxtlarda tənzimlənib, nəzarət altına alına biləcəyi hələlik o qədər də inandırıcı görünmür.
Məsələ ondadır ki, ABŞ-dakı sosial-siyasi gərginlik artıq iğtişaş mərhələsinə keçib. Bəzi iri şəhərlərdə aksiyaçılar avtomobilləri yandırmağa, ticarət mərkəzlərinin vitrinlərini sındırmağa başlayıblar. Hətta bəzi hallarda küçə iğtişaşlarında irqi zəmində toqquşmaların baş verdiyi də müşahidə edilir.
Verilən məlumatlara görə, hazırda iğtişaşların törədildiyi bəzi şəhər və qəsəbələrdə sakinlər özünümüdafiə tədbirləri görmək məcburiyyətində qalıblar. Çünki qaradərili sakinlər ağdərili vətəndaşlara, onların evlərinə basqın edirlər. Qarşılarına hər kəsə xəsarət yetirirlər. Odlu silahdan atəş açılmasıyla bağlı hadisələrin sayı artmağa başlayıb.

Ona görə də, əksər ağdərili vətəndaşlar özlərini və mülklərini iğtişaşçıların basqınlarından qorumaq üçün odlu silah aldə etməyə çalışırlar. Son günlər silah mağazalarında alış-verişin rekord həddə çatdığı bildirilir.
ABŞ-ın mərkəzi hakimiyyəti çaşqın vəziyyətdədir. Bu təhlükəli situasiyadan necə çıxacağını hələ də müəyyənləşdirə bilməyib. Halbuki vəziyyət hər ötən gün daha da təhlükəli görüntülər almaqdadır. Hətta iğtişaşların qarşısı vaxtında alınmayacağı təqdirdə, bütün ölkəyə yayılma ehtimalı mövcuddur.

ABŞ prezidenti Donald Tramp ölkədə baş verənlərə münasibət bildirmək məcburiyyətində qalıb. O, bildirib ki, hadisələr təhlükəli istiqamətlərə yönəlir: “Biz vəziyyətin nəzarətdən çıxmasına əsla imkan verə bilmərik. Polis asayişin təmin edilməsi vəzifəsinin öhdəsindən gəlməkdə artıq çətinlik çəkir. Ona görə də, Milli Qvardiyanın əsgərlərini iştişaşların törədildiyi şəhərlərə göndərmək barədə düşünürəm”.
Ancaq Milli Qvardiya əsgərlərinin iğtişaş bölgələrinə yerildilməsinin işə yarayıb-yaramayacağı isə hələlik ciddi suallar doğurmaqdadır. Çünki polisin ucbatından baş qaldıran iğtişaşları əsgərin sayəsində sakitləşdirmək o qədər də asan olmayacaq.

Məsələ ondadır ki, ABŞ polisi qaradərili amerikalılara qarşı qəddar davrandıqca, iğtişaşlar öz aktuallığını qoruyub, saxlaya bilər. Çünki polisin amansızlığı hər il onlarla qaradərili vətəndaşın həyatı bahasına başa gəlir.
Bu il analoji situasiya George Floyd adlı qaradərili vətəndaşın polislər tərəfində xüsusi qəddarlıqla öldürülməsindən sonra da yaşanmışdı. Belə ki, polis nəfəri həbs etdiyi George Floydu yerə yıxıb, 8 dəqiqə 46 saniyə boyunca onun boğazını dizi ilə sıxması nəticəsində qaradərili amerikalı həyatını itirmişdi.

Qəddar polisin qaradərili qurbanı bu müddət ərzində boğulduğunu bildirib, yalvarsa da, asayiş keşikçisi ondan yalnız öldüyünə əmin olduqdan sonra əl çəkmişdi. Belə davranış isə polisin məhz irqçi anlayış üzərindən bu cür qəddarlıq etdiyi ilə bağlı iddialara inandırıcılıq qatırdı.
Budur, həmin hadisənin üzərindən cəmisi bir neçə ay keçdikdən sonra daha bir dəhşətli hadisə törədilib. Belə ki, polislər onlara müqavimət göstərməyən 29 yaşlı afroamerikalını – Ceykob Bleyki əvvəlcə amansızcasına döyüblər.

Sonra isə öz avtomobilinə əyləşmək istəyən qaradərili şəxsin belinə yaxın məsafədən 7 dəfə atəş açıblar. Və bütün bunlar irqçi polislərin qurbanının azyaşlı uşaqlarının gözləri qarşısında baş verib.
Təbii ki, məhz belə bir qeyri-insani qəddarlıq ABŞ-da daxili iğtişaşların fitilini çəkmiş oldu. Və ən pisi də odur ki, iğtişaşların əhatə dairəsi hər ötən gün daha da genişlənməyə başladı.

Son olaraq, MİLWAUKEE BUCKS basketbol klubunun oyunçuları tarixi protestlə diqqət çəkdilər. Belə ki, bu komanda ABŞ-da qaradərili vətəndaşlara qarşı irqçiliyə etiraz olaraq, ORLANDO MAGİC klubu ilə NBA play-off matçına çıxmaqdan imtina etdi.
Ardıncasa, NBA-da digər basketbol klubları da protestə dəstək olmaq qərarı verdilər. Və məcburən son turun bütün matçları təxirə salındı.


Onu da qeyd edək ki, etiraz dalğasına basketbol klublarının qatılması ABŞ-ın siyasi dairələrində olduqca ciddi təhlükə kimi qarşılanmaqdadır. Belə ki, basketbol ABŞ-da ən populyar idman növüdür. Və bu klubların onmilyonlarla tərəfdarı var. Basketbolçuların etiraz dalğasına qatılması bu idman növünün azarkeşləri üçün aksiyalara dəstək çağırışı kimi qəbul edilməkdədir.

Nəticə isə artıq ortadadır. Belə ki, matçları çıxmaqdan imtina edən klubların tərəfdarları irqçiliyə qarşı müddətsiz kütləvi etiraz aksiyalarına başlamaq üçün təşkilatlanmağa başlayıblar. Yəni azarkeşlər öz kumirlərinin davranışına biganə qalmaq niyyətində deyillər.
Üstəlik, bu, ABŞ üçün yalnız ölkədaxili etiraz dalğasının genişlənməsi təhlükəsi yaratmır. Çünki NBA bütün dünyada populyardır. Və belə bir etiraz variant ABŞ-da baş verənlərin barəsində daha müfəssəl məlumatların bütün dünyaya yayılmasına, bu superdövlətin imicinin ciddi şəkildə korlanmasına yol aça bilər.
Son hadisələrdən belə anlaşılır ki, ABŞ-da irqçilik qaradərili vətəndaşların kütləvi soyqırımına səbəb ola biləcək intensivlikdə inkişaf etməkdədir. Bütün dünyaya demokratiya, insan azadlıqları və humanizm dərsi keçən ABŞ-ın özünün düşdüyü bu durum olduqca düşündürücüdür.

Bir tərəfdən, ABŞ vətəndaşları irqi ayrıseçkilik ucbatından sosial-psixoloji anlamda parçalanmaya məruz qalmaqdadır. Digər tərəfdənsə, bu superdövlət öz ənənəvi siyasi-ideoloji dəyərlərini itirməklə, ölkədaxili xaosa doğru sürüklənməkdədir.
Onu da qeyd edək ki, artıq bir çox beynəlxalq ekspert ABŞ-da baş verənləri sözün birbaşa mənasında, vətəndaş müharibəsinin ilkin əlamətləri kimi dəyərləndirirlər. Onların fikrincə, Ağ Ev vəziyyətin normallaşdırılması və irqçi meyllərin qarşısının alınması istiqamətində təcili və təsirli addımlar atmazsa, bu etiraz dalğası daha da böyüyərək, artıq əlamətləri sezilən vətəndaş müharibəsi təhlükəsini reallığa çevirə bilər.
Belə anlaşılır ki, hazırda ABŞ-da “qara böhran” yaşanır. Və irqçilikdən qaynaqlanan bu amerikasayağı siyasi-hüquqi rəzilliyin qarşısı vaxtında alınmazsa, ABŞ-ın gələcək taleyi ciddi təhlükə altına düşə bilər.
Ona görə də, indi əsas diqqət Ağ Evdə qəbul ediləcək qərarlara yönəlmiş kimi görünür. Yəni, Ağ Evdən ABŞ-ın qaradərili vətəndaşlarının hüquqlarının qorunması istiqamətində hansı addımların atılacağı böyük maraq doğurur.

“Yeni Müsavat” 




Ana səhifəyə qayıt        Baxış: 2 811          Tarix: 27-08-2020, 20:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma