Xəbər lenti


Hələ gənclik illərindən onun həyatını siyasi gərginliklər müşayiət edib, ətrafda baş verən hadisələr Mişel Baçeletin gələcəyi üçün yaxşı heç nə vəd etməyib. Amma bütün bunlara baxmayaraq o, mübarizədən geri çəkilməyib. Elə buna görə də Mişel Baçeleti xarakterizə edən tanınımış siyasilər onun haqqında ümumiləşdirilmiş bir ifadə söyləyiblər: “Mişel Baçelet birinci olmağa adət etmiş xanımdır”.

Mişel Baçelet öz ölkəsində ilklərə imza atan siyasətçi sayılır. O, Çilinin ilk qadın müdafiə naziri olub, Çilinin ilk qadın prezidenti kimi tarixə düşüb.
Mişel Baçelet 1951-ci ildə Çilidə, Santyaqo şəhərində anadan olub. Çili Universitetinin tibb fakültəsində ali təhsil alıb. Atası Alberto Baçelet Çili ordusunda general rütbəsində xidmət edib və həmin dövrdə ölkə prezidenti olan Salvador Alyendenin yaxın silahdaşlarından biri olub.

1973-cü ildə Çilidə baş verən hadisələr, siyasi proseslər Mişel Baçeletin həyatında dərin izlər buraxıb. Auqusto Pinoçet hakimiyyəti ələ keçirdikdən sonra Mişelin atası hakimiyyətdən devrilmiş prezidentin yaxın adamı olduğuna görə həbs edilib. General həbsxanada çox yaşaya bilməyib, işgəncələr, ağır həbsxana həyatı onun ölümü ilə nəticələnib. Atasının ölümündən sonra Mişel Baçelet Sosialist Gənclər Partiyasına üzv olub, anası ilə birlikdə müqavimət hərəkatı yaradıb və gizli siyasi fəaliyyətə başlayıb. Sözsüz ki, bu cür fəaliyyət uzun müddət gizli qalmayıb və Pinoçet Mişel Baçeleti həbs etdirib.
Bir illik həbs həyatından sonra Mişel Baçelet Almaniyanın faktiki rəhbəri (Vahid Sosialist Partiyası Mərkəzi Komitəsinin baş katibi) Erik Honekkerin köməyi ilə 1975-ci ildə Almaniyaya (ADR) köçüb. O, yalnız dörd ildən sonra, 1979-cu ildə Çiliyə qayıda bilib.
Pinoçetin hakimiyyəti dövründə ali təhsilli cərrah olan Mişel Baçeletə dövlət xəstəxanalarında iş verilməyib. O, könüllü olaraq rejim tərəfindən mənəvi və fiziki təzyiqlərə məruz qalan insanlara kömək edib. Bununla yanaşı, Mişel Baçelet Çili Sosialist partiyasında da fəaliyyət göstərib.

1990-cı ildə Çilidə hakimiyyət dəyişdikdən sonra Mişel Baçeletin də fəaliyyətində yeni mərhələ başlanıb. O, öz karyerasına Ümumdünya Səhiyyə Təşkilatında məsləhətçi vəzifəsində başlayıb. Daha sonra Mişel Baçelet Çili səhiyyə naziri müavininin müşaviri təyin edilib.
Mişel Baçelet siyasi fəaliyyətini arxa planda saxlamayıb. O, 1996-cı ildə Sosialist partiyasının sədri seçilib.
Bu ərəfədə Mişel Baçelet Amerika Birləşmiş Ştatlarında hərbi kollecdə də təhsil alıb.
ABŞ-dan qayıtdıqdan sonra Mişel Baçalet ilk yüksək təyinatını alıb. O, ölkənin səhiyyə naziri təyin edilib.

2002-ci ildə isə Çilidə ilk dəfə olaraq müdafiə naziri postuna qadın təyin edilib. Bu vəzifə Mişel Baçeletə həvalə olunub.
Müdafiə naziri vəzifəsində Mişel Baçelet xalqın böyük etimadını və sevgisini qazanıb. Çilidə subasma zamanı yaranan problemlərin aradan qaldırılmasında Mişel Baçaletin çevik fəaliyyəti onu ölkədə daha da popolyarlaşdırıb. 2004-cü ildə Çilidə keçirilən sorğu zamanı Mişel Baçeletin adı ölkənin ən çox etimad göstərilən və ən çox sevilən məmuru kimi siyahının ilk sırasında yer alıb.
2006-cı ildə Mişel Baçelet Çili tarixində növbəti ilkə imza atıb. Prezident seçkilərində o, Çilinin ilk qadın prezidenti seçilib.
Mişel Baçeletinin prezidentlik dövrü bir çox hadisələrlə yadda qalıb. Məhz bu ərəfədə 800 min yeni iş yeri açılıb, Türkiyə, Yaponiya, Avstraliya, Peru və digər ölkələrlə ticarət əlaqələri genişləndirilib, pensiyaların məbləği artırılıb, sosial müdafiə sahəsində geniş islahatlar aparılıb, ölkədə yoxsulluq dərəcəsi azalıb, Çilidə İnsan Hüquqları Milli İnstitutu yaradılıb.

Ümumilikdə Mişel Baçeletin dörd illik prezidentlik dövrü Çilidə keçirilən sorğu zamanı əhalinin 84 faizi tərəfindən yüksək qiymətləndirilib. Ancaq Çilidə mövcud qanunvericiliyə görə bir şəxsin iki dəfə dalbadal prezident seçilməsinə icazə verilmədiyindən Mişel Baçeleti 2010-cu ildə prezident kürsüsünü tərk edib.
Birinci prezidentliyi dövründən sonra Mişel Baçelet 2010-cu ildən fəaliyyətini BMT-də davam etdirib. O, BMT-nin baş katibinin müavini vəzifəsində çalışıb.

2014-cü ildə “Yeni əksəriyyət” solçu koalisiyası tərəfindən Mişel Baçeletin prezidentliyə namizədliyi irəli sürülüb və o, səs çoxluğu ilə növbəti dəfə ölkənin birinci kürsüsünə sahib olub. O, bu dəfə də sübut edib ki, diktatura rejimi olmadan da, ölkəni humanist və mərhəmətli siyasət üzərində idarə etmək mümkündür.

İkinci prezidentliyi dövründən sonra Mişel Baçelet BMT-nin İnsan Hüquqları üzrə ali komissarı seçilib.
Qeyd edək ki, 44 günlük ikinci Qarabağ müharibəsi zamanı Mişel Başelet öz açıqlamalarında ən böyük insan tələfatının oktyabrın 28-də baş verdiyini qeyd edərək bildirib ki, aktiv döyüş əməliyyatları zonasından təxminən 30 km aralıda yerləşən Bərdə şəhərinə raket hücumu nəticəsində 21 nəfər ölüb və 70 nəfər yaralanıb. Ali komissar onu da vurğulayıb ki, Ermənistan ordusu tərəfindən atılan raketlərin içərisində çoxlu kasset sursatları olub. Yaşayış yerlərinə kasset döyüş sursatlarının atılması beynəlxalq humanitar hüququn prinsiplərinə ziddir.

İlham Cəmiloğlu, Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 2 385          Tarix: 15-01-2021, 22:23      


Paylaş: