Xəbər lenti

                

    Tanınmış şair Məmməd Tahirin "Məhbəsdə bitən çiçək" poeması bu günlərdə "Xəzan"jurnalında dərc edilib.Maraqlı olacağını nəzərə alıb əsəri "Ovqat.com" oxucularına təqdim edirik.

 POEMA

Hökm oxunur,
 Sükut çökür kiçik zala.
 Hakim baxır.
 Məhbus düşür haldan-hala.
 Sən vaxta bax, zamana bax.
  Çiçək kimi
 Ləçəkıəri quruyan bu gümana bax.
 Çilik-çilik olur onun
 İçindəki düşüncələr.
 Kəsir ömür yollarını
 Sərt döngələr.
 Hökm oxunur.
 O, ömrünün dörd ilini
 Dar məhbəsdə keçirəcək.
 Dağ qartalı günlərini boş-boşuna
 Bir qəfəsdə keçirəcək.
 Görən nədir bəs günahı,
 Nədir suçu?
 Hökm oxunur.
 Nə üzücü,
 Nə yorucu.
 Xətt çəkilir dörd ilinə,
 Dörd il məhbəs.
 Həyat, arzu, mavi göylər,
 Bir dar qəfəs.
 Hökm oxunur.
 Hakimin son sözünə bax,
 Sən o gəncin- gözünə bax.
 O gözlər ki,təmiz,duru.
 Rəssam ola çəkə onu,
 O duruşu, o qüruru.
 O gözlər ki,
 Nə həyəcan, nə qorxu var.
 Ancaq onun gözlərində
 Doğruları göstərəcək
 Bir yuxu var.

          ***

Yorucu məhbəs günləri,
 Bir-birinin eyni, oxşarı.
 Beyin düşünməkdən yorulanda
 Barmaqlar morze əlifbası kimi
 Döyəclər  divarı.
 Burda vaxt ağır keçir,
 Bir saat bir il qədər.
 Zəncirin bir ucundan asılır dəqiqələr.
 Ha çəkirsən, gəlmək bilmir.
 Zaman ağlamağa alışıb,
 Saniyələr gülmək bilmir.
 Hər günü mübarizədə,
 Döyüşlərdə keçən ömür
 Dar otağa necə sığsın?
 Uca dağlar aşıb gələn
 Qara sellər
 Dar yatağa necə sığsın?
 Gecəsini gündüzünə qatan adam,
 Millət üçün dincliyini atan adam
 Necə sığsın dar qəfəsə?
 Öz canını qurban edər,
 Vətən ona əmr eləsə.

               ***

İlk günü belə keçir,
 Fikir, qüssə, sıxıntı.
 Pəncərədən boylanır,
 Azadlıq nə yaxındı.

 Baxır,qəlbi kövrəlir,
 Ürəyi tel-tel əsir.
 Bu məhbəs divarları
 Onun önünü kəsir.

 

Bircə addım o yanda
 Açıqdı uzun yollar .
 O üzdə həsrət çəkir
 Ona sarılan qollar.

 Önündə bir sədd şəkir,
 Dar məhbəs divarları.
 Çox arzuya xətt çəkir,
 Dar məhbəs divarları.

 Düşünür dərin-dərin,
 Günahı nədə olub.
 Döyüşçü dostlar demiş,
 O ki çox sadə olub.

 Azadlıq hərəkatı
 Başlayan gündən bəri.
 Doğrusu, olmayıbdır,
 Nə axşam, nə səhəri.

 Döyüşüb millət üçün,
 Döyüşüb torpaq üçün.
 Yal-yamac,dərə,təpə,
 Çiçək, ot, yarpaq üçün.

 Döyüşüb ana yurdu
 Dumandan, çəndən çıxsın.
 Ağrı-acısı candan,
 Zəhər bədəndən çıxsın.

 Düşünür,çox düşünür,
 Bəs günahı nə olub?
 Ana yurdun dərdinə,
 Bəlkə biganə olub?

 Düşünür, son məhkəmə,
 Yadına düşür bəzən.
 Qəzəbli bir səs ilə
 Hakim sorur:kimsən sən?

 Mən bu yurdun yolunda
 Canını verən biri.
 Yüz iyirmi üç dostu
 Qollarının üstündə
 Ölən,can verən biri.

 Cənab hakim, sayımmı,
 Nə torpağam, nə daşam.
 Böyrəyinin birini
 Bu yolda verən biri,
 Sadə bir vətəndaşam.

 Mən yurdun səmasında
 Qanad açan bir quşam.
 Onun ağır günündə
 Döyüşən vətəndaşam.

 Keçirir göz önündən
 Son məhkəmə zalını.
 Düşünür dönə-dönə
 Hakimin sualını.

            ***

Dörd ay keçdi beləcə,
 Hər günü bir il oldu.
 Məhbəsdə mübarizə,
 Bu, siyasi bir yoldu.

 Aclıq etdi,ac qaldı,
 Günlərlə dar qovuşda.
 Bir qurd necə yaşayar
 Çürümüş bir koğuşda.

 Məhbəsdə dustaqların
 Haqqı hər an tapdanır.
 Çox vaxt dustaq hüququ
 Rəis əlində “yanır”.

 

Artıq ikinciü həftə
 Keçib geridə qaldı.
 Burda qorxu, itaət
 Neçə-neçə can aldı.

 Qanad aldı yellərdən,
 Günlər, saatlar keçdi.
 On səkkiz gün ac qaldı,
 Nə yedi, nə də içdi.

 Rəis razılıq verdi,
 Eşidildi haqq səsi.
 Bax, onu qalib etdi
 Dözümü, iradəsi.

 Nəhayət o gün gəldi,
 Yaddaşlara yazılsın.
 Dustaqlıq tarixində
 Bir ilk kimi qazılsın.

         ***

 Çıxırdı gəzintiyə
 Hər gün səhər dustaqlar.
 Uça divar üzündən
 Görünmürdü uzaqlar.

 Gəzirdi asta-asta,
 Hər addımı söz idi.
 Ürəyinə basılan
 İsti,yanar köz idi.

 Birdən divar dibində
 Bitən bir çiçək gördü.
 Durub baxdı heyrətlə,
 Dərindən köks ötürdü.

 Belə zərif çiçəyin
 Burda bitməyi qərib.
 Görən nədən güc alıb,
 Gəlib burda çüçərib.

 Dustaqlar addım-addım
 Elə bil ölçüb gedir.
 Bu çiçəyə baxmadan
 Yanından keçib gedir.

 Dizlərini qatlayıb
 Çökür çiçək önündə.
 Ürəyində varmı dərd,
 Sorur, çiçək, sənin də?

  Səni qəmli görürəm,
 Könlündə nəsə vardır.
 Duruşun kədərlidi,
 Gözündə qüssə vardır.

 Saçına sığal çəkir
 Uzaqdan əsən külək.
 Sən mənə təsəllisən,
 Məhbəsdə bitən çiçək.

 Ləçəklərin çox zərif,
 Sən incədən incəsən.
 Bir cəsarət rəmzisən,
 Bu duruşla məncə, sən.

 Biləsən, mənim könlüm
 Sənin tək incə deyil.
 Bu məhbəsdə yaşamaq,
 Əsla, könlümcə deyil.

 Bəlkə quş dimdiyindən
 Düşübsən bir toxum tək.
 Göyərib, süslənibsən,
 Məhbəsdə bitən çiçək.

 Yan-yörəndə nə çiçək,
 Nə bağça, nə bağın yox.
 Sən də elə məhkumsan,
 Getməyə ayağın yox.

 

Dünyada çiçək çoxdu,
 Meşə,çöl, yamac,ətək.
 Bu, sənin taleyindi,
 Məhbəsdə bitən çiçək.

 Sevdim səni,çox sevdim,
 Məhbəsdə bitən çiçək.
 Xatirə qalsın deyə,
 Gəl, bir şəkil çəkdirək.

 Ömrünə rəng qatırdı
 O çiçəklə söhbəti.
 Unudurdu bir anlıq
 Dərdi, qəmi, möhnəti.

             ***

Bir müddət keçdi belə,
 Başı yaman qarışdı.
 Bir gün gözünü açıb,
 Gördü qapıda qışdı.

 Bir gün yenə dustaqlar
 Gəzintiyə çıxmışdı.
 Çöl-bayır, ev həsrəti
 Onu yaman sıxmışdı 

 Bir-iki addım atdı,
 Divarın dibinədək.
 Birdən gözü sataşdı,
 Gördü quruyub çiçək.

 Zülmət çökdü gözünə,
 Sanki içi titrədi
 İtirəndə anlayır,
 Budur, insan fitrəti.

 Daha bir həftə  keçdi,
 Göyün yadından çıxdı,
 Yer də onu unutdu.
 Ancaq bir sual qaldı,
 Onu məhbəs havası,
 Ya soyuqmu qurutdu?

            ***

Ona bir heykəl qoyduq,
 Söz oldu əti, qanı.
 Sormayın, o, kim, hanı,
 Onu sizə göstərdim.
 Şübhəsiz, tanıdınız
 Səyavuş Mustafanı.

         Bilgəh sanatoriyası
          02-12.06.2025




Ana səhifəyə qayıt        Baxış: 1 927          Tarix: 18-09-2025, 08:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma