Xəbər lenti

Azərbaycan ordusu separatçı qurumu darmadağın, ATƏT-in Minsk Qrupunu isə ləğv edib... Dağlıq Qarabağ adlı problem artıq mövcud olmadığından Paris meriyasının tanıya biləcəyi də heç nə qalmayıb... Fransa Rusiya və Türkiyənin məsələnin həlli ilə bağlı fəallığını, bu ölkələrin göstərdiyi səylərin müsbət nəticələrini həm narahatlıqla, həm də qıcıqla izləyir...

Savaş sona çatıb. Ermənistan kapitulyasiya sənədinə imza etıb. Rusiya sülhməramlıları bölgədə fəaliyyətə başlayıblar. Yəni, Dağlıq Qarabağ adlı problem artıq mövcud deyil. Hətta ermənilər də bu reallıqla və öz biabırçı məğlubiyyətləri ilə barışıblar.
Ancaq dünyada bu reallıqla barışmaq istəməyən, müqavimət göstərməyə çalışan tək bir dövlət qalıb. Belə ki, Ermənistanın böyük bacısı rolunu bir an belə, unutmayan Fransa hələ də “siyasi hoqqabazlıq”la məşğuldur. Rəsmi Paris hələ də “suyu bulandırmağa” çalışır. Hələ də “bulanıq suda qarmağına balıq düşə biləcəyinə” ümid bəsləyir.

Ola bilsin ki, Fransa öz acizliyini ört-basdır etmək məcburiyyətindədir. Çünki 44 günlük savaş müddətində Fransanı saya salan, mövqeyinə əhəmiyyət verən olmadı. Və çox sevdiyi Ermənistanı qoruya bilmədi.

İndi hər şey arxada qalıb. Ancaq Fransa əl çəkmək istəmir. Son məlumatlara görə, yaxın günlərdə Paris meriyası qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşır. Ancaq bu “siyasi hoqqabazlığın Fransa hakimiyyəti tərəfindən sanksiyalaşdırıldığı isə qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, 44 günlük savaş müddətində Ermənistanın baş naziri Nikol Paşinyanın bütün dünyada ələ salınan davranışlarını indi məhz Fransa prezidenti Emmanuel Makron eynilə təkrarlayır. Belə ki, savaş dövründə N.Paşinyan telefonun dəstəyini əlindən buraxmırdı, hətta az qala onu başının altına qoyub, yatırdı. Gecə-gündüz demədən, dünyanın müxtəlif dövlət başçılarına zəng edirdi, yalvarırdı.
İndi isə Fransa prezidenti E.Makron “telefon estafeti”ni N.paşinyandan dövr alıb. Ermənistanın kapitulyasiya sənədinə imza atmasından sonra durmadan hər kəsə, xüsusilə də, Rusiya və Azərbaycan prezidentlərinə, həmçinin N.Paşinyana zəng edir.
Nəyə nail olmaq istəyir, yəqin ki, heç özü də bilmir. Çünki N.Paşinyan da, Ermənistan cəmiyyəti də biabırçı hərbi məğlubiyyəti artıq həzm etməkdədirlər. E.Makron bundan sonra nəyi dəyişməyə çalışır, anlamaq çox çətindir.

Ancaq heç nəyə nail ola bilməyəcəyi hər kəsə, eləcə də E.Makronun özünə də bəllidir. Sadəcə, yəqin ki, kirvə olduğu N.Paşinyanla erməni toyunda yallı getməsini unuda bilmir. Kirvəsi N.Paşinyana erməniləri müdafiə etməkdə israrlı olduğunu göstərməyə çalışır.
Ona görə də, o, Paris meri İdalqo vasitəsilə yeni “siyasi hoqqabazlıq tamaşası” oynamağa çalışır. Əslində, E.Makron qadınların baş aktyor olduğu “siyasi hoqqabazlıq tamaşaları”na quruluş verməyi bacardığını artıq illər öncə sübut edib. Belə ki, nənəsi yaşındakı zəngin bir qadınla - indiki arvadı ilə evlənməklə, onun milyonları hesabına siyasət meydanına yol tapa bilib, hətta Fransanın prezidenti də seçilə bilib.
İndi də öz rejissorluq ənənəsinə sadiq qalaraq, başqa bir qadını - Parisin meri Ann İdalqonu qabağa verməyə çalışır. Bu qadın Fransa paytaxtının meri olmaqla yanaşı, həm də Paris Şurasına da rəhbərlik edir. Fransa prezidenti E.Makronun yaratdığı və rəhbərlik etditi “İrəli Fransa” Partiyası isə Paris Şurasında geniş tərkibdə təmsil olunur.

Üstəlik, Ann İdalqonun özü də E.Makron kimi qatı ermənipərəstliyi ilə tanınır, hətta onun erməni lobbisinin tam nəzarətində olduğu bildirilir. Qısa araşdırmalar belə, Paris meri Ann İdalqonun Fransa erməniləri ilə sıx ünsiyyət, isti münasibət saxladığını təsdiqləyir.
Onun müavinlərindən biri erməni Anuş Toronyandır. Anuş Toronyan isə Fransa ermənilərinin təşkilatı olan CCAF-ın rəhbəri Ara Toronyanın qızıdır. Parisin meri Ann İdalqon 2015-2018-ci illərdə Ermənistan prezidenti Serj Sarkisyanla 4 dəfə görüşüb. Bu qadın Ermənistanda yaradılmış TUMO Center for Creative Technologies mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. TUMO-nun Xankəndidə də ofisi olub.

Maraqlıdır ki, Paris meri seçkilərində Ann İdalqonun əsas rəqibi olmuş Rəşidə Datinin Azərbaycanla əlaqələri barədə kampaniyanın başında məhz erməni əsilli Murad Papazyan və Ara Tonoyan dayanıblar. Yəni onun Paris meri seçilməsində ermənilərin xüsusi rolu olub.
Ann İdalqo qondarma “erməni soyqırımı” ilə bağlı davamlı tvitlər paylaşmaqla da diqqəti çəkir. Halbuki bu qadın unudur ki, Fransa Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Ruandada, Cibutidə, Çadda, Qabonda, Tunisdə və s. ölkələrdə milyonlarla günahsız insanı kütləvi şəkildə məhv edib. Yəni, Fransa hazırda başqalarını hansısa erməni uydurmasından başqa heç bir təsdiqi olmayan qondarma “soyqırım”da suçladığı halda, tarixi faktlarla sübuta yetirilmiş bir çox bəşəri cinayətlər törədib.

İndi müxtəlif beynəlxalq siyasi dairələrdə Azərbaycanın mənfi imicinin yaradılmasına çalışan Fransa öz tarixi keçmişinə daha diqqətlə nəzər salsa, daha məntiqli olardı. Çünki Fransa əli milyonlarla günahsız insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı qondarma və ya uydurma deyil, məhz real soyqırımı törətmiş bir ölkədir.

Elə müasir dövrümüzdə də Fransa öz “tarixi ənənələr”inə sadiqdir. Belə ki, rəsmi Paris hələ də bəzi Afrika ölkələrində sabitliyi pozur, hakimiyyətləri devirir, vətəndaş qarşıdurmaları təşkil edir. Və bu məqsədlə muzdluların imkanlarından geniş yararlanır. Fransanın legioner konsepsiyasının mərkəzində də muzdlulardan istifadə dayanır.

Bu ölkə son 30 ilə yaxın bir müddətdə ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olub. Ancaq bu müddətdə rəsmi Paris problemin həllində bitərəf mövqe tutmadığını gizlətməyə belə ehtiyac duymayıb. Əksinə, Fransa açıq-aşkar ermənipərəst mövqeyi ilə seçilib, həmsədr ölkə mandatının prinsiplərini pozaraq, işğalçı Ermənistana hərtərəfli dəstək verib.

Erməni lobbisinin ciddi təsiri altında olan Fransa hökuməti və şəxsən prezident E.Makron ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək də göstərib. Hətta bəzi məlumatlara görə, 44 günlük savaş dövründə Fransanın hərbi kəşfiyyatı davamlı şəkildə əldə etdiyi məlumatları Ermənistana ötürüb. Fransadan Ermənistana raket sistemləri də daxil olmaqla, silah-sursat göndərilib.
Məlumata görə, Fransa ən yüksək səviy
yədə Ermənistan hakimiyyətinə Azərbaycanın münaqişədə üstünlük əldə etməsinə imkan verməyəcəyini vəd edib. Halbuki mövcud situasiya onu da göstərir ki, Ermənistanın böyük bacısı öz vədlərini yerinə yetirməkdə acizdir.
Bəli, hazırda Fransanın Azərbaycana münasibəti açıq düşmənçilik məzmunu daşıyır. Halbuki indiki situasiyada rəsmi Parisin edə biləcəyi heç nə qalmayıb. Paris meriyası tərəfindən qondarma “DQR”-in tanınması isə Fransanın özünün gülünc vəziyyətə sala bilər. Çünki bu separatçı qurumu heç Ermənistan belə, tanımayıb.

Digər tərəfdən, əgər Paris meriyası qondarma “DQR”-i tanıyacaqdısa, bunu son 30 ildə etməliydi. İndisə artıq çox gecdir. Azərbaycan ordusu bu separatçı qurumu darmadağın edib. Daha “DQR” adlana biləcək heç nə yoxdur. Olmayan şeyi bunlar niyə və necə tanıyacaqlar?
Deyəsən, rəsmi Parisin bu “siyasi hoqqabazlığı”nın arxasında Fransanın Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərdən kənarlaşdırlması ilə bağlı qəzəb dayanır. Çünki Azərbaycan ordusu yalnız DQR-i deyil, həm də Minsk Qrupu həmsədrləri formatını da darmadağın edib. Daha belə bir qurum və həmsədr mandatı yoxdur.

Hazırda Cənubi Qafqazda cərəyan edən proseslər üz dövlətin – Azərbaycan, Türkiyə və Rusiyanın nəzarətindədir. Odur ki, Fransa Rusiya və Türkiyənin münaqişənin həlli ilə bağlı fəallığını, bu ölkələrin göstərdiyi səylərin müsbət nəticələr verməsini həm narahatlıqla, həm də qıcıqla izləyir.
Ancaq iş-işdən keçib artıq... Cənubi Qafqazın qapıları Fransanın üzünə həmişəlik qapadılıb. Fransanın “erməni hoqqabazlığı” isə artıq öz əhəmiyyətini tamamilə itirib.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu





Ana səhifəyə qayıt        Baxış: 2 657          Tarix: 17-11-2020, 19:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma