Xəbər lenti
27-05-2020, 22:24

Sual da özünsən, cavab da özün

Quş gündə qonsa da min bir budağa
Yenə yuvasında tapır dincliyin.
Vaxtında olmasa odun, ocağın,
Şam kimi əriyib sönər gəncliyin.

Bil ki,yaşamağın və yaşatmağın
Hələ yazılmamış qanunları var.
Sənin taleyinə düşən yazını
Nə yazan əl pozar, nə də ruzigar.

Ümmanlar üzündə üzən qayığıq,
Hansı limandadır son qismətimiz?
Bəlkə də, tufanlı sərt dalğaların
Qoynunda bitəcək aqibətimiz.

Nə zaman bitəcək ömür yolumuz?
Varmı bu sualın cavabın bilən?
Harda qazılacaq son mənzilimiz?
Harda örtüləcək üstümüz görən?

Təpədən dırnağa sualdır ömür,
Cavab tapa-tapa itir ömür-gün.
“Niyə”, ”nə üçün”lə başlanan həyat,
“Niyə”, ”nə üçün”lə bitir də bir gün.

Çalış, öz içində axtar özünü,
Sual da özünsən, cavab da özün.
Çox da ümid olma bəxtə, qismətə,
Yaşayan özünsən, yaşadan özün.
09.02.2020.

Ruhumu ovuda bilmirəm daha

Ruhumu ovuda bilmirəm daha,
Yalan eşitməkdən doyub, bezibdi.
Sən demə, o, məndən milyon il qabaq
Yeri də, Göyü də gəzib gəlibdi.

Milyon illərdir ki, bu kainatın
Ələk-vələk edib astar-üzünü.
Hələ də ayırib seçə bilməyib
Haqq ilə nahaqqın əyri-düzünü.

İnsan cildindəki şeytan oğlu şər
Haqqı nahaqq kimi soxub gözlərə.
Milyon illərdir ki, çarəsiz insan
Haqqı gəzə-gəzə düşüb düzlərə.

Gəzib, getmədiyi yer də qalmadı,
Hələ də görməyib Haqqın üzünü.
Vuruşub, doyüşüb, qanlar töksə də,
Tapa bilməyibdi Haqqın izini.

... İnsan insanlıqda tapar haqqını,
İnsanlıq ölübsə, ölübdü Haqq da.
Ruhumu ovuda bilmirəm daha,
Belə bir zamanda, belə bir vaxtda.
15.02.2020.

İnsana xitab...

Deyirlər, cəhənnəmdə od yoxdur,
odu əməli ilə cəhənnəmə gedənlər
özləri ilə aparırlar. Hər kəsi də
apardığı öz odunda yandırırlar…

Mobil telefonlar susub, lal olub,
Məzar yerindəki başdaşları tək.
Niyə qorxursunuz,niyə, cənablar,
Qalan qalacaqdır, ölən öləcək.

Bu koronavirusun vahiməsindən
Sanki Yer titrəyir yerbəyerindən.
Canının, malının sağlamlığıyçün
Bəşər az qalıb ki, dönə dinindən.

Bu da bir bəladır, gəlibdir göydən,
Bəşər günahının “mükafatı” tək.
Hərə öz cəzasın özü çəkəcək,
Hərə bir növ ilə ölüb gedəcək.

Koronavirusdan kəskin, amansız
Viruslar törəyib iblis insandan.
“Düşünən başların” şərafətindən
Onsuz Yer kürəsi doyubdu qandan.

Çoxdandır pozulub dünyanın halı.
İnsan su tək içir insanın qanın.
Nə “Tövrat”ın qalıb xatir-hörməti,
Nə də ki,”İncilin”, nə də “Quran”ın.

Bu da bir bəladır - Allah bəlası,
Gəlibdi Yer üzün sala sahmana.
Hərə öz günahın qoya ortaya,
Sığına bir təhər anda-amana.

Qırağa çəkməsin yaxasın heç kəs -
Özümüz gətirdik öz bəlamızı.
Allah sevmədiyi əməlimizlə
Yıxırıq özümüz öz yuvamızı.

Neçə ki, gec deyil, əl götür, İNSAN!!..
Haqqın sevmədiyi əməllərindən.
Yoxsa belə getsə,inan və inan
Çıxar Yer kürəsi öz məhvərindən!..
30.03.2020.



Ana səhifəyə qayıt        Baxış: 740          Tarix: 6-04-2020, 18:24      


Paylaş: