Xəbər lenti

14 noyabr cümə günü səhər Sumıda güclü partlayış baş verib. İlkin məlumata görə, Rusiya ordusu hücum üçün hipersəs raketi “Zirkon”dan istifadə edib.

Musavat.com xəbər verir ki, bu barədə "RBC-Ukraina" Sumı şəhərinin icra başçısının səlahiyyətlərini icra edən Artyom Kobzarın və Ukrayna prezidenti Volodimir Zelenskinin Telegram paylaşımlarına istinadla məlumat yayıb.

Kobzar bildirib ki, şəhər sakinlərinin eşitdiyi partlayış düşmən raketinin şəhərin kənarına “düşməsi” nəticəsində baş verib. Onun sözlərinə görə, raket yola düşüb.

İlkin məlumata əsasən, xəsarət alan və ya ölən yoxdur. Partlayış nəticəsində yolun bir hissəsi zədələnib və nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Hadisə yerində aidiyyəti qurumlar işləyir.

Qeyd edək ki, 3M22 “Zirkon” Rusiya tərəfindən “analoqsuz super silah” kimi təqdim olunan hipersəs qanadlı raketdir. Raketi “NPO Maşinostroeniya” konstruktor bürosu hazırlayıb və ilk dəfə 2019-cu ildə rəsmi olaraq təqdim edilib.

Rusiya raketin texniki xüsusiyyətlərini açıqlamır, lakin müxtəlif dövrlərdə bəzi parametrlər elan olunub.

Mövcud məlumata görə, “Zirkon”un uçuş məsafəsi 400–600 km-dən 1000 km-dək dəyişir, sürəti isə 8–9 Maxa çatır. Raket 30–40 km hündürlüyə qalxır və təxminən 300–400 kq döyüş başlığı daşıyır. Uzunluğu təxminən 8-10 metrdir.

“Zirkon” raketləri 3S-14 tipli vertikal buraxılış qurğularından atılır. Rusiya bu sistemləri gəmilər, sualtı qayıqlar və mobil qurudakı platformalara yerləşdirir.

Bundan başqa, Rusiya bu raketlər üçün “Bastion” adlı yerüstü kompleks yaratdığını açıqlayıb. Həmçinin iddia olunur ki, işğal altındakı Krımda yerləşən modernləşdirilmiş “Obyekt 100” kimi stasionar komplekslərdən də buraxılış mümkündür.

Qeyd edək ki, Rusiya daha əvvəl də Sumı şəhərini “Zirkon” raketi ilə vurub. Son belə hücum avqustun 21-də olub. O zaman mütəxəssislər qalıqları araşdıraraq tətbiq edilən raketin məhz 3M22 “Zirkon” olduğunu təsdiqləyiblər.

“Defense Express”in məlumatına görə, bu, raketin 14-cü buraxılışı idi, lakin hücumun effekti zəif olub.




Ana səhifəyə qayıt        Baxış: 2 826          Tarix: Bu gün, 13:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma