Azərbaycanın baş prokuroru Qarabağdakı separatçı rejimin cinayətkar hərbi-siyasi liderlərinə qarşı ibtidai istintaqın başa çatdığını elan edib.
Musavat.com xəbər verir ki, Rusiyada keçirilən Şərq İqtisadi Forumuna qatılan Azərbaycanın baş prokuroru Kamran Əliyev bu barədə News.ru-ya açıqlama verib.
Onun sözlərinə görə, yaxın vaxtlarda işlər məhkəməyə veriləcək.
Qanunsuz separatçı xuntanın üç keçmiş "prezidenti" - Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan, "parlamentin spikeri" David İşxanyan, keçmiş "xarici işlər naziri" David Babayan, "müdafiə ordusunun keçmiş komandanı" Levon Mnatsakanyan, keçmiş "dövlət naziri" Ruben Vardanyan və ordunun keçmiş "baş qərargah rəisi" David Manukyan artıq bir ilə yaxındır ki, Azərbaycanda həbsdədir.
News.ru həmçinin yazır ki, bundan əvvəl Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, Azərbaycan və Ermənistanın düşmənçiliyə son qoymaq üçün real imkanları var. Siyasətçi qeyd edib ki, Cənubi Qafqazı dəyişməyə başlamağın vaxtı çatıb.
Məlumat üçün əlavə edək ki, Azərbaycanın Baş Prokurorluğu tərəfindən 15 separatçıya qarşı cinayət işi başlanıb və onlar beynəlxalq axtarışa veriliblər. 2023-cü ilin sentyabrında keçirilən əməliyyatdan sonra onlar saxlanılaraq Bakıya gətirilib və istintaqa təhvil veriliblər. Onlara qarşı terrorizm, terrorçuluğu maliyyələşdirmə, qanunla nəzərdə tutulmayan silahlı birləşmə və qruplaşmalar yaratmaq, terrorizm məqsədilə təlimlər keçirmək ittihamları irəli sürülüb.
Bu ilin iyununda Bakı onların işi üzrə istintaqın başa çatdığını elan edib.
Paylaş: