Xəbər lenti

 A N A M A M Ə K T U B
Bu gün bayramındır,
oturmuşam tək,
 Fikrim -- pərən-pərən...
Düşünürəm , məni anan varmı görən?
Eh, səndən başqa kim var,kim olacaq...
Bilirəm.
Əlimdə bir qədəh qəm ,
Sağlığına çəkirəm başıma...
 Məstəm.
Qabağımda
bir çimdik duz, bir dilim quru çörək...
 S a ğ o l , a n a , b a y r a m ı n m ü b a r ə k !!!..
Bu gün bayramındır...
Sağlığına badə qaldırıraam,
Əlimdə bir qədəh qəm,
Gözümün , könlümün səni kəm...
Gözünün , könlünün məni kəm...
Bilirəm...
Barmaqlarımı yandırır
papiros kötüyüm,
Özüm özümə tuşlanmışam,
Zamanın əlindədir tətiyim.
 Fikirlərim --- dərbə-dər...
 Hələlik ,ana,bu qədər...
 
 
PARODİYA
Əynində "səsin cırılmış köynəyi"
gözündə taleyin tökülmüş eynəyi
ayağında yollarla döyüşdə
deşilmiş ayaqqabısı
Altında əldən düşmüş Ağdaş yabısı...
yola çıxmışdı...
 Bir deniz gülü də başını söykəyib
dalğalardan yonulmuş bir məzar daşına
zar-zar ağlayırdı.
dəniz par-par çağlayırdı...
Onun səsinin cırılmış köynəyindən sözlər pırta-pırt tökülürdü...
Dəniz gülünün bunu görüb ürəyi sökülürdü ...
Əriyib yox olurdu səsinin köynəyindən pırtlayıb çıxan sözlər
sözləri o qədər anlama sa da
anlayırdı nə deyir tökülmüş eynəkdən baxan gözlər...
Dəniz gülü başını söykəmişdi məzar daşına ...
Daşın altında köynək deşiyindən tökülən sözlər...
Əriyirdi qum üstündəki izlər...
 Dəniz gülü əl çalıb ağlayırdı...
Начало формы
Конец формы
 
HEÇ NƏ...
Özünü öldürmə ,a bədbəxt oğlu,
Bu qoca dünyanın talanı ---heç nə...
Quruca görməkdi,heç nəyin yoxdu,
 Bu olmazı heç nə,olanı ---heç nə...
Öz ağlın,şüurun vardı,dövlətdi,
Övlad da ,nəvə də quru şöhrətdi,
Bu qohum,bu qardaş sözdü-söhbətdi,
 Ağızdan sovrulur..qalanı ---heç nə...
Bu namərd sürgündən çoxu bezardı,
Kiminin yeri gen, kiminin dardı...
Baxıram hər yanda açıq bazardı---
 Satanı heç nədir,alanı ---heç nə...
Arzun xatirədi,bəlkən ---xatirə,
Xatirən kölgədir,kölgən –xatirə...
Bu yurdun,məkanın ,ölkən ---xatirə,
 Quruca—xatirə....yalanı ---heç nə...
 
***
Sizin evin önündə bitmişdim ağac kimi,
Küləklər yelləyirdi məni belədən-belə...
 Boylanırdım yuxarı,Ay üzə möhtac kimi
 Bir baxış da qıymadın mən fəqirə sən elə...
Bir təbəssüm atardın burda geyəm əynimə,
Bir intizar baxışla od düşərdi canıma.
Bakının küləkləri heç gəlməzdi eynimə,
 Gülər baxışlarını göndərsəydin yanıma...
Sizin evin önündə bitmişdim ağac kimi,
Boylanırdım --"hardadır,görən neynir bayaqdan..."
İşığınız yanırdı,bir ac-yalavac kimi
 Sizin işığınıza qızınırdım uzaqdan...
 
QARQAR AĞILARI
Yanırdı ürəyim Qarqara getdim,
könlümdə bir qorxu,bir qara ,getdim.
 Mənə su vermədi orda pərilər ,
 Dedilər:dağlarda qar ara ,getdim...
Neynim ki,həmişə qar qara yağır,
Fağıra fəlakət,dərd,qara yağır...
Uzaqda bir bulud havalandı, ah ...
 Göy dərə sümürdü , Qarqara yağır...
Uzaqdan Qarqara vuruldum ,Allah,
Sevindim ,şadlandım,duruldum ,Allah...
Bu dəli sevdadan qurtulammadım,
 Daha apar məni ,yoruldum ,Allah...
Könlümə qar yağdı baharda belə,
Belə iş görünüb de,harda belə ?..
Gör hara ələnir qar da, Qarqar da,
 Bu Qarqar da belə... bu qar da belə...
Qarqar özgə yurda axır deyəsən...
Şimşəklər oynaşır,çaxır deyəsən...
Könlümdə sızılar,ahlar,fəğanlar,
 Eşqimdə son nöqtə ---axır,deyəsən...
 
SABAH NƏ DOĞACAQ HAMİLƏ DÜNYA
Babam gileyləndi—yeyə bilmirəm,
Qursağım daralıb,mədəm daralıb.
Qürubda saralan Günəş kimiyəm,
 Keçib ömrüm-günüm,vədəm daralıb.
O gecə yuxuda Babəki gördüm,
Dedi: –Dözəmmirəm,qəbrim daralıb.
 Ayıldım,səs gəldi:-- " Ay arvad,kiri,
 Allaha and olsun,səbrim daralıb !"
Çəkdi ətəyimdən oğlum: atacan,
Burda yatammıram,yataq daralıb.
Keçən il aldığın köynək üzülüb,
 Başıma qoduğum papaq daralıb.
...Dolandı qəlbimdə min arzu-istək,--
Hardasan,ay bahar,bağlar saralıb?!
Baxdım ətrafıma,sıxıldı ürək,
 Mənə elə gəldi köksüm daralıb.
...Körpəm yatağına sığışmır daha,
Başı papağına sığışmır daha!..
Hardasa Babəkin qəbri daralıb,
 Qonşuda qonşunun səbri daralıb!..
Fikirlər,xəyallar apardı məni,
 Ruhumdan,özümdən qopardı məni...
...Çox at oynadanı atından salıb,
Əzəldən keçsə də çox ələ, dünya.
Daha əynindəki köynək daralıb,
Kimə oxşayacaq,kimə çəkəcək
 Sabah nə doğacaq hamilə dünya?!


Ana səhifəyə qayıt        Baxış: 1 148          Tarix: 7-04-2020, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma