Xəbər lenti


21 dekabr Stalinin doğum günüdür.
O, dünyaya gələndə planetin 1 milyard 397 milyon 664 min 43-cü sakini olub, çox qısa müddətdən sonra milyardların içərisində ən məşhur və tanınan şəxsiyyətlərdən birinə çevrilib, 43 ildən sonra planetin altıda bir hissəsinə, 188 milyon əhalisi olan SSRİ-yə rəhbərlik edib.
21 dekabr 1879-cu ildə Qoridə çəkməçi ailəsində anadan olan Stalinin əsl ad və soyadı İosif Cuqaşvili olsa da, yaşadığı 74 il ərzində 18 təxəllüs daşıyıb, 1912-ci ildən isə o, dünyada Stalin adı ilə tanınıb. Bu adın yaranması ilə bağlı fərqli və çoxsaylı versiyalar mövcuddur. Bəzi versiyalara görə, Stalin adını ona Lenin verib, digər bir versiyada bu ad tərcüməçi və jurnalist Yevgeni Stalinskinin adından götürülüb və s. Hər halda adın necə yaranmasından, kim tərəfindən verilməsindən asılı olmayaraq Stalin adı dünyada ən məşhur adlardan birinə çevrilib və bu adın daşıyıcısı dünyanın ən çox öyrənilən 100 şəxsi siyahısında yer alıb.

Stalin haqqında çoxsaylı filmlər çəkilib, kitablar, məqalələr yazılıb. 21 dekabr tarixini, Stalinin doğum gününü nəzərə alaraq Musavat.com SSRİ-nin 30 illik rəhbəri haqqında maraqlı faktları təqdim edir:
1. Generalisimus rütbəsini və SSRİ Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsini daşıyan İosif Stalin hərbi xidmətdə olmayıb.
2. Çoxmilyonlu üzvü olan Kommunist Partiyasına rəhbərlik edən Stalin 8 dəfə həbsxana həyatı yaşayıb.
3. Onun ilk siyasi məqaləsi 1901-ci ildə Bakıda “Nina” mətbəəsində çap olunan “Brdzola” (Mübarizə) qəzetində dərc edilib.
4. 1912-ci ildə Stalin “Pravda” qəzetinin redaktoru vəzifəsində işləyib.

5. Hədsiz dərəcədə mütaliəni sevən Stalinin Kremldəki evində və bağında zəngin kitabxanası olub. O, hər gün 300 səhifədən artıq müxtəlif mövzularda kitablar oxuyub.
6. Stalin hakimiyyətinin yadda qalan məqamlarından biri də onun SSRİ-nin bütün şəhər və rayonlarında parkların salınması ilə bağlı sərəncamıdır. Bütün parklarda oyun və oxu zallarının fəaliyyət göstərməsi də sərəncamda öz əksini tapıb.
7. 1927-ci ildə Stalin partiya orqanlarında vəzifə tutanların 4 otaqdan artıq bağ evinə sahib olmasına qadağa qoyub.
8. O, 30 illik hakimiyyəti dövründə üç dəfə istefa vermək qərarına gəlib. Amma hər dəfə də fikrindən daşınıb.
9. Stalinin hər iki oğlu sovet-alman müharibəsinin iştirakçısı olub.
10. 8 yaşına qədər rus dilində bir söz də bilməyən Stalin sonralar bir neçə dil öyrənib, o cümlədən ingilis və fransız dillərini də.
11. Musiqiyə böyük maraq göstərən lider arabir masa arxasında rus xalq mahnılarını məharətlə ifa edib. Onun bağ evində üç mindən artıq müsiqi valı olub.
12. Filmləri həvəslə seyr edən Stalin SSRİ-də çəkilmiş filmlərin ilk tamaşaçısı olub. Kinolarda erotik səhnələrin olması onu qıcıqlandırıb.

13. O, nə qədər ciddi, bəzən isə qəzəbli görünməsinə baxmayaraq güclü yumor hissinə malik olub.
14. Stalin öz təhlükəsizliyinə görə anasının Tiflisdə keçirilən dəfn mərasimində iştirak etməyib. Dəfnlə bağlı bütün məsələlərin həllini Lavrenti Beriyaya həvalə edib.
15. Alkoqollu içkilər arasında daha çox gürcü şərabına üstünlük verən Stalin hakimiyyəti dövründə iki dəfə sərxoş vəziyyətdə görünüb. Birinci dəfə Jdanovun dəfn mərasimində, ikinci dəfə general Ştemenkonun yubiley gecəsində.
16. 1949-cu ildə Stalinin 70 illik yubileyində ona verilən hədiyyələrin siyahısı mərkəzi qəzetlərdə dərc edilib. O, bütün hədiyyələri dövlət fonduna təhvil verib.
17. Stalin 12 dəfə general rütbəsindən imtina edib.
18. Sovet lideri iki dəfə Nobel mükafatına təqdim olunub. Amma ona bu ali mükafatı almaq qismət olmayıb.

19. 1934-cü ildə Stalin Yeni il bayramını rəsmiləşdirib və SSRİ vətəndaşları həmin günü rəsmi bayram kimi qeyd ediblər.
20. Stalin məzuniyyətlərini Qaqra və Soçidə keçirməyə daha çox üstünlük verib.
21. Onu digər sovet rəhbərlərindən fərqləndirən cəhətlərdən biri də xidməti personalına göstərdiyi münasibət olub. Stalin hətta bəzi hallarda axşamlar bağ evində şam edərkən mühafizəçiləri də süfrəyə dəvət edib.
22. İstər Kremldəki mənzilinə, istərsə də bağ evinə yeməklər Kreml yemakxanasından gəlib.

23. Stalinin şəxsi əşyaları arasında asılqanı və ev başmaqları xüsusi yer tutub. O, öz asılqanından hətta ailə üzvlərinin istifadə etməsinə də icazə verməyib. Ev başmaqlarını isə Stalin bütün səfərlərində özü ilə götürüb.
24. Stalin iki dəfə ailə həyatı qurub. Həyat yoldaşı tərəfdən onun bəxti çox da gətirməyib. Birinci həyat yoldaşı Yekaterina Svanidze ailə qurduqdan bir il sonra vərəm xəstəliyindən vəfat edib. İkinci həyat yoldaşı, özündən 23 yaş kiçik olan Nadejda Alliluyeva isə özünü güllələməklə intihar edib. İki nikahdan onun iki oğlu, bir qızı olub.
25. Ziddiyətli və mürəkkəb xarakterə malik olan İosif Stalin tarixə ən böyük savaşın qalibi kimi düşüb. Alman faşizmi üzərində qələbə ilə onun başçılıq etdiyi SSRİ dünyanın ən güclü dövlətlərindən birinə çevrilib.
26. Qeyd edək ki, müvafiq qurumlar tərəfindən aparılan sosial sorğularda Stalinin fəaliyyəti yüksək qiymətləndirirlir, 20-ci əsrin siyasi liderlərinin reytinq cədvəlində onun adı ilk sıralarda durur. O cümlədən Kreml nekropolunda ən çox ziyarət olunan məzarlardan biri də məhz Stalinin məzarıdır.
İlham Cəmiloğlu, Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 2 634          Tarix: 21-12-2020, 15:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma