Xəbər lenti


 

Hüseyn Bağıroğlu


_______


Bir neçə gündən sonra – iyunun 15-də tanınmış şair Məmməd Tahirin 70 yaşı tamam olur.

 

Məmməd Tahir yaxşı şair olduğu qədər yaxşı da insandır. Yaxşı adamların hədiyyəsini isə fələk özü gətirər. 

 

Təsadüfə baxın ki, redaksiyamıza ünvanlanan məktubları incələrkən şair Hüseyn Bağıroğlunun şeirləri ilə rastlaşdım. Elə ilk şeirinin Məmməd Tahirə həsr olunduğunu gördüm. Düşündüm ki, bu məktub fələyin şairə göndərdiyi hədiyyədir. Şadam ki, hədiyyəni tam ünvanına çatdırmaq bizə düşdü.

 

Ovqat.com redaksiyası olaraq şair Məmməd Tahiri şair Hüseyn Bağıroğlunun şeir çələngi təbrik edirik.

 

 

Göy üzündə sevinc, yer üzündə qəm 

 

Məmməd Tahirə

 

Yol gəlir bu ömrün lap əvvəlindən,

Bir gözündə sevinc, bir gözündə qəm.

Bilmirəm, nə deyib tutdu əlindən,

Göy üzündə sevinc, yer üzündə qəm.

 

Fikirin əlçatmaz budaqlarını,

Çırpıb, bir-bir salır misralarını.

Misra-misra qurur öz sarayıni,

Bir sözündə sevinc, bir sözündə qəm.

 

Sevgidi bəzəyən bəşər ömrünü,

Bəşərin bu xeyir, bu şər ömrünü.

Bax, o da beləcə yaşar ömrünü,

Bir üzündə sevinc, bir üzündə qəm.

 

Bir quru səhradı aşiqin taxtı,

Ey taxtın üstündə açılar baxdı,

Yurdunda eşq ilə, yanan ocaqdı,

Bir gözündə sevinc, bir gözündə qəm. 

 

Bəzən öz içində itir bu yolçu,

Qəribə nəğmələr ötür bu yolçu.

Gedir gələcəyə, gedir bu yolçu,

Bir icazədə sevinc, bir icazədə qəm.

 

 

Göyün qulağına söz pıçıldadıq

 

Ay oğul, hər oğul söz pıçıldamaz,

Yaradan yar oldu, biz pıçıldadıq.

Sən elə bil ki, söz idi onlar,

Yandı bu dil-dodaq, köz pıçıldadıq.

 

Mələklər göylərdən enməsə nə qəm,

Dağlar daşa dönüb dinməsə nə qəm,

Sözümüz bayrağa dönməsə nə qəm,

Yurdun bayrağına söz pıçıldadıq. 

 

Ötməyən halı var bizim çağların,

Cavan uşağıydıq qoca dağların,

Nuru Aya düşdü al yanaqların,

Yarın yanağına söz pıçıldadıq.

 

Qərib gəlmişdilər qərib getdilər,

Göylərin qəlbini görüb getdilər,

Könül budağını qırıb getdilər,

Gülün budağına söz pıçıldadıq.

 

Sapa düzmədilər saz deyənləri,

Gözlə görmədilər göz deyənləri,

Bu dünya duymadı biz deyənləri,

Göyün qulağına söz pıçıldadıq.

 

 

Sənsiz qoca dünya bir şey deyilmiş

 

Bu güzgü, bu da mən, o özgə kimdi-

Kim onu tanısa ənamı vardı.

Sən eşqin anasın ağlar qoymusan,

Daha bu dünyada mənası vardı.

 

Bu Göy baxdığımız o Göy deyilmiş,

Mey bildim içdiyim hec mey deyilmis.

Sənsiz qoca dünya bir şey deyilmiş,

Nə dadı, nə düzü, nə tamı vardı.

 

Həsrət xırmanında ömür sovrulur,

Qaynayan qanım da dönüb su olur.

Nə bu çiçəklərin ətri duyulur,

Nə də mələklərin salamı vardı.

 

Eşqinlə bülbültək ötəli könlüm,

Ödədi nə qədər bədəli könlüm.

Nur dolu bir göldü bu dəli könlüm,

Orda səndən özgə sonamı vardı?

 

 

Alın yazısını oxumaq olmur 

 

Elə bil dəryadı, batıb gedirsən,

Sənin gözlərinə çox baxmaq olmur.

Dəlisov, ərköyün uşaq kimidi,

Ürəyin sözündən heç kəs olmur.

 

Mən sənsiz bu yerə, bu göyə yadam,

Nə göy çadırımdı, nə də yer adam.

Bəlkə də cənnətdə darıxar adam,

Səninsə yanında darıxmaq olmur.

 

Ahlar göy üzünə tuşlanan oxdu,

Qərib bir ah çəkdi, göylər duruxdu.

Nə qədər dil bilsən bir xeyri yoxdu,

Alın yazısını oxumaq olmur. 

 

Deyər

 

Ürəyin utancaq, sirli eşqini,

Söz dayaz danışar, göz dərin deyər.

Dilinin ucundan qayıdıb gedən,

“Sevirəm” kəlməsin gözlərin deyər.

 

Eşq saymaq olarmı söylə hər eşqi?

Könül tər saxlayar hər an tər eşqi.

Bu göy eşqidirmi, yoxsa yer eşqi?

Kül altda közərən gözlərin deyər.

 

Sevgidən solmayan bir libas geyin,

Hüsnündən xətiri qalmasın göyün.

Sən hansı qatından gəlmisən göyün?

Yollara yazılan izlərin deyər.

 




Ana səhifəyə qayıt        Baxış: 1 784          Tarix: 12-06-2025, 13:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma