ABŞ prezidentinin terrorçu İŞİD qruplaşmasına qarşı beynəlxalq koalisiyadakı xüsusi nümayəndəsi Brett Makqerk İran İnqilab Keşikçiləri Qvardiyasının “Əl-Qüds” qoşun komandanı Qasım Süleymani ilə görüşüb.
Məlumatı Küveytdə çıxan “Al-jarida” qəzeti yayıb.
Bildirilib ki, görüş sentyabrın 11-də olub. Tərəflər İraqda qurulacaq yeni hökuməti və başqa məsələləri müzakirə ediblər. Məlumata görə, Makqerk Süleymaniyə iki ölkə arasındakı bütün fikr ayrılığını kənara ataraq, İraqda yeni hökumətin qurulması məsələsində birgə işləməyi təklif edib.
“Makqerk deyib ki, Vaşinqton istənilən şəxsin baş nazir olmasına qarşı deyil, eləcə də Heydər Əl-İbadinin bu vəzifədə qalmasına qarşı çıxmır. Onun sözlərinə görə, ABŞ İraqda başlayan prosesin davam etməsini, İranın buna çətinlik yaratmamasını istəyir”, – qəzet vurğulayıb.
İnformasiyaya əsasən, görüş Makqerin təşəbbüsü ilə keçirilib.
İranlı general Qasım Süleymani amerikalı nümayəndəyə ölkəsinin İraqdakı konsulluğuna hücum barədə əvvəlcədən məlumatlı olduqlarına dəlil-sübut təqdim edib. O, Bağdad yaxınlığındakı ABŞ konsulluğuna hücumun İrana aiddiyyəti olmadığını çatdırıb.
“Süleymani amerikalıya xəbərdarlıq edib ki, İraq İranın “qırmızı xətt”idir və Tehran heç vaxt ondan imtina etməyəcək”, – mənbə vurğulayıb.
Süleymani qeyd edib ki, ABŞ İraqda İranın maraqlarına ziddi getməzsə, İran da İraqda ABŞ-ın maraqlarına qarışmamağa hazırdır. Qəzet bildirib ki, tərəflər İraqda yeni hökumət qurulanadək görüşü davam etdirməyi qərarlaşdırıblar. Onlar bildirib ki, hökumətsiz İraq daha təhlükəli vəziyyətdə olacaq.
Qeyd edək ki, 2017-ci ilin sonunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin o vaxtkı direktoru, indiki dövlət katibi Mayk Pompeo Qasım Süleymaniyə məktub göndərmişdi. O bu məktubda Tehranı İraqdakı ABŞ maraqlarına mümkün hücumlardan çəkinməyə çağırmışdı. Süleymani isə bu məktubu heç oxumadığını bildirmişdi.
Mayk Pompeo məktubda Süleymaniyə şəxsən onun və Tehranın mümkün hədələrə görə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq etmişdi.
İranın ali rəhbər ayətüllah Əli Xamaneynin administrasiya başçısı Məhəmməd Məhəmmədi-Qolpayeqani bildirmişdi ki, Süleymani həmin məktuba əhəmiyyət verməyib: “Bu yaxınlarda MKİ özünün regiondakı kontaktlarından birinin vasitəsilə general Süleymaniyə məktub göndərib. Süleymani bizə dedi ki, nə belə məktub alıb, nə də onu oxuyub. General deyib ki, onun bu adamlara deyiləcək sözü yoxdur”.(“Report”)
Paylaş: