Xəbər lenti

 

Yayda sərinləməyin ən yaxşı yolu dənizdə çimməkdir. Di gəl ki, bəzi qadınlar bu istirahət yolundan istifadə edə bilmirlər. Söhbət hicablı qadınlardan gedir. Çünki dindar bir xanım hicablı formada dənizə girib çimirsə və onun islanmış paltarda olan naməhrəm yerləri kişilərin diqqətini çəkirsə, bu, dini baxımdan günah və haramdır. Amma ticarətçilər həmin qadınları bu əziyyətdən qurtarmağın yolunu tapıblar. Hicablı qadınlar üçün çimərlik geyimləri istehsal ediblər və artıq Bakı bazarlarında bu paltarlardan satılır.

Dindarlar deyir ki, halal, qadağan olunmayan istirahətlərdən faydalansınlar. İslam ölkələrində başı bağlı qadınlar üçün ayrıca çimərliklər təşkil edilir. Azərbaycanda isə digər müsəlman ölkələrindən fərqli olaraq çimərliklər kişilər və qadınlar arasında bölünmür.

QMİ-nin rəsmisi Hacı Şahin məsələ ilə bağlı publika.az-a açıqlama verib. O, qadınların örtülərini açmadan qapalı şəkildə dənizə girməsini şəriətə görə məqbul saysa da, bu cür istirahətin mənasız olduğunu bildirdi:

“Belə hallar bir çox müsəlman ölkələrində var. Qadınların örtünmə qaydaları istər dənizdə, istər dənizdən kənarda düzgün olmalıdır. Şəriət qadınların dənizdə çimməsinə qadağa qoymur. Yəni şəriətin buyurduğu qaydada örtülmüş halda olsalar, məqbuldur. Amma şəxsi fikrimə görə, o şəkildə çimməyin mənası yoxdur. Ümumiyyətlə, hicablı qadınlar üçün ayrı bir çimərlik olsa, daha məqsədəuyğun olardı. Məsələn, Türkiyədə belə çimərlik var”.

Hacı Şahin qapalı halda olsa belə, qadınların yad kişilərlə birgə çimərlikdən istifadəsinin haram buyrulduğunu bildirdi: “Şəriət bu cür geyimlə yad kişilərlə birlikdə dənizdə çimməyi düzgün saymır. Biri var məsələn qadın çimsin, uzaqdan bir kişi keçsin, bu başqa. Amma biri də var yaxın bir ərazidə kişilərlə eyni yerdə çimsin”.




Ana səhifəyə qayıt        Baxış: 1 737          Tarix: 5-07-2017, 00:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma