Xəbər lenti


Moderndiplomacy, Aİ
29.12.2020


Müəllif: Fərid Şəfiyev, Esmira Cəfərova
İkinci Qarabağ müharibəsindən sonra (27.09.2020-10.11.2020) Ermənistan-Azərbaycan münaqişəsilə bağlı vəziyyət kökündən dəyişib. Amma Qərb mətbuatının bu münaqişə ilə bağlı mvqeyi hələ də qabaqcadan hasil olunmuş yanlış qənaətə əsaslanır. Bu, müəyyən mənada dini düşüncə, müəyyən mənada isə ideoloji fərqlə bağlıdır. Qərb ölkələrindəki güclü erməni diasporu və lobbi təşkilatları münaqişənin tarixi, onun ətrafında yaşananlarla bağlı saxta hekayələr yayır.

Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini təxminən 30 il işğal altında saxlayıb. Buna baxmayaraq, Qərb mediası əksər hallarda bu münaqişəni xristian xalqının müsəlman ölkəsi olan Azərbaycana qarşı azadlıq mübarizəsi kimi qələmə verib. Görünən odur ki, bu məsələdə faktların təhrifi Qərbdə fəaliyyət göstərən nüfuzlu şərqşünasların münaqişə ilə bağlı qabaqcadan hasil olunmuş yanlış qənaəti ilə də müşayiət olunur. Üstəlik, bu, ABŞ və Avropa mətbuatında islamafobiya və türkofobiyanın artması ilə daha da güclənib.

Ermənilər və onların maliyyələşdirdiyi alimlər, ekspertlər son dövrlərdə daha bir kampaniyaya başlayıb. Onlar Azərbaycanı İkinci Qarabağ müharibəsi zamanı xristian irsini dağıtmaqda ittiham edir. Narahatlıq yaradan əsas məqamlardan biri Qərb mediasının əvvəlki illərdən fərqli olaraq, bu dəfə Azərbaycan tərəfinə cavab haqqı tanımamasıdır. Bu məqalədə ingilisdilli mətbuatda birtərəfli yanaşmaya nümunələr göstərəcəyik.
“The Conversation” nəşrində Kristina Marançinin “Dağlıq Qarabağdan didərgin düşmüş ermənilər orta əsr kilsələrinin məhv ediləcəyindən qorxurlar” başlıqlı məqaləsi dərc olunub. Qeyd edək ki, professor K.Marançin Tafts Universitetində erməni incəsənəti və memarlığı kafedrasının rəhbəridir. Onun bu mövzu ilə bağlı bir neçə nəşrdə, həmçinin “The Wall Street Journal”da “Mədəni irs yenə hədəfdədir” başlıqlı məqaləsi dərc edilib. Doğrudur, “The Wall Street Journal” Azərbaycan tərəfinin buna cavab məktubunu nəşr edib. Amma “The Conversation” eyni addımı atmaqdan imtina edib.

Kristina Marançinin məqalələrində Ermənistanla Azərbaycan arasındakı 30 illik münaqişənin, o cümlədən İkinci Qarabağ müharibəsinin və onun dini abidələrə təsirinin mahiyyəti təhrif olunub. Bundan başqa, yazılarda saxta tarixi klişe bir daha təkrar edilib: guya Dağlıq Qarabağ regionu Sovet İttifaqının 1921-ci ildə qəbul etdiyi qərarla Azərbaycana verilib. Halbuki, Qafqaz Bürosunun tez-tez xatırlanan bu qərarında regionun Azərbaycana verilməsindən yox, onun tərkibində saxlanılmasından danışılır. Bu, Dağlıq Qarabağın əvvəlki illərdə də məhz Azərbaycanın tərkibində olduğunu təsdiqləmirmi? Çoxsaylı erməni mənbələrində isə bu qərar məqsədli şəkildə başqa cür göstərilir.

İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra beynəlxalq ictimaiyyət daha dəhşətli mənzərə ilə üz-üzə qalıb. Azərbaycanın azad edilmiş Ağdam, Füzuli və digər rayonlarına səfər edən beynəxalq jurnalistlər şəhərlərin, infrastrukturun, həmçinin Azərbaycanın dini irsinin – məscidlərin, ibadətgahların tamamilə dağıdıldığının şahidi olur. Hətta bir çoxları Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırır. Ermənistan təhqirlərə məruz qoyduğu Ağdam məscidini də demək olar ki, dağıdıb. Üstəlik, Ağdam məscidi dağıdılmış yeganə dini abidə deyil. Təxminən 30 il Ermənistanın işğalı altında qalmış Azərbaycan ərazilərində çox sayda məscid dağıdılıb, donuz tövləsinə çevrilib, məscidlərdə mal-qara saxlanılıb.
Azərbaycan isə işğaldan azad edilmiş ərazilərdə bütün dini abidələri, o cümlədən kilsələri qoruyacağına, bərpa edəcəyinə söz verir. Yeri gəlmişkən, Azərbaycan ərazisində xristin irsi əsrlər boyu olub. Baxmayaraq ki, bu əraziləri azərbaycanlı/türk hökmdarlar idarə edib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə alovlanan zaman bir çox qərbli ekspert erməni irsi, xüsusilə xaçkarlarla bağlı narahatlıqlarını dilə gətitidi. Halbuki, Bakının mərkəzində yerləşən, 1990-cı illərin məlum hadisələri zamanı ərər görmüş erməni kilsəsi Azərbaycan hökuməti tərəfindən tam bərpa olunub və bu gün kilsənin kitabxanasında erməni dilində 5 min əlyazma saxlanılır. İşğal edilmiş rayonlarda isə Azərbaycana məxsus 67 məscid tamamilə dağıdılıb. Bakı bununla bağlı UNESCO-ya dəfələrlə müraciət etsə də, qurum regiona faktaraşdırıcı missiya göndərmək imtina edib. Əvəzində, ermənilər Qarabağdakı kilsələrlə bağlı narahatlıq ifadə edər-etməz, UNESCO həmin abidələrə çıxışın təmin olunması tələbini irəli sürüb. Maraqlıdır ki, təşkilat işğaldan bu yaxınlarda azad edilmiş ərazilərdə piyada əleyhinə minalarla bağlı problemlərin olduğunu belə, nəzərə almır.

Ermənistan işğal altında saxladığı ərazilərdə məscidlərlə yanaşı, digər abidələri, mədəni tikililəri də yez üzündən silib, darmadağın edib. Amma Kristina Marançi niyəsə bu faktları “görmür”. O, bütün vasitələrlə Azərbaycanın multikultural və çoxkonfesiyyalı irsini görməməyə çalışır.
Qərb mediası daha çox iki erməni dini abidəsi – Şuşada yerləşən Qazançetsots kilsəsi və Vəngdəki Dadivank monastrına diqqət göstərir. Şuşadakı kilsə hərbi əməliyyatlar zamanı raket zərbəsinə məruz qalmışdı. Amma Azərbaycan hökuməti Bakıdakı erməni kilsəsi kimi, onu da bərpa edəcəyinə söz verib.
Erməni təbliğatına xidmət edən daha bir məqalə “New York Review of Books” nəşrində dərc olunub. Bu nəşr də Azərbaycan tərəfini cavab hüququndan məhrum edib.

Viken Berberyanın “Ermənistanın Şuşi (Şuşa - WM) faciəsi” başlıqlı həmin məqaləsində Şuşanın tarixi təhrif olunur. Əgər bu yazıya tənqidi rəy verilsəydi, yazının necə “sağ qalacağı” bəlli deyil.
Tarix həqiqətən də çox mürəkkəb elmdir. Əgər söhbət xüsusilə etnik münaqişədən gedirsə, düşmən tərəflər tam əks düşüncədədirlər və onların müəyyən məsələləri bir-birinə zidd təhlil edir. Viken Berberyanın faktları təhlil etməsinə gəlincə, o, oxucularda bilərək yanlış fikir yaratmağa çalışır. Hər halda, regional ekspertlər faktları yaxşı bilir.

Əksər tarixçilər hesab edir ki, Şuşanın əsası 1752-ci ildə azərbaycanlı-türk Pənahəli xan tərəfindən qoyulub. Bu şəhər məhz Qarabağ xanlığının paytaxtı kimi nəzərdə tutulmuşdu. 1992-ci il mayın 8-nə, yəni işğala qədər Şuşa şəhərinin əhalisinin əksəriyyəti azərbaycanlılardan/türklərdən ibarət olub (Tomas De Vaal, “Qara Bağ” kitabı, səhifə 13). 1823-cü ildə Rusiya regionu işğal etdikdən sonra da Şuşada əhalinin 72%-i türk idi (ruslar onları “tatarlar” adlandırırdı). Amma Rusiya imperiyasının məskunlaşdırma siyasətindən sonra artıq 1897-ci ildə bu göstərici 41%-ə düşmüşdü.
Odur ki, Viken Berberyan şəhərdəki demoqrafik dəyişikliyə ədalətli yanaşmalı idi. Əvəzində o, fikri yalnız 1897-1920-ci illərdəki demoqrafik dəyişikliyə yönəldib.

Rusiya imperiyasının Qarabağ xanlığı daxil olmaqla, Cənubi Qafqazı istila etməsi insanların həyatını dəyişib. İnsanlar o vaxtadək regionda az-çox sülh şəraitində yaşayırdı. Həmin dövrdən etibarən isə xüsusilə azərbaycanlı müsəlmanlar üçün pis, xristian ermənilər üçünsə yaxşı günlər başlayıb. Yeri gəlmişkən, amerikalı tarixçi Tadeuş Sventoxovski bildirirdi ki, ermənilər orada Rusiyanın “qoruyucu qalxanı”ndan istifadə edirdi: “Bu, ermənilərə sosial-iqtisadi sahədə sürətlə irəliləməyə və regionda vacib iqtisadi mövqeləri ələ keçirməyə imkan vermişdi” (“Rusiya Azərbaycanı” kitabı, 1985-ci il, səhifə 37).

Rusiya imperiyası “parçala və hökm sür” prinsipi ilə idarə olunurdu. Odur ki, bu iki etnik qrup imperiyanın böyük geosiyasi oyununda yalnız “piyadalar” idi. Şuşanın tarixinə nəzər yetirən zaman bu iki xalq arasındakı münaqişənin yüz illiklər əvvələ uzandığını görürük. Məsələn, 1905-ci ildə orada ermənilərlə azərbaycanlılar arasında zorakılıq baş qaldırmış, hər iki etnik qrup hücumlardan və soyğunlardan əziyyət çəkmişdi.
1920-ci ildə isə iki gənc respublika – Ermənistanla Azərbaycan arasında ərazi iddiaları nəticəsində qarşıdurma başlamışdı. Bu zaman zorakılıqdan daha çox ermənilər əziyyət çəkmişdi. Amma nəticədə hər iki respublika bolşeviklərin əsarətinə düşçüşdü.

1992-ci il mayın 8-də Şuşanın işğal edilməsi Ermənistan-Azərbaycan münaqişəsinin müasir tarixində dönüş nöqtəsi olub. Bu, beynəlxalq birliyin Azərbaycanın ərazisi kimi tanıdığı Qarabağda azərbaycanlıların etnik təmizlənməsinə yol açıb. Tomas De Vaal kitabında yazır ki, “erməni qüvvələri Şuşanı tutduqdan sonra yüzlərlə insan şəhərə girərək soyğunçuluqla məşğul olub, hər tərəfə od vurub”. Ermənilər şəhərdə binaların əksəriyyətini, həmçinin muzeyləri, Üzeyir Hacıbəyov (şərqdə ilk operanın – “Leyli və Məcnun” operasının müəllifi) və Bülbül kimi məşhur azərbaycanlı bəstəkar və müğənnilərin evlərini də dağıdıb. 

Bir sözlə, erməni komandirlər Şuşadan Azərbaycan irsini tamamilə silməyə çalışıb. Məsələn, Yuxarı Gövhər ağa məscidi iranlılar tərəfindən “təmir edilmiş” və İran irsi kimi təqdim olunmağa başlamşdı. Şuşa işğal altında qaldığı dövr ərzində Ermənistanın baş naziri Nikol Paşinyanın da bu yaxınlarda təsvir etdiyi kimi, “qəmli şəhər” idi. Doğrudur, bu gün erməni millətçiləri şəhəri itirdiklərinə heyfslənir. Paşinyansa deyir ki, Şuşa “30 il əvvəl itirilmişdi”. O, bu fikrini Şuşanın inkişafına, saxlanılmasına çox az vəsaitin xərclənməsilə əsaslandırır.

Doğrudur, Şuşa istər azərbaycanlılar, istərsə də ermənilər üçün rəmzi məna kəsb edir. Bu, Ermənistanın paytaxtı Yerevana da aiddir. Qeyd edək ki, XX əsrin əvvəllərində bu şəhərin də əhalisinin yarısı azərbaycanlılar olub. Onlar şəhərdən 1988-1989-cu illərdə didərgin salınıb. Bu gün Yerevanda salamat qalmış yeganə dini abidə – Göy məscid isə Ermənistan rəhbərliyi tərəfindən “İran irsi” kimi təqdim olunur.

Bu da son deyil. Viken Berberyan məqaləsində yalnız ermənilərin faciələrinə yer verib. O, azərbaycanlıların Ermənistandan qovulması və kütləvi qətliamı haqda bilinən faktları qeyd etməyib. Berberyan yalnız Xocalı qətliamı haqda, o da cəmi bir cümlə yazmaqla kifayətlənib. Halbuki, 1992-ci ilin fevralında dağıdılmış bu şəhərdə qadınlar, uşaqlar daxil olmaqla, 613 mülki şəxs qətlə yetirilib.

Viken Berberyan bu yaxınlarda alovlanmış müharibənin səbəblərini də təhrif edir. İkinci Qarabağ müharibəsi əslində, bir zamanlar hərbi komandirlər olmuş Ermənistan prezidentlərinin, yəni Robert Koçaryanla (1998-2008) və Serj Sarqsyanın (2008-2018) yürütdüyü siyasət, həmçinin baş nazir Nikol Paşinyanın demaqogiyası nəticəsində başlamışdı.

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın müşaviri olmuş Jirayir Libaridyan deyir ki, beynəlxalq birliyin Azərbaycan ərazilərinin, xüsusilə Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğalına qarşı çıxdığı dövrdə, erməni tərəfi ayıq başla düşünmək istəməyib. Yəni faciəvi münaqişə məhz erməni millətçilərinin 1988-ci ilin fevralında irəli sürdüyü və son günlərədək davam etdirdiyi irrendentist iddialar nəticəsində alovlanıb.
Hər halda, bir çox məqamları qaranlıq qalan kifayət qədər mübahisəli tarixi “dəlillər” həm azərbaycanlıların, həm də ermənilərin əzabına səbəb olub. Erməni diasporunda məntiqli düşünən az sayda şəxs isə erməni şovinistləri tərəfindən susdurulub. Erməni alim Aram Qriqoryanın da dediyi kimi, hazırkı vəziyyətin yaranmasına səbəb olmuş millətçi mifologiyanın təbliğinə görə erməni mediası məsuliyyət daşıyır.
Nəhayət, müharibənin başa çatmasından sonra yalnız bir yol var: ermənilərlə azərbaycanlılar arasında barışıq. Lakin bu məsələdə təbliğat materiallarına yer yoxdur.

Bir sözlə, “The Conversation” və “New York Review of Books” nəşrlərinin qərəzli, mübahisəli məqalələri mədəni irs, tarix və münaqişə ilə bağlı saxta iddiaları yoxlamadan ərc etməsi təəssüfləndiricidir.  

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Moderndiplomacy


Ana səhifəyə qayıt        Baxış: 2 742          Tarix: 29-12-2020, 16:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma