Xəbər lenti
2-04-2020, 20:01

 

Adilə Nəzərin bu yaxınlarda “Elm və təhsil” nəşriyyatında çap olunan şeirlər kitabı “Mən və sonrası” adlanır. Adilə 5 (beş) şeir kitabının müəllifidir. Sonuncu kitabında sonillərdə yazılan şeirləri toplanıbdır. Kitabın əvvəlində şair oxucularına üz tutub deyir: “Könlümdə hər zaman baharı tərənnüm etmək istəyi vardı, amma yollar mənim arzularımdan yox, payızdan, qışdan keçdi”.

Buradan başlayaraq fikirləşirəm. Müəllif nə demək istəyir. Kitabın adında olan “mən” hansı məndir? – Bu, Adilədirmi? Məhəbbəti, sevgisi, dərd-qəmi, iztirabları ilə həm gülən, həm ağlayan, ömrünün baharında payızını yaşayan, hətta bəzən qış qədər soyuğa-sitəmə rast gələn Adilədirmi?! Kimisi onun gözəlliyi qarşısında, kimisi şəklinin kölgəsində, kimi ürəyinin içindəki dərdin içindən boylanaraq ona qiymət verməyə çalışır. Dünya boyda dərdin içində gözünü qırpmadan, üzünü turşutmadan hamının dərdinə çarə olmağa çalışan, yuxusuz gecələrdən, əzablı, üzücü iş rejimindən bəzən yorulub usansa da özünü sındırmayan, hamının əlindən tutmaq istəyən, “yağışlar yağmayanda yetim qalan torpaq” kimi son ümidlə gözlərini onun üzünə dikib, mərhəmət demirəm, sevgi diləyənlərə xoş əhval bəxş edən şair özüdürmü?! Kimdir “mən”? “Mən” kimdir ki, “və sonrası” nə olacaq?

Şair “Mən və sonrası”... şeirində yazır:

Beləcə

Mən susduqca şeirlərim danışır,

Monoton həyatımın mənası dəyişir...

Şeirsiz zamanlarım ömrümdən ömür alır,

Yağışlar yağmayanda torpaq da yetim qalır.

Danışan şeirlərdimi? Axı şeirlər necə danışa bilər ki, bir ürəyin odu ilə yanıb qovrulmasa? Bəlkə elə danışan və o şeirləri də dilə gətirən şairin lirik “mən”idir?! O lirik “mən” ki;

Eşqini rəsm kimi sözlərimlə çəkirəm,

Ondan başlayıb gələn,

Ona gedən yolların söküyünü tikirəm.

Şeirlər həyat adlı bir ağrının çarəsi,

Şeirlər Tanrı, sevgi, həyat, mən və sonrası...

“Mən” kimdir? Dərisi dabanından soyulan Nəsiminin iki cahana sığmayan harayını, Füzulinin “dərd əlindən dağa çıxan” Məcnununun fəryadını, “Dün kaşı-kuzəmi daşlara çaldım” deyən Məhsətinin naləsini əsrlərin ardından gətirib çıxaran, “dua-dua yüksəlib göy üzünə qalxan, amin kimi yer üzünə qayıdıb dönən, heç günaha batmamış kəlmələri” pıçıltı ilə bizlərə çatdıranmı?! Bu qədər uzun məsafənin yolçusu və ya belə desək, yerinə düşər, qasidi kimdir? Bu o lirik “mən”dir ki, ulu sələflərinin genlərini daşımaqla bərabər, onların dərdini bu gün özündə nəinki yaşadır, hətta onunla nəfəs alır:

Bu nə talandı canda,

Odur baxsam hər yanda.

Axı bu boş cahanda

Sevgidən başqa nə var?..

İndi ruhum kimdəsə,

Mən onun canındayam.

Deyəsən yenə, yenə

Şeir zamanındayam...

Kim idi şeir zamanında fərdi dərdini ictimailəşdirib zamandan zamana ötürən? Və kimdir bu gün o dərdi bir daha təzələyib, ona yenidən can verərək gələcək nəsillərə çatdırmaq istəyən?! Bu “könül yiyəsi” kimdir?! “Öz-özünü yoranmı, bir kor bəxtə yiyə duranmı, söküldükcə tikib, quranmı?

Gecə keçdi, söküldü dan,

Yaram köz-köz, sinəm şan-şan.

Candı, axı, zalım, bu can,

Yox yananı, yox kimsəsi,

Mənəm o könül yiyəsi...

Bu könül yiyəsi olmaq çətin işdir. O lirik “mən” ki bu könlün yiyəsidir, onun da işi zor durumdadır. Dinlərin, irqlərin qarışdığı, nəfsin hökm sürdüyü hər yerdə insanların gözləri fərqli olsa da, gözyaşları eynidir. Bu axan gözyaşlarına adam kimi baxmaq, onu özünüküləşdirə bilmək hər adamın işi deyil. Bəzi insanlar axan gözyaşlarına biganədir. Saraylarda yaşayanlar küçə-bacada dilənən insanların halından xəbərsizdirlər, ya da bu haqda heç düşünmək belə istəmirlər.

Saraylar günah yeri,

Günahsız küçə, tindir.

İlahi, bu dünyada

Adam doğulmaq asan,

Adam ölmək çətindir...

Bu da belə bir dərddi və ağır dərdi. Dərdlər də müxtəlifdi.

         Adamın adam dərdi.

Quşun da quş dərdi var.

Gəlməsin kimsə dərdə,

Gələrsə tuş, dərdi var...

Qəribə bir məntiq ilə mənə elə gəlir ki, lirik “mən”dən sonrası... dərddir. O dərd ki;

Daha keçmir gecələr,

Sevmək olmur səhəri.

Üzüb əldən salıbdır

Varlı xəyallarımı

Kasıb xatirələri...

Bəs sonrası... Sonrası dərdin əlindən çıxıb getməkdi. Ya dərdin əlindən tutub onunla gedərsən, ya dərdi qoyub qaçıb gedərsən. Amma necə gedərsən – bu, bir qədər qeyri-müəyyəndir. Çünki öyrəşdiyin dərd də doğmalaşır zaman içində. Ona görə də nə dərdini, nə də sevdiyini qoyub gedə bilmirsən, qalırsan iki fikir arasında:

Unut məni, unut, anma!

Mən yandım, sən çalış yanma.

Getmək istəyirəm, amma,

Vuruldum, gedə bilmirəm.

Gedə bilməyəndə nə olur?! Gedə bilməyəndə insanın dərdi bir qədər də artır. Əldən gedən varlıqları, ömürdən gedən günləri xatırlayır, keçmiş günün həsrətini yaşayır, həyatda buraxdığı səhvləri düşünür, tərk edib getdiyi, yaxud tərk edib gedən “dostunu” axtarır. Ömrün payızında ayrılığın ağırlığı, qarşıdakı qışın sərt sazaqlarının qorxusu canına hopur, o soyuq və tənha günlərdə bir zamanların “bahar səsli, sevgi nəfəslisini” səsləyir:

Salam, bahar səslim, sevgi nəfəslim,

Ay bulud baxışlım, yağış həvəslim.

Dön gəl, söz qoxulum, şeirli kəslim,

Qayıt, dayanmışam yol ayrıcında.

Lirik “mənin” gözlədiyi, həsrətlə yollarına baxdığı kimdir?! Bu, bir adammıdır?! Yaxud bir adamın surətində təcəlla edən Böyük Eşq Sahibidir - Canandır! Bu sualın cavabı müəllifə qaranlıq olduğu kimi milyonlarla insanın taleyindən keçən, ağ bir işıq izi ilə xatirəsində əbədiləşən məchulluqdur. Çoxu gözləyir, çoxu düşünür, çoxu da bu hissdən bixəbərdir:

Bilməz çoxu bu dadı,

Eşqsən – eşqə susadım.

Yoxmu sənin bir adın?

Sən mənim kimimsən ki?!

“Mən” “kimini” axtarır. Bu yolda qarşılaşacağı hər əzaba dözməyə, paramparça olmağa da hazırdır, təki “kimin” yeri bilinsin. Kəhkəşanların seyrindən doymayan, gözünü uca göylərə dikib, milyon-milyon sayrışan ulduzların içində qismətini axtaran “məni” anlamaq olar. “Mən” daim axtarışdadır:

Ya gəl, ya da yerini de,

Hayandasan, hara gəlim?!

Ya da çıxar ürəyindən

At, qoy para-para gəlim.

Lirik “mən” göyü seyr edib, yeri qarış-qarış gəzir. Bu ömrün yolçusu göylə yerin arasında yorulub əldən düşür və hərdən də bədbinləşir. Dərdin də lap gözüqarası gəlib yapışır yaxasından. Belə olanda şair dərdin əlindən Tanrısına şikayət edir:

Mən ömür yolçusuyam, falıma baxan ola,

Bağlı qalan sirləri üfləyib aça nola.

Bir təri soyumamış ayrılıq alovuna,

Bişmişəm, Tanrım, bişmişəm.

 

Ucsuzdu-bucaqsızdı göylə yerin arası.

Gəlib tutub yaxamı dərdin gözüqarası.

Sanki duza qoyulub ürəyimin yarası,

Küsmüşəm, Tanrım, küsmüşəm.

Bəni-insan yaranandan bu günə qədər küsmək deyilən bir anlayışın təsirindən qurtula bilmir. Yaşadıqları zaman içərisində dost-yoldaşlarından gördükləri vəfasızlıq ucbatından, yaxud ictimai həyatda qarşılaşdıqları haqsızlıq üzündən dünyadan, həyatdan küsürlər. Adətən şairlər bunu dünyanın vəfasızlığı ilə əlaqələndirir, şeirlərində Tanrıya şikayət edir, bəzən də dünyanı qarğıyırlar. Adilə Nəzərin də lirik “məni” küsübdür, şikayətini də Tanrıya edir. Bu şikayət motivi, bəlkə də, Tanrı ilə “mənin” öz arasında olan səmimi bir ünsiyyətin ərk-nazıdır. Bununla işimiz yoxdur. Bizi maraqlandıran daha ciddi bir məqam var ki, onu oxucularla bölüşməyi mütləq vacib sayıram. Şair Tanrıdan heç zaman ayrı deyil, o, əksinə yerdə Tanrının bir parçası olaraq seçilmişlərdəndir. Lakin, bunu bəzi anlarında şair unudur və bu zaman onun lirik “məni” zamansızlaşır və sonrası...nı unudur. Taleyinə nə yazıldığını bilmədiyindən çaşqınlığının səbəbini axtarır və  “Lütf elə, Tanrım” deyir:

Gül üstə bülbül xarıdı,

Duman kədər buxarıdı.

Alın gözdən yuxarıdı,

Elə yerə yaz, oxuyum.

Biz də şairə - lirik “mənə” və “sonrası” düşüncəsiylə can sağlığı, yeni yaradıcılıq uğurları diləyərək, bu kitab haqqında qısaca da olsa, fikirlərimizi bildirdik. Ümid edirik ki, oxucular bu kitabda onların düşüncəsinə tən gələn çoxlu bədii, poetik nümunələrlə qarşılaşacaqlar. Şair Adilə Nəzər müstəqillik dövrü Azərbaycan poeziyasını bu kitabı ilə bir qədər də zənginləşdirdi.

Sizinlə salamlaşan Nizami Muradoğlu,

Filologiya üzrə fəlsəfə doktoru, dosent,

AMEA Folklor İnstitutunun şöbə müdiri.




Ana səhifəyə qayıt        Baxış: 1 981          Tarix: 5-06-2017, 11:14      


Paylaş: