Xəbər lenti

İyulun əvvəlində İsrail, ABŞ və Rusiya məxfi danışıqlar seriyasını keçirib.

Publika.az xəbər verir ki, bu haqda İsrail məmurları və Qərb diplomatlarına istinadən “Haaretz” nəşri bildirib.

Nəşrin yazdığına görə, danışıqlarda Suriyanın cənubunda atəşkəs rejimi, Suriya-İsrail və Suriya-İordaniya sərhədlərində təhlükəsiz zonaların yaradılması müzakirə edilib.

Adının çəkilməsini istəməyən mənbələr bildiriblər ki, danışıqlarda aparıcı diplomatlar və təhlükəsizlik güclərinin nümayəndələri iştirak ediblər. Danışıqlarda İsraili Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və MOSSAD kəşfiyyat təşkilatının nümayəndələri, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi, dövlət katibinin müavininin köməkçisi Maykl Ratni və İŞİD terror qruplaşması ilə mübarizə üzrə koalisiyada ABŞ prezidentinin nümayəndəsi Brett Makqerk, Rusiyanı isə prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev təmsil edirdi.

Qəzet qeyd edir ki, eyni gündə İordaniyanın paytaxtı Ammanda iki görüş keçirilib. Birincidə İsrail, Rusiya və ABŞ-ın nümayəndələri iştirak edib. Təl-Əviv öz mövqeyini Vaşinqton və Moskvaya təqdim edib. İkinci görüş İsrail, ABŞ və İordaniya arasında keçiririlib. Burada Təl-Əviv və Ammanın mövqeləri üst-üstə düşüb. Bir neçə gün sonra İsrail, ABŞ və Rusiyanın nümayəndələri Avropa paytaxtlarından birində görüşüblər.

Rusiya və ABŞ müzakirə olunan məsələlər üzrə razılaşsa da, İsrail tərəfi təhlükəsiz zonaların yaradılması üzrə razılaşmalara qarşı çıxıb. İsrail Moskva və Vaşinqtonun İran güclərinin Suriyadan çıxarılması ehtiyacına lazımı diqqət yönəltmədiyini bildirib.

İsrail hesab edir ki, razılaşmaya uzunmüddətli və strateji perspektivdə baxılmalı, müharibədən sonra İranın Suriyada təsirinin dərəcəsinə toxunmalıdır.

Nəşrin məlumatına görə, Təl-Əviv həmsöhbətlərə bildirib ki, razılaşma Suriyanın bütün ərazisində İranın mövcudluğu probleminin həllini təmin etməlidir. İsrail Rusiya və ABŞ tərəfinin diqqətinə çatdırıb ki, onlar İran İslam İnqilabı Keçikçilər Korpusu (“Sepah”), Livanın “Hizbullah” təşkilatı və digər şiə qruplaşmalarının Suriyadan çıxmasını tələb etməlidirlər. Əks təqdirdə İsrail və İordaniyanın təhdid altında ola biləcəyi vurğulanıb.

İyulun 7-də məlum olub ki, Rusiya, ABŞ və İordaniyanın ekspertləri Suriyanın cənub-qərbində təhlükəsiz zonasının yaradılması haqqında memorandumu razılaşdırıblar. Bunlar Dera, Kuneytra və Suveyda rayonlarıdır.

 

 




Ana səhifəyə qayıt        Baxış: 690          Tarix: 9-08-2017, 14:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma