Xəbər lenti

Bakı Ermənistana yeganə xilas düsturunu, separatçı-oyunbazlara isə son möhləti verib; Qarabağda nə “prezident” və “parlament”, nə də “ordu” və status olacaq - gerisayım bitir...

Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki müzəffər qələbəsi şübhəsiz ki, hərb tarixi dərsliklərinə düşəcək. Dərsliklər isə həm də dərs götürmək üçündür. Əgər erməni xalqı 44 günlük savaşda üzləşdiyi layiqli məğlubiyyəti, ordusunun cəmi ayrıma darmadağın olmasını yalnızca hakimiyyətlə bağlayırsa, yəni yalnız Nikol Paşinyan və komandasını günahkar bilirsə, kobud səhv edir və demək ki, dərs götürməyib. O zaman onu yeni fəlakətlər gözləyir.

Məğlub ölkədən gələn xəbərlər, orada cərəyan edən proseslər, narazı kütlənin önündə gedənlərin verdikləri sərsəm bəyanat və açıqlamalar bu xüsusda əfsus ki, nikbinliyə əsas yaratmır. Ələlxüsus müharibə vaxtı siçan deşiyində gizlənənlərin çıxıb indi qəhrəmana dönməsi, pafoslu danışması, erməniləri revanşa və hətta yeni müharibəyə çağırması heç bir dəftər-kitaba sığmır. Bu, doğrudan da erməni xalqının faciəsidir ki, hələ də “ağı qaradan”, əsl vətənpərvəri saxtadan seçə bilmir, ona düzgün yol göstərmək istəyən azsaylı erməni ziyalıların ardınca getmək əvəzinə, onları xain elan edir...
*****
Məlumdur ki, Azərbaycan məğlub etdiyi Ermənistana artıq böyüklük göstərərək, kömək əli də uzadıb - ona böhrandan çıxmaq üçün yeganə xilas düsturu təqdim edib. Prezident İlham Əliyevin 1 dekabr tarixli xalqa müraciətində dediyi kimi, erməni xalqı üçün heç də hər şey itirilməyib və Ermənistanın çıxıb getməkdə olan “qatarın sonuncu vaqonu”a özünü çatdırmaq şansı qalır - təbii ki, Azərbaycan buna icazə versə.

İcazə isə tək bir halda mümkündür: Ermənistan, onun siyasi elitası nəhayət, daşı ətəyindən tökməli, Türkə nifrət kimi faşist ideologiyasına son verməli və Azərbaycanla Türkiyənin ərazi bütövlüyünü rəsmən tanıdığını bəyan edib ikitərəfli müvafiq müqavilələrlə bunu təsdiqləməldir. Yəni sırf beynəlxalq hüquq normalarından, İrəvanın imza atdığı BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və digər beynəlxalq sənədlərdən qaynaqlanan qonşularla dinc-yanaşı yaşamaq xəttini götürməlidir, nəinki özünün kasad resurslarını bundan sonra da mənasız silahlanmaya yönəltməlidir.
Əvvəla, 44 günlük Vətən savaşı göstərdi ki, Azərbaycanla silahlanma yarışına çıxmaq - öz xalqına sui-qəsdən savayı bir şey deyil və Ermənistanın dövlət kimi tam süqutuna və xəritədən silinməsinə gətirə bilər. Artıq o, çöküşün bir addımlığına gəlib çıxıb. Ümumiyyətlə, Ermənistan kimi cırtdan, “izqoy” ölkələrə ordu saxlamaq lazım deyil. Azərbaycan və Türkiyə ilə inkişaf yolunu seçəcəksə, heç gərək deyil.

“Ermənistan düşdüyü vəziyyətdən azı, 15 il ərzində çıxa bilməyəcək. Bu da Azərbaycanın Vətən müharibəsində əldə etdiyi ən böyük uğurlardan biridir”.
Bu sözləri Türkiyənin Müdafiə Nazirliyinin sabiq sözçüsü, briqada generalı Yücəl Karauz bildirib (Axar.az). O qeyd edib ki, belə müharibələrdə yalan söyləmək mümkün deyil: “Ermənistanın Müdafiə Nazirliyinin İkinci Qarabağ müharibısində verdiyi itkilərlə bağlı açıqladığı rəqəmlər həqiqəti əks etdirmir. Müasir pilotsuz uçuş aparatları və peyk sistemlərindən müşahidələr onu göstərir ki, Ermənistanın 10 minə yaxın itkisi var. Ermənistan ordusu müharibə zamanı bütövlükdə şəxsi heyətin 25 faizini itirib. Ordusunun bir qismi də cəbhədən qaçıb. Onların baş naziri də bu haqda danışdı. Ermənistan ordusu 44 günlük müharibə zamanı arsenalının 65 faizindən məhrum oldu. Bunları təsdiq edən görüntülər Azərbaycan Müdafiə Nazirliyində var...”
*****
Əlbəttə ki, Azərbaycan Qarabağda erməni separatçılığının baş qaldırmasına bir daha imkan verməyəcək. Ordumuz artıq əbədiyyən Qarabağdadır - həm onun dağlıq hissəsində, həm də düzənində. Həm Şuşada, həm də Xankəndinin qulağının dibində. Həmçinin Xankəndidəki qanunsuz silahlı dəstələr və separatçı-cinayətkarların son tör-töküntülərinin tam təmizlənməsinə bir şey qalmayıb. Çünki: “Vahid Qarabağ bundan sonra Azərbaycan yurisdiksiyasının aliliyinə aid bir məkandır. Orada yerli özünüidarə orqanları müstəsna olaraq, Bakının ayıq nəzarəti altında yaradılacaq və heç bir təsadüflük olmayacaq. Əgər yenə kənardan bura çirkli əllər uzanacaqsa, onlar ən qəddar şəkildə kəsiləcək”.

“Yeni Müsvat”ınn məlumatına görə, sitat politoloq Tofiq Abbasovun təhlili məqaləsindəndir.
“Artıq Qarabağda nə ”parlament", nə “prezident”, nə “ordu”, nə də status olacaq. Məğlub olanlar Qarabağın əbədi olaraq doğma Azərbaycanının qoynuna qayıtdığını qəbul etməlidirlər. Bakının hakimiyyəti zəfərlə bərpa edilib, daha bura pis ruhlar gəlməyəcək. Kimin xoşu deyil, rədd olub gedə bilər. Getməzsə, ayaqaltı ediləcək. Başqa variant olmayacaq", - deyə politoloq “bəlkə də qaytardılar” illüziyası ilə yaşayan erməni ultra-millətçi-şovinist tör-töküntüləri xəbərdar edib.
*****

Belə bir tələb təbii ki, ən əvvəl Azərbaycan xalqının iradəsidir. Məğlub Ermənistanda bu iradənin sərtliyini nə qədər tez ciddiyə alıb, qonşularla barışıq yolu axtarmağa başlasalar, bir o qədər özlərinin faydalarına olar. Çünki 44 günlük müharibənin ən böyük fəlakəti ilə üzləşən məhz Ermənistan və onun xalqıdır. 
Bundan ötrü erməni toplumu öncə öz ura-patriotlarından birdəfəlik qurtulmalı və qlobal güclərin əlində oyuncaq olmaqdan təcilli imtina etməlidir. Bir sözlə, öz taleyinə sahib çıxarmağı bacarmalıdır - bu tale, qədər nə qədər acı da olsa. Və onu da unutmamaldıır ki, bundan ötrü çox vaxt verilməyib. Eyni zamanda, Ermənistana rəhbərlik edən qüvvə də öz xalqı ilə səmimi olmalı, ona həmişə sərt gerçəyi deməlidir. “Böyük Ermənistan” xülyasından da həmişəlik qurtulmaq zamanıır.    
Xülasə, Azərbaycan Ermənistana yeganə xilas düsturunu, separatçı-oyunbazlara isə son möhlətini verib. Gerisayım isə bitir, zaman daralır. “Qatar”a çatmaq şansını məğlub və miskin Ermənistan həmişəlik itirə bilər...

Analitik xidmət,
“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 2 531          Tarix: 8-12-2020, 09:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma