Xəbər lenti


“ADR Hərəkatının “Korrupsiyaya qarşı mübarizə üzrə 32 vacib addım” Planının hakimiyyətə təqdimatından 6 ay keçir, lakin hələ heç bir reaskiya yoxdur”

Qarabağın azadlığı uğrunda 2783 şəhid verərək, Şuşa kimi əlçatmaz qalanı igidlərimizin canı və qanı bahasına geri aldıq. Xalq kimi özümüzü düşmənlərə cəsarətli, döyüşkən və dostlara da vətənə sədaqətli olaraq tanıtdıq”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

Onun sözlərinə görə, yolumuzu düzgün müəyyənləşdirəndə, eyni məqsədlər üçün birgə çalışanda hətta nəzərdə tutulandan çoxuna da nail oluruq: “Deməli, istiqamətimizi dürüst təyin edəndə, bərabər çalışanda hədəfimizə də çatırıq. Deməli, ictimai tələb və təpki olanda, hakimiyyət xalqın maraqlarını ifadə edəndə daha çox iş görə bilirik. Onda gəlin, xalqa digər problemlərimizin də həlli yollarını göstərək və onun üçün birlikdə çalışaq. Həlli vacib olan problemlərimiz hansılardır? Hesab edirəm ki, onlardan birincisi korrupsiyadır. Korrupsiya Azərbaycanı inkişafdan saxlayır, dövləti nüfuzdan salır, gəlirlərin və sərvətlərin ədalətsiz bölüşdürülməsinə şərait yaradır. Korrupsiyaya görə əhali kasıblaşır, çünki, onun haqqını dövlət məmurları yeyir.

 Korrupsiya görə Azərbaycana sağlam investor gəlmir, çünki onlar qazandıqlarını itirməkdən qorxurlar. Korrupsiya görə, insan inkişafdan qalır, çünki təhsil və səhiyyə nəinki beynəlxalq, hətta region səviyyəsi ilə belə ayaqlaşmır”.

“Qarabağı azad edən xalq nədən korrupsiyanın qarşısında aciz qalmalıdır ki?” deyən ADR Hərəkatının sədrinin bildirdiyinə görə, bir il əvvəl kimsə desəydi ki, gələn il Şuşa bizim olacaq, onu sərsəmə bənzədərdilər: “Amma bunu xalq olaraq bacardıq. Bəs, bizi xalq olaraq içimizdən yeyən, inkişafdan saxlayan, yoxsullaşdıran korrupsiyadan niyə qorxuruq? Gəlin, korrupsiyaya qarşı da müharibə edək, ona qarşı amansız olaq, korrupsionerləri ifşa edək, dövlət idarəetməsini onlardan təmizləyək. Necəsini mən bilirəm. 

Azərbaycan Demokratiya və Rifah Hərəkatının “Korrupsiyaya qarşı mübarizə üzrə 32 vacib addım” Planının hakimiyyətə təqdimatından 6 ay keçir, hələ heç bir reaskiya yoxdur. Çünki indiyədək xalq olaraq korrupsiya ilə bağlı mövqe qoya bilməmişik. Əgər siyasi iradə ortalığa qoyularsa və 32 vacib addım planında yazılanlara əməl edilərsə, sizi inandırım ki, Şuşanı alan xalq, korrupsiyaya da qalib gələ bilər”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org



Ana səhifəyə qayıt        Baxış: 2 588          Tarix: 5-12-2020, 12:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma