Xəbər lenti

 Ana çörək bişirir .

İsidibdir təndiri, çörək bişirir ana,

Odun, közün içində əlləri yana-yana.

 Təndirin divarında çörəklər bir-bir bişir,

Ananın gözlərindən ara-sıra yaş düşür.

 Çızıldayır damçılar köz üstündə elə bil,

Qovrulan ürəyidir, gözdən düşən yaş deyil,.

İsti çörəyin ətri yayıldıqca dörd yana,

Qulağı səsdə, baxır tez-tez ətrafa ana. ...

İndi oğlu gələcək, üz-gözündən öpəcək,

Kəsib isti cörəkdən sonra dil-dil ötəcək.

- Kim mənim anam kimi çörək bişirə bilir?

 Anamın çörəyindən cənnətin ətri gəlir!

Yanar közün üstünə bir az ayran səpəcək,

Sonra da anasının əllərindən öpəcək.

Əsir ana əlləri, çörək düşür əlindən,

 Bəxti, taleyi ondan bunca küsmüşdür nədən?

Bircə oğluydu axı dünyada varı, yoxu,

Onu böyüdənəcən bilmədi nədir yuxu.

İndi gözü yollarda, qulağı səsdə qalıb,

Vətən adlı anası oğlunu ondan alıb.

Bir il var çörək yapır, gözü yaşlı gözləyir.

 İsti çörək ətrini sevən oğlu gəlməyir.

Kəsib isti çörəkdən bir tikə də yeməyir,

Çörək boyat olunca acımışam deməyir.

 Ana çörək bişirir övladının xətrinə,

Güman edir gələçək oğlu çörək ətrinə.

 Fikir aparıb onu, sönüb təndirin odu,

Gözü önündə heykəl – bu oğludu, bu, odu.

Hər yandan qayğı, diqqət: ana yenə də tənha,

 Ümidləri böyükdür gələn günə, sabaha.

Amma onun ürəyi təndir tək yanasıdır,

 Bu tənha, məğrur qadın bir şəhid anasıdır!

 

 

Kiri,

Tanrının gözündən taleyinə düşən adam.

Öz içinə yıxılarsan, dərdinə ilişən adam.

 Yaramadın alovuna quş dimdiyində su qədər.

Burax dünyanın ətəyin, inadkar olma bu qədər.

Sən hələ saydığını say gör, bir Fələk nə sanayar.

Sinəsində dağ gəzənin ayaq izləri qanayar.

 Kiri, bu bəxtə ,qismətə qoyulası ad tapmazsan.

 Dəryalardan bir damla su, cəhənnəmdən od tapmazsan.

 Ovucların qan qoxuyur... Öz əlində qalan adam.

 Bir Allah bəndəsi yoxmu səni səndən ala, adam.

 

MƏN SEÇDİM ALDANMAĞI

 

Sən məni aldatmadın, mən seçdim aldanmağı.

 Gəl, sənə də öyrədim üsüyərək yanmağı.

 Bir ocaq qalamısan, tüstüsü göyü dəlir,

Məni görən uşaq da deyir ki: "dəli" gəlir.

 Həsrətin bahar olub, yaralarım gül açır,

Səndən sonra tellərim ölüm qoxusu saçır.

Mən atalı, analı yetim qalan körpəyəm,

Mən torpağa çırpılıb, paralanan kölgəyəm.

Nə tufandan qorxum var, nə doludan, nə qardan,

 Mənim kimi sevəni bir də taparsan hardan?

Gəl, sənə əllərimi qurban kəsim, birdənəm,

Cəl, sənə vətən olum, gəl, Nəfəsim, Birdənəm!

                   

HARDAN BİLƏSƏN?

 

Bu nağıl bitən deyil,

Hələ neçə bölüm var.

 Gəl, gözlərindən öpüm,

Ayrılıq var, ölüm var.

Ruhum göyə sovrulur,

Cismimi torpaq udur.

 Bağrına bas bir anlıq...

İlahi, cənnət budur?!

Nəfəsimi boynunun,

Ətrinə qurban kəsim.

Necə dua edim ki,

Yetsin Tarıya səsim?

Bilirsən necə sönür,

Çiyərindən yananlar?

 Bilirsən necə olur,

Ölümdən yarananlar?

 Hər gecə, milyon dəfə

 Cəhənnəmdən keçərsən.

Didib yaralarını,

 Öz qanını içərsən.

Darıxan əllərindən,

Yanıq qoxusu gələr.

Sürünər ürəyində

Dərdin ilantək mələr.

Payızda yarpaqlarla,

Saçlarını tökərsən.

 Baharda yollarına,

Gözlərini əkərsən.

 Bilsən nədir yox olmaq,

 Yaranmaqçun ölərdin.

Bilsən...hardan biləsən,

Mən olsaydın bilərdin...




Ana səhifəyə qayıt        Baxış: 1 360          Tarix: 9-11-2018, 23:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma