Xəbər lenti

GEDƏSƏN...

İtəsən gözündən, ən yaxınların,
Qoşulub küləyə, əsib gedəsən...
Bədənin quruya.., çör-çöpdən betər,
Ruhunu qurbanlıq kəsib, gedəsən!

Gedəsən.., eləcə ruhsuz, bədənsiz,
Uda varlığını okean, dəniz...
Gömülə yoxluğun torpağa sənsiz,
"Var"la, "yox" arası susub, gedəsən!

Açasan gözünü, məzar başında,
Görəsən özünü, ölüm daşında..
"Mən ki, daş deyildim yaranışımda" -
Deyə, üz çevirə küsüb, gedəsən!

Nə rəhmət oxuya aşkarda bir kəs,
Nə lənət söyləyə gizlində nakəs.
Çatmaya kimsəyə nə səda, nə səs,
Bir lalın könlünü gəzib, gedəsən!

Ya da, quş misal qalxasan göyə,
Baxıb can sirdaşın gözlərin döyə.
"Köçəri quş idi.., köçdü" - söyləyə,
Bir dəli qəhqəhə çəkib, gedəsən!
      16.12.17

DOĞULDUĞUM KİMİYƏM...

Ya olduğun kimi görün,
Ya göründüyün kimi ol..
( Mövlana C.R)

Nə göründüyüm kimi,
Nə olduğum kimiyəm.
Ariflərin gözüylə -
Oxunduğum kimiyəm.

Selinən yuyulmuşam,
Dən ilə döyülmüşəm.
Ələnib, üyünmüşəm,
Sovrulduğum kimiyəm.

Demə: "ağıl bəs eylər"
Baba! - nağıl bəs eylər...
Könül bağı bəs eylər,
Sarıldığım kimiyəm.

Kimdi o "eşq-eşq" deyən,
Ruhum canda teyləyən?!
Mən inləyən bir neyəm,
Çalındığım kimiyəm.

Yox, yox gəlmə üstümə,
Kor olarsan tüstümə.
Durub gendən istimə,
Ovunduğun kimiyəm.

Ya qurd ilə dolaş, gəl,
Ya dərvişlə dağ aş, gəl!
Ya zalımla savaş, gəl,
Gör, olduğun kimiyəm!

Vəssalam.., bu da sonu,
Sözdən biçilib donum...
Haqqa sarıdı yönüm,
Doğulduğum kimiyəm.
    29.09.2017

* * *
Götür ölümü yerdən, məzarım rahatlasın,
"Yer" adlanan bu yerdə, mənim nə ölümüm var?
Quru nəfəs almağım, balamı aldatmasın,
Deməsin: "bu həyatda, atalı ömürüm var!"

Eyibləri örtməyə - qara torpaq altı var;
Dəllal meydan sulayır ciblə, gödən arası...
Mənsə yoxam həyatda, məndən bir qaraltı var,
Dildə "millət" qabarı, içdə "vətən" yarası..

Mənim könül ahımı kim anlaya, kim duya?!
Yoxsul qardaş halına, gülməyi bacarmışam... 
Yurd itirən kişinin günahını kin yuyar,
Necə deyim, bu yolda, "ölməyi bacarmışam?! "
     11.12.2019

     MƏN KÖNÜL ADAMLYAM

Dərdə saray tikmişəm, ürəyimin başında, 
görən, necə görünür içim, çölümdən mənim?! 
Niyə dik dayanım ki, dost-düşmənin önündə? 
bir gizli Əl qoruyur, ucuz ölümdən məni... 

Sanma, - doğma deyiləm, özgələrə mən yadam, 
yox, kimsə keçirməsin xəyalının ucundan! ..
Mən könül adamıyam.., şah deyiləm, ay adam, 
bir könül qırınca mən, öz evimi uçurram!

Kürsüsü nə, taxtı nə? - boylanmaram, baxmaram, 
nəfsini tutmayan kəs, sözünü tutmayandı...
Dərviş əmanətidir... Açmaram, ağartmaram, 
Bilməyənlər nə bilsin, bilənlər oda yandı?! 

Deyəcəyim həqiqət, - bir karın könlündəki;
yüz kərə isbat etsən, qəlbi kor anlamazmış... 
İkinci bir əbədi həyat yox, - ölüm təki, 
Özünü dərk eyləyən, ölümə ağlamazmış. 

Dərdə saray tikmişəm, ürəyimin başında, 
O məni bəsləməkdə.., mən onu bəzəməkdə...
Sirrimi kimsə bilməz.., həqiqətə yetincə, 
Mən Onu səsləməkdə... O məni gözləməkdə... 
        29.03.2019
* * *
Bir qış da əridi, söndü gözümdə,
bir yaz da buyurdu.., astanamdadı...
Ağaclar gül açdı, döndü ölümdən,
ayazı, şaxtanı saya salmadı.

Gün doğdu böcəyin-quşun baxtına,
budaqlar dönüşdü, "şahın taxtına..." 
Sözüm də, gül kimi, çəkdi vaxtına,
baharda dil açdı.., yaya qalmadı.

Təbiət İlahi qanuna sığdı;
Nə yaxşı, daş-qaya dağa sığındı...
Əfsus, məcnunların taleyi sındı,
eşqindən çöllərdə maya qalmadı! 
                                       3.03. 2020
*
Könlüm bağlı qapıdır, 
gözüm açıq pəncərə...
Kaş, gözüm də qapanan, 
bu "var-gəl" edənlərə...
Pəncərəmə boylanır, - 
naməhrəmi, məhrəmi...
Könül sirrim ovlanır, 
eh, birinci kərəmi?!
Arif olan gözucu,
göz yetirsə, nə vardı?!
Cahil gəzib ipucu,
düşmənə sirr apardı.
Ört-basdır ediləcək,
ağalığım, xanlığım.
Çalınacaq zurnada,
ən kiçik avamlığım.
Könlüm bağlı qapıdı,
gözüm açıq pəncərə...
Durum, qadağa qoyum,
könlümdən keçənlərə...

2.09.2017

*
Əlimi çənəmə dirsək vermişəm,
görünüşüm - fırçalıq, halım - şeirlik...
Bir rəssam gəzirəm, ala könlümü,
biz də qürrələnək, deyək, - "şairik!" 

Çəkə könlümdəki sözün rəsmini, 
ağ-qara, bəzəksiz, rəngsiz çıxara...
Duyğumun, hissimin tutub əksini, 
canımdan, ruhumdan çəngsiz çıxara. 

Çıxara ya da ki, ruhumu candan, 
Köçürə bir qara daşa, can verəm... 
Canlı bir daş kimi qalam cahanda, 
Bir əsər yaşadam - "şair can verən!"

 


Ana səhifəyə qayıt        Baxış: 2 830          Tarix: 12-04-2020, 08:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma