Xəbər lenti


Bəzi təhlilçilər hələ 44 günlük müharibənin gedişində, eləcə də müharibədən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-dakı seçkinin nəticələrinə və Co Baydenin prezidentliyinə ümid bəslədiyini, buna görə də vaxt udmağa çalışdığını iddia edirdilər. O da məlumdur ki, erməni cəmiyyətində Baydendən xüsusi gözləntilər var və onun Trampla müqayisədə daha ermənipərəst mövqe tutacağına dair fikir formalaşıb.

Belə bir qənaətin formalaşmasına təsir edən amillərdən biri kimi də Bayden administrasiyasında bəzi vəzifələrə erməni əsilli şəxslərin təyin olunması göstərilir. Söhbət Ağ Evin Regional Kommunikasiyalar Şöbəsinə rəhbər təyin olunan Ayk Hacinazaryan və administrasiyanın agentliklərindən birinə xüsusi köməkçi təyin edilən Ceff Marutyandan gedir. Bununla yanaşı, qeyd olunur ki, Co Bayden senator olarkən, həmçinin seçki kampaniyası dövründə ermənipərəst bəyanat və açıqlamaları ilə seçilib. Eləcə də, onun seçki öncəsi Türkiyənin indiki hakimiyyətilə bağlı tənqidi fikirlərinin olduğu önə çəkilir.

Əlbəttə ki, bütün bunlara baxmayaraq, ABŞ kimi nəhəng ölkənin öz siyasi kursunu, maraqlarını administrasiyada kiminsə, hansısa vəzifə tutmasından asılı olaraq dəyişəcəyini düşünmək sadəlövhlük olardı. Tarix göstərir ki, çox zaman bu ölkənin xarici siyasət kursuna nəinki Ağ Evdə hansısa iri ranqlı məmur təyinatı, hətta prezident dəyişikliyi belə çox az təsir göstərir.

“Amerika araşdırmaları mərkəzi”-nin rəhbəri, erməni politoloq Suren Sarkisyan Ermənistanda Baydenin prezident postuna oturmasıyla regionda çox şeyin dəyişəcəyinə dair səslənən fikirlərin ciddi əsasa malik olmadığnı deyib. S.Sarkisyan bildirib ki, Co Baydenin hakimiyyəti dövründə ABŞ-ın Qafqaz siyasətində böyük ölçüdə nəyinsə dəyişəcəyini gözləməyə dəyməz: “Co Baydenin prezidentliyi dövründə ABŞ-ın Cənubi Qafqaz ölkələri, eləcə də Ermənistanla bağlı siyasəti ciddi dəyişikliyə məruz qalmayacaq. Bu siyasətə onun administrasiyasında müxtəlif vəzifələrə erməni əsilli şəxslərin təin olunması da təsir göstərməyəcək.”

Ekspert deyib ki, ABŞ-dan Minsk Qrupunun həmsədri kimi müharibədən sonrakı reallıqları nəzərə almaqla region ölkələrilə əməkdaşlıqda “yeni aksentlər” gözləmək olar. Lakin bu, ümumilikdə Vaşinqtonun Qafqaz siyasətini dəyişməyəcək. Ona görə də erməni əsilli şəxslərin administrasiyaya təyinatlarında xüsusi məqsəd güdüldüyünü düşünmək mənasızdır: “Marutyan və Hacinazaryan sadəcə, öz işlərinin peşəkarlarıdır və dövlət sektorunda təcrübəyə malikdirlər – bundan artıq heç nə. ABŞ-ın Cənubi Qafqaz və Ermənistanla bağlı siyasətində müəyyən dəqiqləşmələr olacaq. Mümkündür ki, o, Ermənistana münasibətinə yenidən baxsın, lakin bu, siyasətin dəyişəcəyi demək deyil.”
Erməni politoloq Ermənistan hakimiyyətinə məsləhət görüb ki, ilk növbədə yeni administrasiya ilə iqtisadi sahədə dərin əməkdaşlığa nail olmağa çalışsın. Və bunun üçün erməni diplomatiyası daha aktiv fəaliyyət göstərməlidir.

Onsuz da Rusiyanın forpostu olan Ermənistanın müharibədən sonra Moskvadan tam asılılığının yaranması İrəvanın ABŞ-dan hansısa özəl münasibət gözləməsini mənasız edir. Həmçinin, Ermənistan nə iqtisadi, nə siyasi, nə də regional əhəmiyyəti baxımından Azərbaycanla müqayisə olunacaq ölkə deyil. Və bunu erməni politoloqlar da yaxşı başa düşürlər.

Ancaq hər halda, yeni ABŞ administrasiyasının Cənubi Qafqazla bağlı müəyyən mərhələdə aktivlik göstərəcəyi də gözləniləndir. Ona görə Azərbaycan diplomatiyası da tamamilə yeni şərtlərə uyğun fəaliyyətilə Ermənistan xarici siyasət idarəsindən geri qalmamalıdır.
Sonda onu da qeyd edək ki, Donald Trampın özü və ətrafındakılar erməni seçicilərə yönəlik heç də Baydendən az reveranslar etməmişdi. Lakin tarix, xüsusilə Qərbdəki seçki kampaniyaları və siyasi sistemlərin özəllikləri göstərir ki, siyasətçilərin seçki öncəsi verdiyi vədlər, alovlu çıxışlar, bəyanatlar əksər hallarda arzulanan kresloya oturduqdan sonra unudulur və dövlətin maraqları önə çıxır.

Cəlal Məmmədov
“AzPolitika.info”



Ana səhifəyə qayıt        Baxış: 2 695          Tarix: 19-01-2021, 21:24      


Paylaş: