Xəbər lenti


The National Interest, ABŞ
04.12.2020


Müəllif: Ayaz Rzayev
Qərbdəki böyük güclər Kosovonun müstəqilliyilə bağlı təklifi dərhal dəstəkləmişdilər. Bununla yanaşı, açıq şəkildə demişdilər ki, Kosovo beynəlxalq hüquqda xüsusi, yeganə haldır və bu, digər münaqişələr üçün presedent ola bilməz.
Buna baxmayaraq, ayrı-ayrı bölgələrdə separatçıların özlərinə sərf edən anda Kosovo məsələsinə istinad etdiklərini görürük. Amma britaniyalı tarixçi Timoti Qardonun bununla bağlı fikri konkretdir: “Kosovo unikaldır və başqa Kosovolar olmayacaq”.

Kosovo presedentindən ilk dəfə 2008-ci ildə Cənubi Osetiya və Abxaziyada, sonra isə 2014-cü ildə Krımda istifadə olunub. Krımda keçirilmiş referendumdan sonra Rusiya prezidenti Vladimir Putin demişdi ki , “Kosovo presedentini oxşar şəraitdə qərbli həmkarlarımız yaradıb. Bu, Krım üçün də keçərlidir”.

Beləliklə, Krım məsələsi mövcud beynəlxalq hüquq normalarının təhrif edilməsinin necə ziyanlı ola biləcəyini göstərib. Separatçılar əmindirlər ki, Qərb dövlətlərinin bu haqda nə demələrindən asılı olmayaraq, onlar separatçılığa “götür-qoy edilə biləcək” məsələ kimi baxır. Nəticədə onlarda belə bir fikir yaranıb ki, Qərb auditoriyasının bəyənəcəyi cəlbedici hekayə yaradarlarsa, istəklərinə nail ola bilərlər. Məsələn, 2017-ci ildə Katoloniyada keçirilmiş müstəqillik referendumunda separatçıların strategiyası məhz belə idi. Onlar Avropa cəmiyyətini İspaniyanın daxili işlərinə qarışmağa çağırıbrdılar. Katoloniyalı separatçılar avropalıları guya İspaniyada “avtoritar hökumət”lə üz-üzə qaldıqlarına inandırmağa çalışır və bildirirdilər ki, Katoloniyanın Kosovo kimi, ayrılmaqdan başqa yolu qalmayıb.

Ermənistan hökuməti də Dağlıq Qarabağ məsələsində eyni taktikadan istifadə edir. Dağlıq Qarabağ separatçıları isə Kosovo presedentini çox xoş qarşılayıb. Onlar Kosovonun nailiyyətini təkrarlayacaqlarına ümid bəsləyirdilər. Qarabağa separatçıları Krımın ilhaqını da dəstəkləyirdilər. Onlar iddia edirdilər ki, “Krım məsələsi xalqların müqəddəratını təyinetmə hüququnun növbəti nümunəsidir”.

2014-cü ilin martında BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünün dəstəkləndiyi, Krımın qeyri-qanuni ilhaq edildiyini vurğulandığı qətnamə səsə qoyulmuşdu. O zaman Ermənistan bu sənədin əleyhinə səs vermişdi. Yerevanın BMT-dəki nümayəndəsi Karen Nazaryan bunu “xalqların müqəddəratını təyinetmə hüququna və müstəmləkəçilikdən azad olunmaya” töhfə kimi qiymətləndirmişdi.

Qərbdə fəaliyyət göstərən erməni hüquq müdafiə təşkilatları ABŞ-ın Kosovo nümunəsində Dağlıq Qarabağın “müstəqilliyini” dərhal tanımalı olduğu haqda danışmağı sevir. Halbuki, ABŞ Dövlət Departamenti də Kosovonun presedent olmadığını birmənalı şəkildə bəyan edib. Demək, o, dünyadakı heç bir münaqişə və əlbəttə ki, Dağlıq Qarabağ üçün presedent olmamalıdır.

Bütün bunlara baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan son aylarda bir fikri durmadan təkrarlayırdı: beynəlxalq ictimaiyyət “xilas namiyə ayrılmaq” prinsipini əsas tutaraq, Dağlıq Qarabağın “müstəqilliyi”ni tanımalıdır. Əslində, “xilas naminə ayrılmaq” anlayışı (bu anlayışa əsasən, guya istismara son qoyulması üçün ən yaxşı vasitə məhz ayrılmaqdır) mifdir. Beynəlxalq hüquqda onun nəzəri təməli də yoxdur. Odur ki, bu anlayış postsovet məkanındakı “dondurulmuş münaqişələr”ə də şamil edilə bilməz. O, yaxşı inteqrasiya olunmuş cəmiyyətlə xarici müqəddəratı təyinetmə arasında yanlış dilema yaradır. Münaqişənin həllilə bağlı əslində, effektli üçüncü yol da var: daxili müqəddəratı təyinetmə hüququ. Bu, istər qruplararası əməkdaşlıq, istərsə də birgəyaşayış üçün kifayət edəcək muxtariyyətə imkan yaradır. Bu, regionda dayanıqlı sülhün təmin edilməsi üçün yeganə yoldur.

Doğrudur, beynəlxalq hüquqda müqəddəratı təyinetmə anlayışı var. Amma bu, özündə ayrılmaq hüququnu əks etdirmir. Ümumiyyətlə qəbul edilir ki, müqəddəratı təyinetmə hüququ suveren dövlətin ərazi bütövlüyünün pozulması ilə təmin oluna bilməz. Müstəmləkəçilikdən azad olunmaq bu məqamda istisna haldır. Beynəlxalq hüquq məhz daxildə müqəddəratı təyinetmə hüququnun həyata keçirilməsini dəstəkləyir. Bu, tam siyasi ayrılma olmadan özünüidarə hüququnun təminidir. Bir sözlə, beynəlxalq hüquq ayrılma təhlükəsinə qarşı dövlətlərin ərazi bütövlüyünə zəmanət verir. Bu da əsassız deyil. Təhlükəli millətçi ideologiyalarla hərəkət edən hər bir separatçı qrup xarici müqəddəratı təyinetmə hüququna istiqamətlənərsə, bu, hazırkı beynəlxalq liberal düzənin tamamilə gərginləşməsinə səbəb olar.

Amma bəzən özünüidarənin parlaq fasadı altında zülmət işğal gizlənir. Krım nümunəsində olduğu kimi, işğalçılar demokratik dəyərlərə bağlı olduqlarını göstrəməyə çalışır. Onlar öz iddialarını liberal dəyərlərlə əlaqələndirməyə belə, səy göstərir.
Yeri gəlmişkən, erməni millətçiləri 1988-ci ildə “miatsum” (birləşmə) hərəkatına start verən zaman onların son hədəfi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi olub. Lakin sonradan beynəlxalq birliyin narazılığından yayınmaq, liberalları öz tərəflərinə çəkmək üçün işğalçı siyasəti “müqəddəratı təyinetmə uğrunda mübarizə”yə çeviriblər.

Separatçılar beynəlxalq ictimaiyyətin onlara can yandırmasını istəyir və buna çalışır, bununla da separatçılığa mənəvi don geydirməyə səy göstərirlər. Bununla yanaşı, məhz separatçılar etnik təmizləmə siyasətinə və millətçiliyə haqq qazandırır. Onlar daha plüralist və inklüziv cəmiyyətdə mövcudiyyəti rədd edir. Odur ki, separatçı dünya görüşü xarakterinə görə tərəqiyyə zidd ola bilər. Bu, əslində, İkinci Dünya müharibəsindən sonra liberal düzənin sona çatdırmağa çalışdığı etnik millətçiliklə bağlı bəlaların növbəti təzahürdür.

Bu gün ərazi bütövlüyü prinsipini müdafiə etməyin anlamı var. Bu gün dünyada çox sayda iflasa uğramış dövlət mövcuddur. Onlar əhatə etdikləri regionda sabitliyə zərbə vurur, müharibə ehtimalını artırır. Bu dövlətlər əslində, insan əzablarının artmasına yol açır.

Yenə gələk Ermənistana. Yerevanda belə bir iddianı səsləndirməyi sevirlər: guya Dağlıq Qarabağ “demokratik ümumxalq referendumu yolu ilə” müstəqillik qazanıb. Amma təcrübədə bele referendum ictimai rəylə bağlı keçirilmiş sorğudan başqa bir şey deyil.
Beynəlxalq hüquqa görə, referenduma əsaslanaraq birtərəfli qaydada müstəqilliyin elan edilməsi əslində, ümumxalq səsverməsi olmadan birtərəfli şəkildə ayrılmaq qədər qanunsuzdur.

2008-ci ildə Kosovo müstəqilliyini elan edən aman Belqrad strateji səhvə yol vermişdi. O, Beynəlxalq Ədalət Məhkəməsindən Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməsinin nə qədər qanuni olduğu haqda qərar çıxarmasını xahiş etmişdi. Halbuki, Belqrad məhkəmədən Kosovonun Serbiyadan ayrılmasının qanuni olub-olmadığı haqda qərar istəməli idi. Beynəlxalq Ədalət Məhkəməsi Kosovonun Serbiyadan ayrılmasının beynəlxalq hüquqa zidd olduğu haqda qərar versəydi, böyük Avropa ölkələri çox çətin vəziyyətdə qalacaqdı. Çünki bu halda onlar beynəlxalq hüquqa əsaslanaraq qeyri-qanuni elan edilmiş müstəqillik aktını müdafiə etməli olacaqdılar. Digər tərəfdən, əgər Beynəlxalq Ədalət Məhkəməsi Kosovonun Serbiyadan ayrılmasının beynəlxalq hüquqa zidd olmadığı haqda qərar çıxarsaydı, bu, çoxsaylı başqa nümunələr üçün qapıların açılması demək olacaqdı. 

Bir sözlə, o zaman Beynəlxalq Ədalət Məhkəməsi əsas sualdan (Kosovonun ayrılmaq hüququ varmı?) yan keçməyə Serbiyanın səhvi sayəsində nail olub. Ümumiyyətlə, o məsələdə məhkəmə son dərəcə dar yanaşma nümayiş etdirmişdi. O, bəyan etmişdi ki, müstəqilliyin elan olunması BMT Təhlükəsizlik Şurasının qərarına zidd deyilsə, beynəlxalq hüquq onu qadağan etmir. Mahiyyət etibarı ilə müstəqilliyin elan edilməsi söz azadlığı məsələsidir. Krımda olduğu kimi, digər yerlərdə də hər hansı qurum müstəqil olduğunu elan edə bilər. Amma bu, onun müstəqilliyi ilə bağlı məcburi hüquqi reallıq yaratmır.

Dağlıq Qarabağ məsələsində isə bu, daha uzağa gedən nəticələr verə bilər. Dağlıq Qarabağ regionunda əhalinin əksəriyyəti etnik ermənilərdir. Amma onlar bölgənin bütün əhalisini təmsil edə bilməz. Odur ki, xarici müqəddəratı təyinetmə hüququnun tətbiqi əslində, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin etnik təmizlənməsini qanuniləşdirir.

Erməni tərəfi bugünədək azərbaycanlılara qarşı vəhşilikləri inkar edir. Çünki bu, ermənilərin “qurban olduğu” haqda yaratdığı hekayə ilə üst-üstə düşmür. Ermənilər azərbaycanlılara qarşı vəhşilikləri “müqavimət” adı altında qanuniləşdirməyə çalışır. Digər tərəfdən, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların, həmçinin bütün Azərbaycan vətəndaşlarının da müqəddəratını təyinetmə hüququ var. Demək, azərbaycanlılar dövlətlərinin gələcəyinə, ölkənin parçalanmamasına səs vermək hüququna malikdir.

Ermənistan hökuməti iddia edir ki, guya Azərbaycan Dağlıq Qarabağın erməni icmasının qanuni iddialarını qəbul etmir. Bu, tamamilə yalandır. Yerevanın iddiaları həqiqət olsaydı, Bakı heç vaxt bütün danışıqlar prosesi boyu Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının münaqişənin maraqlı tərəfləri olduğunu deməzdi. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, o, regiona dünyada mövcud olan ən geniş muxtariyyatı verməyə hazırdır. Bu, erməni icmasına istər siyasi, istərsə də mədəni hüquqlarını tam şəkildə həyata keçirmək imkanını verilməsi demək idi.
Dağlıq Qarabağdakı son hadisələr Ermənistan tərəfindən “təcavüzkar dövlət”in hərəkətləri kimi təqdim olunur. Əslində isə bu, diqqətin münaqişədən yayındırılmasına istiqamətlənmiş hiyləgar plandan başqa bir şey deyil. Belə olsaydı, Azərbaycan regiona mədəni muxtariyyət təklif etməzdi və bölgədə qarşılıqlı inamın bərpası üçün müşahidəçilər, sülhməramlılar çağırmazdı. Nəzərə alaq ki, danışıqlar prosesi iflas uğramışdı. Nəticədə müharibə başladı və Azərbaycan qələbə qazandı. Halbuki, Bakı bu müharibədən də yayınmağa çalışırdı.

Hər kəsə məlumdur ki, bu münaqişədə Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi. Yerevan işğal faktını nə qədər təkzib etməyə çalışsa da, bu, beynəlxalq təşkilatların müxtəlif, qərəzsiz qətnamələrilə təsdiq olunub. Avropa İnsan Haqları Məhkəməsi də Ermənistanın Dağlıq Qarabağa hərbi və siyasi dəstəyinin region üzərində effektli nəzarətə bərabər olduğunu hələ 2015-ci ildə təsdiqləmişdi. Məhkəmənin qərarında deyilir: “150 mindən az erməni əhalisi olan Dağlıq Qarabağın Ermənistanın əsaslı hərbi dəstəyi olmadan təxminən 7 milyon əhalisi olan Azərbaycan dövlətilə üz-üzə dayana bilməsi, onun nəinki 1992-ci illərin əvvəllərində DQMV-i nəzarətə götürməsi, 1993-cü ilin sonunadək Azərbaycanın 7 rayonunu bütövlükdə və ya qismən ələ keçirmiş müdafiə qüvvələrini yaratmaq imkanı inandırıcı deyil”. Ermənistan tərəfisə bu faktı inkar edirdi. Halbuki, effektli nəzarət konsepsiyası əslində, işğal anlayışının əsasını təşkil edir. Bir sözlə, effektli nəzarət hərbi işğal üçün şərait yaradan əsas amildir.
Təəssüf ki, Qərb dövlətləri bütün ötən illər ərzində Dağlıq Qarabağın işğalını qınamaqdan çəkinib. Qərb Ukraynanın ərazi bütövlüyünə tam dəstək verir, Rusiyanın işğalçı siyasətini qınayır, hətta ona qarşı sanksiyalar belə, tətbiq edir. Söhbət Dağlıq Qarabağdan gedən zaman isə onlar tamamilə fərqli mövqe nümayiş etdirirlər. Doğrudur, Qərb dövlətləri haqlı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bəs onda Azərbaycanın ərazi bütövlüyünə yanaşmadakı təzadın səbəbi nədir?

Qərbin problemlərə bu cür seçimlə yanaşması münaqişələrin həllinə mənfi təsir göstərir, separatçılarda isə əsassız ümidlər yaradır. Separatçılar Qərbin bu ikili mövqeyinin beynəlxalq legitimliklə bağlı imkanlara yol açacağını düşünür. Odur ki, onlar status-kvonu saxlamaqla, mövqeyini gücləndirdiklərini zənn edirlər. Məhz bu üzdən separatçılar daim ciddi danışıqlardan boyun qaçırır və ya güzəştlərə getmir.

Yeri gəlmişkən, ABŞ-ın Ermənistandakı sabiq səfiri Riçard Mils hələ 2018-ci ilin oktyabrında verdiyi müsahibədə deyirdi ki, görüşdüyü ermənilərin əksəriyyəti işğal altındakı ərazilərin qaytarılmasının tamamilə əleyhinədir. Bununla yanaşı, o, münaqişənin istənilən formalı həllində işğal altındakı ərazilərin müəyyən hissəsinin qaytarılmasının labüd olduğunu söyləyirdi.

Beləliklə, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi imitasiya naminə aparılırdı. Bunun bir məqsədi var idi: prosesinin uzadılması. Ermənistan rəhbərliyi hesab edirdi ki, danışıqlar prosesi nə qədər uzanarsa, beynəlxalq birliyi mövcud faktla barışmağa razı salmaq o qədər asan olacaq. Doğrudur, hadisələrin Yerevanın istədiyi kimi davam edəcəyi az ehtimal olunurdu. Buna baxmayaraq, Ermənistan rəhbərliyi zaman keçdikcə kompromislərə hazır olmadığını göstərirdi. Nəticədə danışıqlar prosesi iflasa uğradı və müharibə başladı.

Qərb dövlətləri Dağlıq Qarabağda dayanıqlı sülhə, münaqişənin həll yollarının tapılmasına yardım göstərə bilər. Amma bunun üçün o, ilk növbədə separatçılığa qarşı daha sərt mövqe nümayiş etdirməlidir. Kosovo yeganə nümunə kimi qalmalıdır. Hüquq normalarında destruktiv şərhlərə yer verilməzsə, beynəlxalq hüquq daha güclü olacaq. Qərb dövlətləri separatçıların nəzərinə çatdırmalıdır ki, zorakılıq və etnik təmizləmə ilə müşayiət olunan birtərəfli ayrılmaya tolerant yanaşılmayacaq. O, separatçıları maksimalist mövqedən əl çəkməyə məcbur etməlidir. Bundan başqa, separatçılara izah olunmalıdır ki, müqəddəratı təyinetmə hüququ yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində təmin edilə bilər.

Bir sözlə, separatçı rejimlərin tanınması ilə bağlı tələsik çağırışlar etməzdən öncə amerikalı siyasətçi Cozef Nayunun bir zamanlar söylədiyi kimi, diplomatik variantlar haqda düşünmək lazımdır: “Primum non nocere (ilk öncə ziyan vurmamaq)”.
(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: The National Interest


Ana səhifəyə qayıt        Baxış: 2 860          Tarix: 4-12-2020, 16:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma