Xəbər lenti

 

“İngiltərənin Birminhem Universitetinin Kedberi araşdırma kitabxanasında eramızın 568-645-ci illərinə aid hesab edilən qədim Quranın 2 səhifəsi aşkar edilib”. 
Bu informasiya hələ 2015-ci ildə yayılıb. O zaman bir sıra dünya KİV-də, eləcə də bəzi Azərbaycan saytlarında bunu “sensasiya” kimi təqdim edərək guya “Qurani-Kərimin Məhəmməd Peyğəmbər əleyhissəlamdan öncə yazılması” iddiasını irəli sürdülər. Çünki Peyğəmbərimizin(s) 570, yaxud 571-ci ildə doğulduğu, Qurani-Kərimin isə ona təxminən 610-611-ci illərdə vəhy olunmağa başlanması məlumdur. 
Moderator.az-ın xarici İslam saytlarına istinadla əldə etdiyi məlumat  bu səhifələr barədə deyilən belə iddiaların  tamamilə əsassız olduğunu üzə çıxarıb. 
Doğrudur,  bəhs edilən  səhifələr yer üzündəki ən qədim Quranın bir hissəsi hesab olunur.  Birminhem Universitetinin xristian-islam təhqiqatları üzrə professoru Devid Tomas deyir: 
"Tarixin müəyyən edilməsi düzgündürsə, tapıntı bizi İslam tarixinin ilk 20 ilinə qaytarır..."
Aspirant Alba Fedeli, universitetin Orta Şərq mətnləri  fondlarını araşdırarkən həmin səhifələri yeni bir əlyazmanın  arasında aşkar edib. Bu səhifələr 1920-ci ildə fondlara gətirilib və təsadüfən sonrakı dövrün  Quran əlyazmasına daxil edilib.  Fedeli  həmin səhifələrdəki mətnin yazı üslubunun yerləşdikləri əlyazmalardakından çox fərqli olduğunu müəyyən edəndə bunu anlayıb.  Əntiq əşya mütəxəssisləri və kolleksiyaçılarla yazışmaları sayəsində Alba Fedeli öz fərziyyəsini təsdiqləyib -  onun əlində Quranın ən qədim əlyazmasının indiyədək məlum olmayan bir parçası vardı. Bu iki səhifədəki mətn hicazi xəttatlıq üslubunun ilkin nümunəsində yazılıb.  Kənarlarda  mətnin Birminhem Universitetinin Mingan kolleksiyasının bir hissəsi olduğu qeyd olunub.
Oksford Universitetinin laboratoriyasında aparılmış radioelektron analiz əlyazmanın yazıldığı heyvan dərisinin- perqamentin təxminən 1400 il əvvəl hazırlandığını aşkar edib.  
Professor D.Tomas deyir: “Mən akademikəm, buna görə mənim yeni tapıntıya ilk reaksiyam şübhə oldu. Əlbəttə, bu əlyazma İslamın yaranmasından (eyni zamanda Peyğəmbərin(s) doğulmasından- S.L.) öncə ortaya çıxa bilməzdi, baxmayaraq ki, elektron təhlil olduqca dəqiqdir” 
Professorun dediyi bir fakt isə bütün şübhələri alt-üst edir: 
“Əlyazmanın mürəkkəbi hələ araşdırılmayıb və mətnin perqament üzərində bir qədər sonra yazılması mümkündür…”   
Deməli, 2025-ci ildə yayılan informasiyalarda səslənən “ən qədim Quran səhifələrinin 568-645-ci illərə aid olması” faktı əslində əlyazmaların özünə yox, onların üzərində yazıldığı perqamentə aiddir. Və tamamilə mümkündür ki,  tapılmış həmin Quran səhifələri Peyğəmbərimizə(s) Allah Kitabının vəhy edilməsinin tamamlandığı 633-634-cü illərdən 10 il, yaxud 15 il sonra yazılmış olsun.  
Tapılan fraqmentlərdəki yazılar Quranın "Kəhf", "Məryəm" və "Ta Ha" surələrindən ayələrdir. Həmin səhifələrdəki yazıların Quranın müasir mətninə bu uyğunluğu İslamın doğulduğu dövrdəki Quranın mətninin müasir mətnlə eyni olduğunu və zamanla dəyişmədiyini bir daha təsdiqləyir…
Bu gün bəhs edilən Quran ayələrinin qədim əlyazmaları Birminhem Universitetinin kitabxanasında hər kəsin görə biləcəyi yerdə nümayiş olunur.
“Bu tapıntı çox həyəcanvericidir. Çünki həmin sətirləri yazan Məhəmməd Peyğəmbəri (s.ə.s) şəxsən tanıyıb, ya da Peyğəmbəri (s.a.s) tanıyan şəxsi tanıyıb. Nə olursa-olsun, tapıntı bizi birbaşa Məhəmməd Peyğəmbər (s.ə.s) ilə bağlayır…” –deyə ingilis professor Tomas emosiyalarını gizlətmir.



Ana səhifəyə qayıt        Baxış: 503          Tarix: 28-09-2019, 12:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma