Xəbər lenti

Bəzi məlumatlara görə, Çavuşoğlu-Lavrov görüşündə Türkiyənin israrlı və arqumentli mövqeyi Rusiyanı nisbətən geri çəkilməyə məcbur edib. İndi Rusiya Türkiyənin bölgədə yalnız müşahidəçi missiyasıyla kifayətlənməyəcəyi ilə barışmaq zorunda qalıb…

Silahlı erməni hərbçilərin Laçın dəhlizindən keçərək, Xankəndinə getdikləri barədə məlumatlar var. Həmin silahlı ermənilərin sonradan Azərbaycan ordusunun nəzarətindəki ərazilərdə peyda olaraq, təxribatlar törətdikləri bildirilir…

Belə davam edərsə, Xankəndidə separatizm cəhdlərinin qarşısını almaq və erməni terrorçuları zərərsizləşdirmək üçün Azərbaycan, Türkiyə və Rusiyanın da iştirakı ilə ortaq antiterror əməliyyatlarının keçirilməsi gündəmə gələ bilər…

Savaşdan qaynaqlanan gərgin mühitin sülhyaratma prosesi ilə əvəzlənməsi bütün region üçün ümidverici perspektivlər vəd etməyə başlayıb. Hər hansı əngəl və ya gözlənilməz kənar müdaxilə olmazsa, region üçün iqtisadi yüksəliş mərhələsi qaçılmaz nəticə kimi görünür. Və bu prosesin müsbət meyllərinin yalnız Cənubi Qafqaz regionunda deyil, ümumiyyətlə, daha geniş coğrafiyada təsir göstərə biləcəyi gözlənilir.
Hələlik sülhyaratma prosesi demək olar ki, ilkin mərhələdədir. Bir çox önəmli məqamlar artıq tədricən aydınlaşmağa başlayıb. Halbuki hələlik müəyyən suallar doğurmaqda davam edən məsələlər də olmamış deyil. Zaman və proses irəlilədikcə, həmin suallar da yəqin ki, öz qəti cavablarını tapacaq.

Xüsusilə də, Türkiyənin bu prosesdəki rolunun əhatə dairəsi hələ tam müəyyənləşdirilməyib. Ancaq bu istiqamətdə intensiv fəaliyyət davam edir. Hər halda, Türkiyə və Rusiya təmsilçiləri arasında davamlı xarakter daşıyan danışıqlar prosesi artıq yekun mərhələyə yaxınlaşmaqdadır.
Məsələ ondadır ki, Rusiyanın Soçi şəhərində keçirilən səkkizinci görüşdə iki ölkə xarici işlər nazirlərinin bir sıra anlaşmalara nail olduqları bildirilir. Verilən ilkin məlumatlara görə, danışıqlar Rusiyanın cızdığı “yol xəritəsi”ndən kənara çıxmağa başlayıb. Və bu, sülhyaratma prosesinə yeni rənglər qata bilər.
Belə ki, Kreml Türkiyənin bölgədə passiv müşahidəçi status ilə kifayətlənməsində israrçı idi. Rusiya sülhyaratma prosesini bütünlüklə öz nəzarətində saxlamaqda birbaşa maraqlıdır. Çünki bu halda, proseslərin əsas hərbi-siyasi iradə mərkəzi Rusiyanın əlində cəmləşə bilər.
Ancaq təbii ki, rəsmi Ankara Kremlin bu mövqeyi ilə qətiyyən razı deyil. Ən azından onda görə ki, hazırda bir çox regional faktorların Türkiyənin xeyrinə olduğu müşahidə edilməkdədir. Və rəsmi Ankara bu əlverişli situasiyanı əlinin tərsi ilə kənara itələyib, öz regional perspektivlərini qurban vermək, yaxud da Rusiyaya buraxmaq istəmir.

Bəzi məlumatlara inansaq, xarici işlər nazirləri M.Çavuşoğlu və S.Lavrovun Soçi görüşündə Türkiyənin israrlı və arqumentli mövqeyi Rusiya tərəfini nisbətən geri çəkilmək məcburiyyətində qoyub. İndi Rusiya Türkiyənin bölgədə yalnız müşahidəçi missiyası ilə kifayətlənməyəcəyi ilə barışmaq zorunda qalıb. Və bu, sülhyaratma prosesinin həm məzmunu, həm də istiqamətləri baxımından önəmli nəticələr verə bilər.
Artıq belə aydın olur ki, Türkiyə yalnız Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgənin ətrafını müşahidə etməklə işini bitmiş hesab etməyəcək. Türkiyə hərbçilərinin həmin bölgənin dərinliklərində baş verənlərdən məlumat almaq və hətta lazım gəldikdə müdaxilə etmək imkanları da olacaq.
Digər tərəfdən, rəsmi Ankara hesab edir ki, barışıq prosesi prosesi yalnız Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə qayıtmış ermənilərin təhlükəsizliyinin təmin olunması ilə məhdudlaşa bilməz. Yəni, barışıq prosesi daha əhatəli məsələləri özündə əks etdirməlidir.
Xüsusilə də, həmin ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması ilə bağlı beynəlxalq hüquq prinsipi ön planda tutulmalıdır. Və barışıq prosesi yekunda həm də Azərbaycanın həmin bölgə üzərindəki suveren hüquqlarının, eləcə də siyasi-hüquqi iradəsinin təmin edilməsi ilə yekunlaşmalıdır.

Maraqlıdır ki, rəsmi Ankara bu məsələdə Azərbaycana tam dəstək verməklə yanaşı, Rusiya qarşısında da prinsipial mövqe tutur. Çünki son vaxtlar Xankəndi və onun ətrafındakı ərazilərdə separatizm fəaliyyətinin bərpasına yönəlik cəhdlərin edildiyinə dair məlumatlar da gəlməkdədir.
Əlbəttə ki, Azərbaycanın rəsmi dairələrində bu xəbərlər ciddiyə alınır və narahatlıqla qarşılanır. Türkiyə isə bu məsələdə tam olaraq, rəsmi Bakının mövqeyini dəstəkləyir. Və bu məsələnin yaxın vaxtlarda qabarıq şəkildə müzakirə mövzusu kimi gündəmə gələ biləcəyi qətiyyən istisna deyil.
Məsələ ondadır ki, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Laçın dəhlizindən silahlı erməni hərbçilərin keçərək, Xankəndinə getdikləri barədə məlumatlar var. Bəzi ehtimallara görə, məhz Laçın dəhlizindən keçməyə nail olmuş silahlı ermənilər sonradan Azərbaycan ordusunun nəzarətində olan ərazilərdə peyda olaraq, təxribatlar törədirlər. Və vəziyyəti mümkün qədər gərginləşdirməyə çalışırlar.
Düzdür, Azərbaycan ordusu son bir ay ərzində bir neçə dəfə antiterror əməliyyatları keçirtməklə, xeyli sayda silahlı erməni terrorçusunu zərərsizləşdirməyə nail olub. Ancaq belə vəziyyət uzun müddət davam edə bilməz. Və bu, sülhyaratma prosesinə mənfi təsir göstərə bilər.

Onu da qeyd edək ki, son günlər Rusiya sülhməramlı qüvvələrinin Laçın dəhlizində nəzarət-buraxılış rejimini nisbətən sərtləşdirdikləri barədə də müəyyən məlumatlar mövcuddur. Həmin məlumatlara görə, rus sülhməramlılar son bir neçə gün ərzində Laçın dəhlizindən keçib, Xankəndinə getmək istəyən erməni hərbçilərini geri qaytarmağa başlayıb.
Ancaq təbii ki, bu, yetməz. Bölgədə sabitliyin tam təmin olunması və prosesin siyasi-hüquqi mərhələsinin də başladılması üçün Xankəndi ətrafında olan bütün erməni silahlı dəstələrinin tərksilah edilərək, Azərbaycan ərazilərindən çıxarılması lazımdır. Ermənilərin yenidən intensivləşdiyi müşahidə edilən separatizm fəaliyyətinin qarşısı qətiyyətlə alınmalıdır.
Azərbaycan ordusunun hətta bu məqsədlə genişmiqyaslı antiterror əməliyyatına qərar verə biləcəyi də qətiyyən istisna deyil. Çünki Azərbaycan ərazisində hər hansı kənar ölkəyə aid silahlı şəxs olmamalıdır. Belə şəxslər, o cümlədən də, silahlı ermənilər, Azərbaycan qanunlarına görə, terrorçu dəstələrin üzvləri sayılırlar. Rəsmi Bakı isə heç şübhəsiz ki, Azərbaycan ərazilərini silahlı erməni terrorçu dəstələrindən tam şəkildə təmizləmək hüququna sahibdir. Və buna heç kim mane ola bilməz.
Təbii ki, Türkiyə hərbçilərinin bölgəyə yerləşməsindən sonar bu məsələlərin həlli daha da asanlaşmış olacaq. Çünki Türkiyə hərbçiləri də bölgədə həm minaların təmizlənməsində, həm də erməni terrorçuların zərərsizləşdirilməsində Azərbaycan ordusuna dəstəkçi ola bilərlər.

Məsələ ondadır ki, Türkiyə hərbçiləri artıq bölgəyə yerləşiblər. Yaxın vaxtlarda Türkiyə hərbçilərinin bölgədə həm sayının artacağı, həm də missiyasının genişləndirilə biləcəyi də qətiyyən istisna deyil. Belə olan təqdirdə, erməni terrorçuların fəaliyyətinə nəzarət etmək daha da asanlaşacaq.
Sülhyaratma missiyasının əsas hədəfləri sırasında bölgədə dinc və sabitlik şəratitində yaşayış şərtlərinin təmin edilməsi də var. Erməni terrorçuların intensivləşən təxribatları isə bu missiyanı hədəfindən yayındıra və dinc yaşayış şərtlərinin təmin olunması prosesini ciddi şəkildə poza bilər.
Deməli, bütün bölgədə, o cümlədən də Xankəndidə və şəhərin ətrafında erməni terrorçuların fəaliyyətinin qarşısının alınması zəruridir. Rusiya sülhməramlı qüvvələrinin də silahlı erməni terrorçu dəstələrin tərksilah olunmasında iştirak etməsi bir missiya borcudur.
Bütün bunları nəzərə aldıqda, yaxın vaxtlarda Azərbaycan, Türkiyə və Rusiya hərbçilərinin iştirakı ilə ortaq antiterror əməliyyatlarının keçirilə biləcəyini ehtimal etmək olar. Belə antiterror əməliyyatlarının keçirilməsi öz milli təhlükəsizlik maraqlarını qorumaq məcburiyyətində olan Azərbaycanın suveren hüququdur.
Əgər, Rusiya sülhməramlı qüvvələri bundan imtina edərlərsə, Azərbaycan ordusu hətta antiterror əməliyyatlarını Türkiyənin siyasi dəstəyi ilə də keçirə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu




Ana səhifəyə qayıt        Baxış: 3 180          Tarix: 30-12-2020, 18:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma