Xəbər lenti

 Salyan rayonunun Qarabağlı kəndinin sakini, ömrünün 50 ilindən çoxunu Avropada ilk, dünyada ikinci istilik elektrik stansiyası olan Əli Bayramlı Dövlət Rayon Elektrik Stansiyasında (DRES-də) və Salyan neft və qazçıxarma ida­rəsində texniki işlərdə çalışmış 78 yaşlı Yavər Ağahüseyn oğlu Orucovun Bakının “Politex“ nəşriyyatında 2020-ci ildə çapdan çıxan  184 səhifəlik kitabı belə adlanır. Kitabın redaktoru tanınmış yazıçı-publisist Fəxrəddin Fərzəliyevdir
    Mənbələrdən bizə gəlib çatan məlumata görə, Qa­ra­bağlı kəndi 1698-ci ildə Qarabağın Abdal Gülablı kəndindən köçüb gəlmiş bir ailə tərəfindən bina edil­mişdir.  5 qardaş, 2 bacıdan ibarət olan Kərbəlayı  Alı, Salah, Vəli, Piri,  Bədirxan,  Dür­nisə və Umuxanım neçə illər mal-qaraları üçün qışlaq yeri olan indiki Qarabağlı kəndinin ərazisini özlərinə vətən seçdilər. Qarabağlı qardaşlar yerli hakimiyyət orqanlarından icazə aldıqdan sonra Kür çayının sol sahilində, başqa sözlə desək, Şirvan tayında məskun­laş­­­dılar. Qardaşların 10 min başdan çox qoyun-quzu­su, mal-qarası, sürünü   qorumaq üçün qurdboğan itləri, iş heyvanları-dəvəsi, atı, öküzü, qatırı, uzunqulağı olub.
       Onilliklər keçdikcə bu qardaşların qonşuluğunda başqa ailələr də ev-eşik tikib yavaş-yavaş kəndi böyütməyə başladılar. Bu qardaşların bacıları da burada ailə qur­dular. Müəllif XX yüzilliyin əvvəllərində Şamaxının Dağ Kolanı kəndindən, Cənubi Azərbaycandan, 1949-cu ildə dövlət qərarı ilə Qərbi Azərbaycanın Dərələyəz mahalının Terp və Tarp kəndlərindən yüzlərlə   ailə Qarabağlıya köçürüldükdən sonra bu yaşayış məntəqəsinin iqtisadi həyatı, təhsil, səhiyyə, mədəni-məişət obyektləri haqqında söz açır, maraqlı təhlillər aparır. Yavər Orucovun Naxçıvanla bağlı xatirələri, orada oxuyarkən onun hərbi müəllimi olmuş Böyük Vətən müharibəsi qəhrəmanı, polkovnik Nemət Kərimov barədə böyük məhəbbətlə verdiyi məlumatlar   oxucunu məmnun edir.
     Kitabda Qarabağlının say-seçmə övladları- Böyük Vətən müharibəsi qəhrəmanı Partizan Babaş Dadaşov,  Molla Dəyyanın,  Molla Salamın, Kərbəlayı Əhədin oğulları, Ataş Həsənov, Mövsüm Qəhrəmanov, Bayım Nuriyev, Əlisahib Nuriyev, Abbas Həsənov, Nəcəf Novruzov, İbrahim Salmanov, Daşdəmir Orucov, 20 ilə yaxın kolxoz sədri, kənd Sovetinin sədri olmuş Şahsənəm Orucova, Qarabağlının ilk neftçiləri və başqa dəyərli insanları barədə  yüksək bədii səviyyəli portret cizgiləri öz əksini tapmışdır.
     Yavər Orucovun XIX əsrin axırlarından XX əsrin əvvəllərinə kimi Salyan qəzasının prokuroru olmuş, Moskva Dövlət Uniyersitetinin hüquq fakültəsini bitirmiş, 1844-cü il təvəllüdlü (vəfatı tarixini dəqiqləşdirə bilmədik. Lakin onu bilirik ki, 80 yaşlı Kərimbəy 1924-cü idə 152 cildlik ensiklopediyasını Salyan şəhər kitabxanasına hədiyyə etmişdir) Kərimbəy Şıxəlibəyov haqqında verdiyi məlumatlar olduqca yeni və ədəbiyyatçıların, tarixçilərin diqqətini cəlb edəcək faktlardır.
    Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın ərazi bütövlüyü uğrunda Qarabağda erməni quldurları ilə döyüşlərdə qəhrəmanlıqla həlak olmuş Qarabağlı kəndinin 22 nəfər şəhid övladları  haqqındakı məqalə də təsirlidir. 
    1949-cu ildə Dərələyəzdən Qarabağlıya köçürülənlərin nümayəndələrindən İbrahim Qurbanov, Pənah Qurbanov, Nəcəf Kərimov, Mayıl Ağamalıyev, Bulud Həsənov, Lətif Ağamalıyev, kəndin seyidləri  Seyid Rza Ağa,  Mir Yusif Ağa, Seyid Əzizağa və Hacı xanım Elnarə haqqında  esselər də maraqlı süjeti və orijinal təhkiyə üsulu ilə diqqəti cəlb edir.
                    Namiq HACIHEYDƏRLİ,
Prezident təqaüdçüsü, araşdırmaçı, şair.


Ana səhifəyə qayıt        Baxış: 2 751          Tarix: 7-04-2020, 20:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma