Xəbər lenti


Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, gözəl ana və insan Mehriban xanım Əliyevanın doğum günüdür.

Hörmətli Mehriban xanım Əliyeva Azərbaycanın inkişafı uğrunda cənab Prezidentlə çiyin-çiyinə mübarizə aparan ən yaxın silahdaşıdır. O, Azərbaycanın köklü bir ailəsinin qızı, köklü bir ailənin isə gəlini olaraq Vətənə, millətə xidmətin başlıca məqsəd olduğu bir mühitdə həmişə genişüfüqlü ziyalı mühiti içində olub; təsadüfi deyil ki, Mehriban xanım həmişə milli-mənəvi dəyərlərin, mədəniyyətin, elmin, xeyriyyəçiliyin təbliğatçısı, himayəçisi olub, özü bu deyilən sahələrdə, bir çox başqa əməli fəaliyyət sahələrində gözəl örnəklərlə çıxış edib.

Mehriban xanım ictimai-siyasi və dövlət xadimi olmaqla yanaşı, gözəl anadır. Onun övladları öz gənc yaşlarından ölkəmiz üçün vacib təşəbbüs və layihələrlə çıxış edir(Elə bilirəm, yalnız ailənin böyük övladı Leyla Əliyevanın IDEA-nın (“Ətraf mühitin mühafizəsi naminə Beynəlxalq dialoq” İctimai Birliyinin) təsisçisi-sədri, “Xocalıya ədalət” Beynəlxalq təbliğat-təşviqat kampaniyası təşəbbüsüçü və rəhbəri olmasını xatırlatmaq yetərlidir).

Mehriban xanım cənab Prezidentin ən etibarlı silahdaşıdır. Xalqın öz dövlət başçısına və onun etibarlı silahdaşına necə güvəndiyini görməkçün cənab Prezidentə və hörmətli Mehriban xanıma seçkilərdə, sosioloji sorğularda verilən səslər, onlara ünvanlanan saysız-hesabsız təşəkkür, minnətdarlıq məktubları, mətbu çıxışlar misalında da görmək mümkündür.

Mehriban xanımın babası ünlü Azərbaycan yazıçısı və alimi Mircəlal Paşayev SSRİ-nin ən ağır dönəmlərində belə milli düşüncə ruhunu gənclərə aşılamaq üçün ədəbiyyatdan bir silah kimi istifadə edib. Ana babası isə ünlü jurnalist, gözəl ziyalı Nəsir İmanquliyev idi. Hər iki ziyalı Əməkdar elm xadimi olub.

Xanım Əliyeva Azərbaycan aviasiyasının inkişafında böyük xidmətləri olan, ünlü alim, Aviasiya Akademiyasının rəhbəri Arif Paşayevin və təkcə Azərbaycanda deyil, keçmiş SSRİ məkanında və dünyada sayğı ilə xatırlanan ərəbşünas alim Aida İmanquliyevanın tərbiyəsi ilə böyüyüb.

Xanım Əliyeva ikinci böyük və çox önəmli məktəbi isə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin ailəsində keçib.

O, mükəmməl övlad, mükəmməl gəlin, mükəmməl həyat yoldaşı, mükəmməl ana və mükəmməl nənə olaraq hər zaman ailəsinin adını daha da yüksəkliklərə qaldırıb. Ən əsası isə o, millətinin, Vətəninin mükəmməl övladıdır! Mehriban Əliyeva qadının ailəni karyeraya, karyeranı ailəyə qurban vermədən uğurlar əldə edə bilməsinin gözəl örnəyidir! Heç təsadüfi deyil ki o, gənc qızların və qadınların kumirinə çevrilib; ona oxşamaq istəyənlərin, onun fəaliyyətindən ruhlananların sayı həddindən artıq çoxdur.

Xanım Əliyeva öz fəaliyyəti ilə önəmli bir tarix yazır. Onun yazdığı tarixin hər sətri insanlara sevgi ilə doludur. Onun həyat düsturu özünün bu sözləri ilə ifadə oluna bilər: “Xoş söz, xoş niyyət, xeyirxah əməl”! Minlərlə insana öz xeyirxahlıq əlini uzadıb, yüzlərlə insanı həyata qaytarıb, yüzlərlə insana ən çətin anlarında dəstək olub, neçə-neçə qadının dövlətin və toplumun həyatında fəal rol almasının böyük dəstəkçisi olub və olmaqda davam edir.

Mehriban Əliyeva Azərbaycan xalqının Ümummilli liderinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə davamlı surətdə aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da Heydər Əliyev Fondunun rəsmi açılışı olub. Fond Azərbaycan ictimai-mədəni və beynəlxalq humanitar əməkdaşlıq aləmində özünəxas bir brendə çevrilib.

Mehriban xanımın həyat və fəaliyyətində ön önəmli və uzunmüddətli çalışma sahələrindən birini mədəniyyət, mədəni irsin qorunması, təbliği tutur.

1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyət Fondu təsis olunub. 1996-cı ildə Mehriban xanım Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib.

2005, 2010 və 2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Mehriban xanım Əliyeva millət vəkili seçilib.

2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə UNESCO-nun (2004), Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə ISESCO-nun (2006) xoşməramlı səfiri adına layiq görülüb.

Mehriban xanım mədəni-mənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfələrə görə 2006-cı ilin martında BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalı ilə təltif edilib.

Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması, möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq görülüb.

Azərbaycan Prezidentinin 2009-cu il 5 may tarixli Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatı ilə təltif edilib.

2009-cu il sentyabrın 14-də Azərbaycanla Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban Əliyeva Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeninə layiq görülüb.

2010-cu il fevralın 15-də Mehriban Əliyeva Fransa Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.

2010-cu il iyulun 30-da Mehriban Əliyevaya YUNESKO-nun “Qızıl Motsart” medalı təqdim edilib.

2012-ci il fevralın 13-də Mehriban Əliyeva Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb.

2013-cü il dekabrın 27-də Mehriban Əliyeva Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq görülüb.

2015-ci il fevralın 11-də Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ali ordeni ilə təltif olunub.

2015-ci il martın 26-da Mehriban Əliyeva Serbiya qarşısında ictimai, mədəni və humanitar sahələrdə xüsusi xidmətlərinə görə Serbiya Respublikasının yüksək dövlət mükafatı – “Sreten” ordeni ilə təltif edilib.

2016-cı il martın 6-da Mehriban Əliyeva “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif edilib.

2016-cı il sentyabrın 22-də Bolqarıstanın Veliko Tırnovo şəhərinin mədəni irsinin qorunmasındakı xidmətlərinə görə Mehriban Əliyevaya şəhərin fəxri vətəndaşı diplomu və döş nişanı təqdim edilib.

2016-cı il sentyabrın 22-də Bolqarıstanın mədəni irsinin qorunmasına və təşviqinə böyük töhfəsinə, bu işdə fəal iştirakına görə Mehriban Əliyeva Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomu ilə təltif olunub.

2018-ci il iyulun 18-də İtaliya Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni Mehriban Əliyevaya təqdim edilib.

2019-cu il avqustun 13-də Mehriban Əliyeva Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Fərmanı ilə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub.

2020-ci il fevralın 22-də mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi – IX Piy Ordeninin Böyük Xaçı təqdim edilib.

Xanım Əliyevanın geniş ictimai fəaliyyətində, xeyriyyəyönümlü çalışmalarında idman özəl yerə sahibdir.

2002-ci il oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilib. Əgər həmin il AGF-nin fəaliyyətinə 4 gimnastika növünün inkişafı daxil idisə, bu gün ölkəmizdə artıq 9 gimnastika növü inkişaf etdirilməkdədir. Gimnastlarımız Olimpiya Oyunlarında iştirak edib, Dünya və Avropa Çempionatlarının mükafatçıları olub. Azərbaycanda gimnastika növləri üzrə 17 Dünya Kuboku yarışı, 2 Dünya Çempionatı, 5 Avropa Çempionatı uğurla təşkil edilib. 2014-cü ildən etibarən isə dünyada nadir idman qurğularından hesab olunan Milli Gimnastika Arenası gimnastlarımızın məşq etməsi və yarışların keçirilməsi üçün istifadəyə verilib. Hərtərəfli inkişafa üstünlük verməklə Mehriban Əliyevanın həyata keçirdiyi inkişaf strategiyası nəticəsində, hazırda Azərbaycanın 18 bölgəsində gimnastika bölmələri fəaliyyət göstərir. 6 il ardıcıl olaraq AGF-nin Beynəlxalq Gimnastika Federasiyası tərəfindən mükafatlandırılan 10 milli federasiyanın reytinq siyahısına düşməsi və son 3 il ərzində bu siyahıya liderlik etməsi, onun yüksək təşkilatçılıq qabiliyyəti və beynəlxalq aləmdə artmaqda olan nüfuzunun parlaq göstəricisidir.

2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.

2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. I Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradılıb və onun sədri Mehriban Əliyeva təyin olunub.

2014-cü ilin iyununda Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

2016-cı il yanvarın 21-də Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden Mehriban Əliyevaya təqdim edilib.

2018-ci il sentyabrın 22-də Mehriban Əliyevaya idman aləmində və “Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı təqdim olunub.

Mükafat, orden, medal, fəxri adlarının yalnız bir hissəsini qeyd etdiyimiz Mehriban Əliyevanın fərqli vaxtlarda, fərqli ölkələrdə və fərqli qurum-quruluşlar tərəfindən təltif edilməsi, onun yorulmaz fəaliyyətinin, bəşəri dəyərlərə, ümumdünya mədəni irsinə yüksək münasibətinin, qayğı və dəstəyinin ifadəsidir.

Dəqiq bilirik, Qarabağ Mehriban xanımın qəlbinin böyük yarasıdır. Torpaqlarımızın azad edilməsi Mehriban xanım Əliyevanın ən böyük arzularının önündə gəlir; bununçün o, Ali Baş Komandanımızla birlikdə yorulmadan çalışır. Millət, dövlət və insanlıq üçün örnək işlər görən Mehriban xanıma uzun illər ailəsi və sevdikləri ilə birgə gözəl doğum günləri keçirməyi və gələn doğum gününü Ali Baş Komandanımızla, doğmaları ilə, xalqımızla birlikdə Şuşada qeyd etməyi diləyirəm!

Bir daha təbriklər və uğurlar!

Dərin sayğı və səmimiyyətlə,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva


Ana səhifəyə qayıt        Baxış: 3 407          Tarix: 26-08-2020, 20:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma