Xəbər lenti

Lütviyyə Əsgərzadə -Filologiya elmləri doktoru

  Bəzən insan bir zərrə işığın, bəzən bir səsin izinə düşüb gedir. Aylar öncə mən də II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Mirələm Mirələmovun ifasında dinlədiyim və sonralar da dinləməkdən doymadığım bir mahnının sehrinə düşdüm, desəm yalan olmaz. Bu qədər həzin, bir o qədər də təsirli sözlərin müəllifi Xuraman xanım Muradova həmin gün mükafatlandırıldı. Şəxsən tanış olmasaq da, Xuraman xanımı təbrik etdim. “Təbrik edirəm, Xuraman xanım, şeir yazdığınızı bilmirdim”, - dedim. O da incə bir nəzakətlə, “Sizə kitabımı verməmişəm”, - dedi. Bu zaman “Türk Dünyasının Onur - Şeref” medalına layiq görülən Xuraman xanımı mükafatı almaq üçün  açıq havada qurulan səhnəyə dəvət etdilər. Söhbətimiz yarımçıq qaldı. Xuraman Muradovanın yaradıcılığını araşdırdım, saytlarda gedən şeirlərini oxudum. Xuraman xanımın “Sənə məktub yazacam” adlı şeir kitabının olduğunu öyrəndim. Öyrəndim ki, Xuraman xanım Muradova uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğuldur. "VİP Milan Hospital"-ın təsisçi direktorudur. Tibb sahəsində çalışır. Səmimi, təvəzökar, xeyirxah ivə xeyriyyəçi nsan olan Xuraman xanım hər zaman şəhid ailələrinin, qazilərin yanında olur, onlara maddi və mənəvi yardımlar göstərir. Ömrünü müqəddəs bir missiyaya həsr edən Xuraman xanım Oksford Akademiyasının fəxri professoru, Avropa Tibb Assosiasiyasinin və EPMA-nin fəxri üzvü, Türk Dünyası Beynəlxalq Akademiyasının fəxri professoru, Azərbaycan Yazıçılar Birliyinə üzvüdür.

Hələ orta məktəbdə oxuduğu illərdən bədii yaradıcılıqla məşğul olsa da, uzun illər yazdığı şeirləri çap etdirməyib, mətbuat səhifələrinə çıxarmayıb.
 Yalnız Xalq şairi Nəriman Həsənzadə və Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun israrından sonra şeirlərini müxtəlif mətbuat səhifələrində və internet portallarında yayınlayıb və şeirlər oxucular tərəfindən böyük maraqla qarşılanıb. Az bir müddətdə Xuraman Muradova imzası ədəbiyyatsevərlər arasında məşhurlaşdığı kimi, oxucular tərəfindən də aranan, izlənən imzaya çevrilib. İstedadlı şairə dəfələrlə fəxri fərman və mükafatlarla təltif olunub. Türk Ədəbiyyatı Vəqfinin "Türk ədəbiyyatına üstün hizmət" baratına, Kərkük Kültür Dərnəyinin "Türk şeirinə hizmət" ödülünə eləcə də, "Hümay" Milli Mükafatına, Azərbaycan Respublikası “Təhsil” Mərkəzi tərəfindən “Abdulla Şaiq” mükafatına, Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi tərəfindən “Xurşid Banu Natəvan” mükafatına, “Borçalı” nəşriyyatı və “Zirvə” İnformasiya Mərkəzi tərəfindən “Zirvə” mükafatına layiq görülüb.  Layiq görüldüyü mükafatlar Xuraman İsmayıl qızı Muradovanın xidmətlərinin ölçüsüdür, - desək yanlış olmaz. Mən isə yazımda poeziyasının işığının izinə düşdüyüm şərəfli, qeyrətli və xeyirxah iş qadını olmaqla yanaşı, həm də istedadlı şairənin şeirləri üzərində durmağa çalışacam. 

Şeir mənim ruhumun dərmanı, ehtiyacıdır. Bəzən bir misra  məni məndən alıb götürür, təsirləndirir, düşündürür. Amma bunu hər şeirə aid etmək olarmı? Təbii ki yox. Xuraman xanımın “Sənə məktub yazacam” şeirini oxuduqca bir oxucu olaraq haldan-hala düşdüm. Duyğular mənə o qədər tanış idi ki... Şeir “sənə məktub yazacam”, - sözləri ilə başlasa da, şairənin təfəkküründə məktub yazılıb, tamamlanmışdı. . Yazılan misralar məktubun niyə və hansı duyğularla, hisslərlə yazılacağını bəyan edir. Yazının bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunması yalan deyilmiş:

 

Sənə məktub yazacam…
 Yazacam şirin dillə.
 Könlünü ovunduran-
 Yazacam, üç-beş cümlə.

 

Yazılacaq məktub o qədər ülvi, səmimi duyğularla yazılacaq ki... Şairənin “lirik mən”i  sözləri artıq seçib, həsb-hal havasında yazılan şeirdə nəyi yazıb- yazmayacağını artıq qərarlaşdırıb. Bu bir ənənəvi həsb-hal təsiri bağışlayır. Burada yağışlar yağır, küləklər əsir və s.

 

Sənə məktub yazacam...

Yağışın yağmasından.

Küləyin əsməsindən,

Günəşin doğmasından...

 

Yazılacaq çox sey olsa da, məktub yazılan şəxsə olan sevgisindən yazmayacaq. Bu, “lirik mən”in  məktub ünvanlanan şəxsə cəzasımı? Bəlkə də...

 

Nə bilim daha nədən,

Yazılası çox şey var...

Amma yazmayacam mən,

Sənə olan sevgimdən...

 

“Lirik mən” məktub yazacağına və nələri yazacağına qərar versə də hələ məktubu yazmayıb, “Bu gün, ya da sabah yazacaq, “əsas odur ki, yazacağına qərar verib”. Məktub yazılan şəxsə and verir, “Oxu, sən Allah”. 

 

Sənə məktub yazacam,

Ya bu gün, ya da sabah.

Əsas odur yazacam,

Amma oxu, sən Allah.

 

Yazılacaq məktuba hər şeyi sığdıracaq, “Yağışın yağmasından”, “Küləyin əsməsindən”, “Günəşin doğmasından”, “xatirəsindəki izindən”, “yerdən, göydən, dənizdən yazacaq”.

 

Sənə məktub yazacam,

Xatirəmdəki izdən.

Sənə məktub yazacam,

Yerdən, göydən, dənizdən.

 

Bütövlükdə, sevdiyi nə varsa ondan yazcaq, xəyallarında baş alıb gedən ümidlərindən, uzaq yerlərdən yazacaq. “Lirik mən” sevdiyinə xitabən uzaqda, onsuz keçən günlərdən yazacağı məktubda, yalnız ona olan sevgisindən bəhs etməyəcək:

 

Sevdiyim nələr varsa

Yazacağam ondan mən.

Xəyallarda baş alıb

Gedən ümidlərimdən.

 

Sənə məktub yazacam,

Səndən uzaq yerlərdən.

Sənə məktub yazacam,

Sənsiz keçən günlərdən.

Amma yazmayacam mən

Sənə olan sevgimdən.

 

Sevgidən bəhs edilməyən şeirdə sevginin ən gözəl və poetic etirafı… Bəzən sevgi sözü o qədər yerli-yersiz işlənir ki, dəyəri qalmır. “Sənə məktub yazacam” şeirində sevgidən yazılmasa da, sevginin az qala yox olduğu və ya ucuzlaşdığı XXI əsrdə yazılan sevgi şeiri kimi möhtəşəmdir. Sevgidən yazılmasa da, yazılan hər sözə, sevənin, “lirik mən”in sevgisi, həsrəti, özləm duyğuları hopub. 

Sevgi insanın özünü dərk etdiyi andan etibarən hiss etdiyi bir duyğudur. Duyğudan, hisslərdən bəhs etmişkən, hisslərin adı var, özlərini görmürük. Məsələn sevgi, darıxmaq hissini kimi. Sevgi kimi, darıxmağın da nə rəngi var, nə də görürürk. yalnız hiss edirik. Bəzən insan bu duyğuları anlatmaqda çətinlik çəkir.  Sevgi və ya sevmək eyni zamanda, həsrətdir, darıxmaqdır. Özünü unutmaqdır. Sevginin rəngi olmadığı kimi, darıxmağın da rəngi yoxdur.  Hegelə görə, sevən adam özünü başqasında tapır (və ya itirir). Yəni özünü unudan sevən insan, özünü tapdığı və ya itirdiyi başqası üçün darıxır. Bu duyğular, bu hisslər Xuraman xanımın “Darıxmaq” şeirində o qədər səmimi və şairanə duyğularla ifadə olunur ki… 

 

Darıxmağın rəngi olmur, əzizim.
 Darıxmaq şeh tutan gülə bənzəyir.
 Yandırar qəlbini gözə görünməz.
 Ocağında sönmüş külə bənzəyir.

 

Darıxmaq sevən insanın sevgisinin, həsrətinin ölçüsüdür. Sevən insanın yol yoldaşıdır. Bir zamanlar dəhşətli darıxmaq hissinin təsiri ilə yazdığım “Ruhun diksinmirmi darıxıram mən”, - kontekstindən və Hegelsayağı yaxınlaşsaq, özünü başqasında itirən və ya tapan sevən insan darıxanda, qarşı tərəf bunu hiss etməlidir. Təəssüf ki, bu həmişə belə olmur.


 İnsana ayrılmaz bir yoldaş olar,
 Sığınar dərdinlə bir sirdaş olar,
 Darıxmaq qəlbində dərin iz salar.
 Tufanla sovrulan yelə bənzəyir.

 Bəzən deyirlər ki, darıxmaq hisslərin ən qəddarıdır. Şairə xanım “Darıxmağın rəngi yoxdur, əzizim”, - şeirində hisslərin ən qəddarı sayılan darıxmağın, insanı haldan-hala salmasının, “can evindən yaralamasının”, “əridib məhv etməsinin, saçını ağartmasının” sözlə şəklini çəkir, onu “bir çaya, gölə, lal olmuş dilə” bənzədir:

 

Çox dayaz görsənər, amma dərindi,
 Həsrəti ömürlük qəlbdə yerindi,
 Üşüyər hər zaman, yeri sərindi,
 Darıxmaq bir çaya, gölə bənzəyir.

 Yaralar adamı öz can evindən,
 Əridər, məhv edər, saça salar dən,
 Susarsan, ürəyin dolar kədərdən.
 Darıxmaq lal olmuş dilə bənzəyir.

 Eyləyər qəlbini lap oyuq-oyuq,
 Hərdən qaynar olar, hərdən də soyuq,
 Eyləməz özünü heç nəyə layiq
 Darıxmaq, səhraya, çölə bənzəyir.
 

Meksika şairi Oktavia Pas poeziya haqqında yazır: “O (poeziya), ilhamdır, nəfəsdir, səhrada duadır, mövcud olmayanla ünsiyyətdir: o, sıxıntıdan, ağrıdan və ümidsizlikdən qidalanır”. Xuraman xanım Muradovanın   şeirləri də ilhamdır, nəfəsdir, duadır, istəkdir. Bütün bunları onun “Yaz dərdimi” şeirində “lirik mən”inin duyğularında izləyə bilərik. 

“Lirik mən”in “yaz” deyə müraciət etdiyi şəxsdən istəyi var: 

 

Yaz notlara dərdimi,

Mənə ümid bəstələ...

Dərdlərimə nəfəs ver,

Nəğmələrində səslə...  

 

Və ya


 Küsən xəyallarımın
 Saclarından as məni.
 Soyuğunda azdığım
 Həsrətinlə kəs məni.



 “Lirik mən” sevdiyindən onu “küsən xəyallarının saçlarından asmasını”,   “soyuğunda azdığı həsrətiylə kəsməsini istəyir”. Bu sevgi deyilmi? “Lirik mən” özünü “gecənin yaxasından asılmış ulduza”, “qaranlıqlar içində susmuş yalqız”a bənzədir. Nə qədər gözəl və yerində seçilmiş bir bənzətmə, “Gecənin yaxasından asılmış ulduz”.:  

 

Gecənin yaxasından
 Asılan ulduz kimi.
 Qaranlıqlar içində
 Susmuşam yalqız kimi.

 

Şairənin orijinal ifadələri və bənzətmələri oxucuda səmimi duyğular yaradır, onu düşündürür. Məsələn, “Dərdimin tumarı var” və ya “həsrətim buz bağlayıb, donan baxışlarında”. “Dərdin tumarı”, “Donan baxışlarda buz bağlayan həsrət”, “Gecənin yaxasından asılan ulduz”, “Soyuğunda azan həsrət” və s. Bu tumar (sığal) sevənin sevdiyinin saçlarına toxunması və ya sığal çəkməsi deyil, “dərdin tumarıdır”. Sevdiyinin verdiyi dərdə çəkilən tumar. Və ya “lirik mən”in sevdiyinin donan baxışlarda buz bağlayan həsrəti”

 Dərdimin tumarı var
 Yağan yağışlarında.
 Həsrətim buz bağlayıb
 Donan baxışlarında.

 Sonda “lirik mən”in “yaz” deyə müraciət etdiyi,   “ömür sirrini” etibar etdiyi şəxsdən   daha bir bir  istəyi var: 

 

Dərdimin notlarını
 Heç kəsə vermə, saxla.
 Bu, bir ömür sirrimdi,
 Darıxsan oxu, ağla.

 

Latıncada not və ya nota  qeyd və ya işarə deməkdir. Not Hər hansı musiqi səsinin şərti qrafik işarəsi, musiqi və ya mahnıda səsin özü, qrafik işarələrlə yazılmış musiqidir. Notlarla musiqi bəstələnir. Şairənin “dərdimin notları” fikrinin üstündən keçə bilmirəm. Not sözünü duyan kimi, istər-istəməz səsli düşünürəm: Do-Re-Mi-Fa-Sol-Lya-Si. Bu notların adlarının sirri var. Not savadının müəllifi Orta Əsrlər dövrünün musiqi nəzəriyyəçilərindən və müəllimlərindən olan, XI əsrdə yaşadığı təxmin edilən rahib Qvido Aretinski (Qvido d`Arettsodur). Notlar məbəd nəzdində musiqi və kilsə xorunun nəğmə   müəllimi olan Qvidobun not savadı üzərində çalışmalarının nəticəsidir və not adlarının müasir interpretasiyası bu şəkildədir: Do – Dominus – Allah; Re – rerum – materiya; Mi – miraculum – möcüzə; Fa – familias planetarium – yeddi planet, yəni Günəş sistemi; Sol – Solis – Günəş; La – Lactea via – Kəhkəşan; Si – siderae – səma.  Məhz Qvidonun nüfuzu sayəsində təsdiq edilən Qərbi Avropa ölkələrində latın əlifbasının ilk yeddi hərfinin (ABCDEFG) istifadə olunduğu latın hərf notasiyası, bu günədək öz aktuallığını itirməyən həmin sistem sonralar bütün dünya tərəfindən qəbul olunub. 

                “Lirik mən” “dərdimin notlarını / Heç kəsə vermə, saxla. / Bu, bir ömür sirrimdi, / Darıxsan oxu, ağla” - sözlərinə bütün notların: Do – Dominus – Allah; Re – rerum – materiya; Mi – miraculum – möcüzə; Fa – familias planetarium – yeddi planet, yəni Günəş sistemi; Sol – Solis – Günəş; La – Lactea via – Kəhkəşan; Si – siderae – səma” və sirləri yüklənib. Ya da, “lirik mən”in sevdiyinə pıçıldadığı ömür yolunun sirləri bu notlarla ifadə olunub. Notlar “lirik mən”in ömür yolunun kodları, dərdinin notlarıdır. Yalnız bir şəxsə etibar edilən “ömür sirri”.

Bir mahnının sehrinə düşüb yazdığım yazını notlarla və notlara pıçıldanan, sözlərə yüklənən “ömür sirri” və etibarla bitirməyim də bəlkə Xuraman xanım Muradovanın poeziyasının sehrinin və sözünün təsirindəndir. Söz adlı sehrdən toxunan xalça ilmələri kimidir şeirləriniz. Sözün sehri və seyri ilə onların məziyyətlərinin duyduğum qədər açmağa, anlatmağa çalışdım.

Sizə şəxsi həyatınızda, sahibkarlıq fəaliyyətinizdə və yaradıcılığınızda  uğurlar, yeni-yeni nailiyyətlər arzulayıram, Xuraman xanım!




Ana səhifəyə qayıt        Baxış: 2 217          Tarix: 18-05-2025, 16:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma