Xəbər lenti

UNUDA BİLSƏN...
Bilirəm, bu ayrılıq
Ürəyincə olacaq.
Könlündəki boş yerim
Xatirəylə dolacaq.
Bir az olacaq çətin,
Məhkumuyuq qismətin.
Bar tutmaz məhəbbətin,
Çiçək kimi solacaq.
Pak eşqimin bağ simi,
Qopub daha Ah kimi.
Bu sevda günah kimi
Yaddaşında qalacaq.
Tutma o sahilə üz,
İtib daha ləpir- iz.
Tənha görərsə dəniz
Saçlarını yolacaq.
Dolma daha, a bulud,
İtgin düşübdü umud.
Unuda bilsən... unut,
Buymuş QƏDƏR- OLACAQ.
 
AY GÜNAHIM, HARDASAN?
Hardasan güman yerim,
Son pənahım, hardasan?
Küsgünəm, uman yerim,
Könül şahım, hardasan?
Olma belə ağrıdan,
Qıyma qalım bağrı qan,
Çat- çat olan bağrımdan
Qopan ahım, hardasan?
Təkim-- birim bildiyim,
Ovsun, sirrim bildiyim,
Ocaq-pirim bildiyim-
Səcdəgahım, hardasan?
Cismimdə can olanım,
Qəlbə sultan olanım,
İsmi pünhan olanım,
Rəbb agahım, hardasan?
Tükənir canımda tab,
Min sualam , tək cavab.
Sevmək sayılar savab,
Ay günahım, hardasan?
 
MƏN BİR VİDA SEİRİYƏM.
Aradabir görünürəm,
Biləsən sağam- diriyəm.
Pünhanın gerçək olanı,
Aşkarın gizlin sirriyəm.
Gizlinim MƏN parasında,
Tapammazsan, arasan da.
Yerlə Ərşin arasında,
Ruhu dərbədər biriyəm.
Öz ruhuma daş atıram,
Bir oyundu, baş qatıram.
Sükutam, qulaq batıran
harayım çətin kiriyə.
Bir az ayrılıq rəngiyəm,
Hicranın qəm ahəngiyəm,
Alovu-odu səngiyən,
Közərən ocaq yeriyəm.
Ya Rəbb, görmür çoxu məni,
Qövsi-qüzeh toxu məni,
Naxış- naxış oxu məni-
Mən bir vida şeiriyəm.
 
ENİR YAVAŞ- YAVAŞ DUMAN YAŞIMA.
Gün keçdi, ay ötdü qaralı- ağlı,
İlləri cəm etdi zaman, yaşıma,
Ümidlə yol gəldim dərəli- dağlı,
Şükür ki, yetirəm güman yaşıma.
Ötsə də ömrümün yazı- baharı,
Könlümdə solmayıb bəhrəsi- barı.
Saçımın naxışlı ağ cığırları,
Deyirlər yaraşır yaman, yaşıma.
O coşqun çağlardan uzaqlaşıram,
Daha payızımla qucaqlaşıram.
Deyəsən bir az da uşaqlaşıram,
Çatıram nəvaziş uman yaşıma.
Yönümü göstərən bu hansı oxdu,
Görəsən günahmı, savabmı çoxdu?!
Üzərlik yandıran anam da yoxdu,
Sormayın, göz dəyər, aman... yaşıma.
... Qarşıda ayazlı qışı görürəm,
Mələk cilidində quşu, görürəm.
Torpaqda dikələn daşı görürəm,
Enir yavaş- yavaş duman yaşıma.
 
OLACAQ SONA ŞÜKR!
İLAHİ! nəfəs alıb- 
verdiyim ana, şükr!
Yaşatdığın bir belə
Vaxta- zamana şükr!
Şükr, yaşatdın yaz da,
Gördüm şaxta - ayaz da.
Bir az yorğun, bir az da
Xəstəhal cana şükr!
Nəyə, nələrə daha...
İçimdə qopan Aha.
Qaranlıqdan sabaha,
Açılan dana şükr!
Yox ömrümə var verdin,
Bəhər verdin, bar verdin.
Yarıcandım yar verdin-
Verdiyin ona , şükr!
Qolum- budağım oldu,
Qəm, sevinc çağım oldu.
Sağ- solum-- yanım doldu-
Bu dolu yana şükr!
...Vardığım uca bir dağ,
Üzülmədi SƏNlə bağ.
Alnı açıq, üzü ağ
Olacaq sona şükr 


Ana səhifəyə qayıt        Baxış: 3 154          Tarix: 20-09-2020, 13:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma