Xəbər lenti

Martın 12-i Əməkdar İncəsənət Xadimi, tanınmış şair Adil Qasımlının doğum günüdür.Bu münasibətlə şairi təbrik edir, yeni şeirlərini "Ovqat.com" oxucularna təqdim edirk.

TAPILMAZ
 
Yaşamağa bircə yer var,- Yer səthi.
Bu gün bizə verilibdi bir yaşamaq fürsəti.
Ölüm ki var, çox əfi bir gürzədi,
onun qədər ümid üzən tapılmaz.
 
Deyirlər ki, öz hökmü var hər anın,
Dərdi verən yazır həm də dərmanın.
Fələyinsə bilən olmaz fərmanın,
Onun kimi quyu qazan tapılmaz.
 
Qırılarsan əgər bir az nəzilsən,
Qorun hər an, nə əz, nə də əzil sən.
Başda duran düz oynasa, düz olsa,
ayaqlarda oyunpozan tapılmaz.
 
Heç bilmirəm neyləmişik biz ona,
Dünya düşmür, düşmür əsla mizana.   
Görünür ki, hamı qaçsa asana
çətinlərə heç bir dözən tapılmaz.
 
Biri qıza, biri gülə bağlanar,
Biri sözə-şirin dilə bağlanar.
Allahına adam elə bağlanar
Əllərini ondan üzən tapılmaz.           
                                            01.01.2021
      NƏ DEYƏ BİLLƏM
 
Gördüm bu dünyanın halını belə,
Satanı elədi, alanı belə.
Allahım göndərən bəlanı belə
özümə ən gözəl hədiyyə billəm.
 
Desələr qətlinə fərman verilib,
Köləlik dərdinə dərman verilib,
Susmaq şərti ilə aman verilib,
Yenə də sözümü mən deyə billəm.
 
Haqqın aralıqdan itən yerində,
Nahaqqın bülbül tək ötən yerində,
Sözün ta tükənən, bitən yerində
Nə söyləyə billəm, nə deyə billəm?!..
                                                        07.01.2021
HALIM YAXŞIDI
 
Heç şeyin yoxdu axırı,
hər şeyin çıxıb paxırı.
İlan vursun o fağırı,
ondansa zalım yaxşıdı.  
 
Usandıq dərd daşımaqdan,
qazan dibi qaşımaqdan.
Vallah, belə yaşamaqdan
min dəfə ölüm yaxşıdı.   
 
Hamı dönüb goreşənə,
baş qoşma hər danışana.
Yalandan de, soruşana;
“Çox sağol, halım yaxşıdı.”  
                                       11.01.2021
      YOXUMUŞ
 
Pozulub mizan-tərəzi,
hamı gileyli, narazı...
Bildim, niyə
dönmüş imiş baxtın üzü,-
baxmağa üzü yoxumuş.
Kəsiblər su gələn arxı,
Çevrilib fələyin çarxı.
Kim deyib bu sözü, axı,-
“yazıya pozu yoxumuş”.
 
Bizi tutan
hansısa bir bədduaydı.
Dünyamız dünya deyildi,
yel dağıtmış bir yuvaydı.
Yenə bütün ümidimiz Allahaydı,
amma, amma görünən bu,-
olanlara
onun da sözü yoxumuş...      
                                   16.01.2021
            GİLEY
 
Allahım, bunca da olmaz,
bu Şeytan lap ağ elədi.
Hardansa Şəri gətirib
Xeyirə calaq elədi.
 
Gündə bir qəlibə girdi,
hər ürəyə, qəlbə girdi.
Ölənlə qəbirə girdi,
diriyə ikrah elədi.
 
Ara qarışdı, haqq getdi,
işlər çox baş-ayaq getdi.
Nə etdisə, şeytan etdi,
dedilər Allah elədi.
 
Sözünə qarşı çıxmadın,
dartıb, ipini yığmadın.
Rəhm edib, bizə baxmadın,
onu şahənşah elədin.
 
Yazıq gündədi bu bəndə,
Bir imdad diləyir səndən...
...Ha istədim susum mən də...
Bağışla, sənə ağ oldum,
Bağışla, günah elədim.
                                06.12.2020
             QORXU   
 
O zaman ki, biz var olduq,    
Qorxuyla ekiz doğulduq.        
 
…Qorxub, dördgöz olmuşuq
kim danışsa ucadan.
Yerdə xoxandan qorxmuşuq,
göydə damdabacadan.
 
Qorxa-qorxa yerimişik,
qorxmuşuq bərk qaçmağa.
Qorxu bizi qoymayıbdı
bir ləhzə göz açmağa.
Hara getsək, harda olsaq
görəcəyik ordadır.
Bir gün ölüb, gora getsək
görəcəyik gordadır.
 
Hansı səmtə yön alırıq,
Qorxu arxadan gəlir.
Başımıza nə gəlirsə, 
vallah, Qorxudan gəlir.
                                  8.12.2020
                 OLACAQ
 
Bir ağacsan, ayrılmısan yüz qola,
qol qoymusan yüz məzhəbə, yüz yola.
Sən bir adam deyilmisən, ay bala,
neçə üzün, neçə dilin olacaq?
 
Göstərmisən «qüdrəti» sən, «əzmi» sən,
Daşı belə eləmisən həzm sən.
Gücsüzləri xışlamısan , əzmisən,
indi görək, gücə dilin olacaq?
 
Altdan-altdan yandırma o pambığı,
Eşələyib yerə töksək sandığı,
O büt ki, var,­−sənin tanrı sandığın,
Seytan çıxsa, necə dilin olacaq?
                                                  04.02.2021
DÖNDÜM O YERLƏRƏ
 
Bir dəli sevdaydı, vurdu başıma
dedim baş götürüb bu yerdən gedim.
Yığıb-yığışdırıb yüngül yükümü
çiynimə götürüb şəhərdən gedim...
... Gəlmişəm o yerə, hardadı o yer?-
o çəmən, o çiçək gözümə dəymir.
Hardadı bu yerin sərin yelləri?-
üzümə toxunmur, köksümə dəymir.
Soyuq yellər əsib, sönüb od-ocaq,
yaxından, uzaqdan tüstü də gəlmir.
Necə qəribsəyib, Allah, bu bulaq,-
köçüb gedib qızlar, üstünə gəlmir...
Gəlmişdim bu yerə gül-çiçək dərəm,
burda nərgizmi var, laləmi vardı?
Dağılıb hər nə var, uçub hər nə var,
burda bir kənd-kəsək, qalamı vardı?
Niyə bu yerlərə gəldim mən, axı,
bağlanıb üzümə yolu-yolağı,
varlığım kimsənin yadına düşmür.
Burda tülkü gəzir, çaqqal ulayır,
burda qurd ağızlı itlər hürüşmür.
Hanı bu yerlərin o cah-calalı,
yamyaşıl örüşü, yamacı, yalı?
Sürüsü görünmür, naxırı yoxdu...
Nədən başlayıbdı ilki, öncəsi,
nədən bu işlərin axırı yoxdu?..
Niyə bura gəldim, görəsən, niyə?
Bir adamı yoxdu salam verməyə...
Bir daha anladım, dərk elədim ki,
mən bu tərəflərə nahaq varmışam.
O ömürdən keçən illərdən sonra,
dilinin hər sözü “can”-la başlayan
O dilli-dilavər ellərdən sonra
Nə o yerlər varmış, nə mən varmışam.
                                                          29.12.2020
BİR QƏDƏR KÖVRƏYƏM
 
Gördüyüm nə varsa gözü aldadır,
Gedib hər bir şeyin əzəlki dadı.
Güldürüb üstümə yaxını, yadı,
Daha buralarda qala bilmərəm.
 
Bir kimsəylə davam, öcüm qalmayıb,
Daha o hünərim, gücüm qalmayıb.
Bircə yolum vardı, seçim qalmayıb,
özümə özgə yol sala bilmərəm.
 
Bir qədər kövrəyəm, bir azca yuxa,
Vurmadım, vurmaram heç nala-mıxa.
İstəyirsiz gəlin, çəkin çarmıxa,
heç vaxt siz deyən tək ola bilmərəm.
                                                      15.12.2020
    ÖLMƏK OLMAZ
 
Yer yoxdu ayaq basmağa,
Yaşamağa yer qalmayıb.
Satılıb qəbr yerləri,
Bizlərə qəbir qalmayıb.
                                07.02.2021



Ana səhifəyə qayıt        Baxış: 8 424          Tarix: 9-03-2021, 07:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma