Xəbər lenti

Biri var idi, biri yox idi. Bir məmləkətdə varlı bir kişi yaşayırdı. O, zəfəran satışı ilə məşğul idi. Bir gün həmin varlı, içərisində 500 qızıl olan kisəni zəfəran taylarının arasında itirdi. Anbarı boşaltdırdı, amma kisə tapılmadı.

Tezcə hər yana elan verdi ki, kim kisəni tapıb qaytarsa, ona ənam verəcək.

Mükafat olaraq həmin varlı, tapılan qızılların tən yarısını verməyə söz verdi.

Yoxsul bir Allah bəndəsi, yəni Allahdan qorxan bir mömin, həmin pul kisəsini tapır və həmin varlıya gətirir. Amma varlı kişi çox xəsis idi. O, pulu görən kimi xəsisliyi daha da şiddətlənir. O, verdiyi sözü yerinə yetirməmək üçün yalandan deyir ki, həmin pul kisəsində bahalı bir qolbaq da var idi, onu da qaytarmalısan.

Yoxsul bunu eşidən kimi, üzünü həmin yalançıdan döndərib, incik halda çıxıb gedir. Amma onun bir savadlı qonşusu var idi, hadisəni eşidən zaman deyir ki, sən öz haqqından bu formada imtina edə bilməzsən, əslində həmin yalançını haqsızlıq etməyə təşviq edirsən. Gələn dəfə o, daha da cürətlənəcək və haqsızlıqları davam etdirəcək.

Allah bəndəsi olan bu kasıb, haqqını müdafiə etmək üçün qazının yanına gedir. Qazı ədalətli və təqvalı bir insan idi. Kasıb ona hadisəni nəql edəndə, o, xəsis varlını yanına çağırıb, məsələni ondan dəqiqləşdirir.

Xəsis varlı yalanını ona təkrar edir. Qazı bir az fikirləşdi və cavabında belə dedi:

- Sən deyirsən ki, sənin pul kisənin içində qızıl qolbaq da var idi. Deməli, bu kişinin tapdığı kisə sənin deyil, çünki burada qolbaq yox idi. Bu kişinin şahidləri var ki, tapılan kisədə qolbaq olmayıb. Qaytar onu bu Allah bəndəsinə, gedib yiyəsini axtarsın. Demək, sənin pul kisən hələ tapılmayıb. Qaytar onu bu kişiyə, səninki tapılana qədər isə səbir et. Nə vaxt 500 qızıl və qolbaq ilə olan kisə tapılar, o zaman bilərsən ki, sənin kisəndir.

Vəziyyəti belə görən varlı xəsis, birdən yadına saldı ki, yox, bəs qolbaq yox idi kisədə, elə ancaq 500 qızıl idi. O, daha inadkarlıq etmədən, qızılların yarısını kasıba verdi.

Amma mövzu bununla bitmədi. Məhkəməyə hörmətsizliyə və yalançı şahidliyə görə varlı xəsis 100 qızıl cərimə də ödədi.

Zeynəlabidin Əliəkbəroğlu,

“Dəyərlər”in oxucusu




Ana səhifəyə qayıt        Baxış: 1 295          Tarix: 6-05-2017, 13:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma