Xəbər lenti
15-01-2021, 18:17

Hikmət Babaoğlu: “Azərbaycanın müəyyənləşdirdiyi xarici siyasət strategiyası milli maraqlarımıza uyğundur”

Qələbəmizdən sonra Azərbaycan-Qərb münasibətlərinin necə olacağı ilə bağlı müzakirələr davam edir. Təbii, buna əsas səbəb Fransa başda olmaqla, bir sıra Avropa ölkələrinin, o cümlədən nüfuzlu beynəlxalq təşkilatların, media orqanlarının 44 günlük haqq müharibəmizdə sərgilədikləri mövqeləri, susqunluqları ilə  “2" qiyməti almalarıdır. Bəziləri nə demokratiya prinsiplərinə, nə humanitar şərtlərə, nə insan haqları amilinə, nə də media, jurnalistika tələblərinə düzgün yanaşdılar.

İndiyə qədər balanslı siyasət yürüdən Azərbaycan bundan sonra xarici siyasətdə hansı xəttə üstünlük verəcək? Ortaq xətti burada tapmaq mümkündürmü?
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlunun fikrincə, heç də hər şey göründüyü kimi deyil: “Azərbaycanın Avropa ölkələri ilə çox yaxşı münasibətləri var. Bu, beynəlxalq hüquqa əsaslanan qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa söykənən münasibətlərdir. Eyni zamanda ayrı-ayrı ölkələrlə, yəni Avropa Birliyinin üzvü olanlarla Azərbaycanın strateji tərəfdaşlıq haqqında ayrıca müqavilələri var. Bununla paralel olaraq, Azərbaycanla Avropa İttifaqı arasında sənəd var və bu sənəddə ölkəmizin ərazi bütövlüyü tanınmaqla əslində Azərbaycan-Avropa İttifaqı münasibətlərinin gələcəyini təyin edən, şərtləndirən müddəalar mövcuddur. Eyni zamanda unutmaq olmaz ki, birliyə üzv ölkələr Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan bu günə qədər həyata keçirdiyi layihələrlə Avropanın ən mühüm tərəfdaşlarından birinə çevrilib. Eyni zamanda Avropanın enerji təhlükəsizliyinin sxematik xəritəsini dəyişməyi bacarıb.

Bu layihələrin içərəsində bilirik ki, Bakı-Tiflis-Ceyhan neft kəməri və digər nəqliyyat kommunikasiyaları var. Nəhayət, bu il tikintisi başa çatan Cənub Qaz Dəhlizi var. Bütün bunların hamısı Azərbaycanın Avropa ilə münasibətlərinin iqtisadi əsaslarını təyin edir. Bununla paralel olaraq, biz bilirik ki, Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığı ən müxtəlif sahələrdə mövcuddur. Bu əməkdaşlıq qarşılıqlı hörmətə və beynəlxalq hüquqa əsaslanan əməkdaşlıqdır. Ən mühüm məsələlərdən biri də ondan ibarətdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həll edilməsi ilə bağlı ölkə Prezidentinin qəbul etdiyi qətiyyətli qərarlar və əldə olunan nəticələr mərhələsində də biz Avropa İttifaqının ayrı-ayrı ölkələrindən ciddi dəstək gördük. BMT Təhlükəsizlik Şurasında yeni qətnamənin qəbul olunması zamanı bilirik ki, Böyük Britaniyanın veto qoymasından sonra qərar qəbul edilmədi. Bununla yanaşı, biz İtaliyanın isti münasibətlərinin şahidi olduq. Digər Avropa ölkələrinin də isti münasibətlərini gördük”.

Hikmət Babaoğlu
Deputat Fransanın II Qarabağ savaşı zamanı və ondan sonrakı günlərdə sərgilədiyi mövqeyə də toxundu: “Gedən bu proseslərin fonunda Fransanın davranışları Avropa İttifaqının, bütövlükdə Avropanın münasibəti kimi qəbul oluna bilməz. Çünki Fransa Avropa İttifaqında yalnız bir ölkədir. Bizim orada digər çoxsaylı tərəfdaşlarımız var ki, onların Azərbaycana, rəsmi Bakının da onlara münasibəti çox yüksək səviyyədədir. Düşünürəm ki, hazırda biz yeni bir tarixi mərhələyə qədəm qoyuruq, həm Azərbaycan müstəqil ölkə kimi, həm də ölkəmizin tərəfdaşları yeni, ərazi bütövlüyü bərpa olunmuş, daha nüfuzlu faktorla Azərbaycanın timsalında üz-üzə gəlirlər. Bundan sonrakı mərhələdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində bu, rolunun və yerinin daha da artmasına gətirib çıxaracaq. Regional ölkələrə gəlincə, Azərbaycan yaxın qonşularla münasibətlərini ən yüksək səviyyədə saxlamağa çalışır. Buna da nail olur. Etiraf etmək lazımdır ki, yüz illik problem olan Dağlıq Qarabağ probleminin həll olunmasında regional faktorların böyük rolu oldu, qardaş Türkiyənin və Rusiyanın timsalında.

Bu da regionda yeni tərəfdaşlıq platforması yaratdı. Yaranan bu yeni platforma Avropa İttifaqı ilə münasibətlərdə də yeni perspektivlər yaratdı. Çünki sülh şəraitində yeni iqtisadi şərtlər formalaşacaq, yeni iqtisadi dinamizm olacaq, inkişaf baş verəcəkdir. Bu da tərəfdaşımız olan Avropa İttifaqı ölkələri ilə münasibətlərə müsbət təsirlər göstərəcək. Ona görə də Azərbaycanın müəyyənləşdirdiyi xarici siyasət strategiyası milli maraqlarımıza uyğundur. Eyni zamanda bu strategiya tərəfdaşların da maraqlarını nəzərə almaqla formalaşdırılan bir strategiyadır. Siyasət bir peşədir və bu peşə maraqları uzlaşdırmaq və milli maraqların təmin olunması üçün maksimum qərarlar qəbul etməkdir. Hazırda Azərbaycan bunu edir. Ona görə də Azərbaycan heç vaxt beynəlxalq siyasətin qütblərində olmayıb, yəni nə şərqdə, nə qərbdə, nə cənubda, nə də şimalda. Azərbaycan maraqları nəyi tələb edibsə, o addımları atıb və buna uyğun şəkildə qərarlar qəbul edib. Ona görə də düşünürəm ki, dekabrın 1-dən sonra başlayacaq yeni tarixi mərhələdə Azərbaycanın beynəlxalq münasibətlərdə nüfuzu, rolu daha da artacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 3 222          Tarix: 1-12-2020, 10:23      


Paylaş:   

Ən çox oxunanlar