Xəbər lenti

Musavat.com xəbər verir ki, rusiyalı politoloq Boris Rojin Ermənistanın “ərazi itkisi və dövlət kimi daralması” barədə səsləndirdiyi fikirlərlə əslində erməni cəmiyyətini təhrik etməyə və İrəvanın Azərbaycanla normallaşma prosesinə zərbə vurmağa çalışır.

“Alpha News” videobloqunun efirində çıxış edən Rojin bildirib ki, Qarabağ müharibəsindəki məğlubiyyət Ermənistanın mövcud sərhədlər daxilində gələcək varlığını sual altına qoyur. O, Paşinyanı regiondakı dayaqları itirməkdə ittiham edib və İrəvanın “tranzit koridorlarını açmağa məcbur edildiyini” iddia edib.

“Paşinyandan əvvəl Ermənistanın regionda daha çox dayaqları vardı. İndi isə vəziyyət çox ağırdır. O, yalnız Qarabağı deyil, həm də sərhədyanı rayonlarını itirib. Ermənistanı faktiki olaraq məcbur edirlər ki, tranzit koridoru açsın – bu isə həm Azərbaycanı, həm Türkiyəni gücləndirəcək,” – deyə Rojin bildirib.

Politoloq həmçinin qeyd edib ki, Azərbaycanın “Qərbi Azərbaycan” anlayışını gündəmdə saxlaması Ermənistanı “zəif dövlət” kimi göstərir və bu vəziyyət ölkənin gələcəyini təhlükə altına qoyur.

“Köhnə beynəlxalq düzən dağılır. Müqavilələr artıq heç nəyi təmin etmir. Bu şəraitdə zəif dövlət olmaq Ermənistan üçün ölümcül riskdir,” – deyə Rojin əlavə edib.

Lakin analitiklərə görə, bu tip açıqlamalar Kremlə yaxın ekspert dairələrinin növbəti propaqanda cəhdidir. Məqsəd – Paşinyanın Azərbaycanla sülh prosesini sabotaj etmək, cəmiyyətdə qorxu və narazılıq yaratmaqdır.

Moskva indi açıq şəkildə narahatdır ki, Ermənistan Azərbaycanla barışır, Türkiyə ilə münasibətləri normallaşdırır, regionda isə yeni, sabit və yaradıcılıq yönümlü status-kvo formalaşır. Bu, Rusiyanın uzun illər “qan, gərginlik və asılılıq” üzərində qurduğu Qafqaz siyasətini tamamilə dağıdır.

Hazırkı reallıqda Azərbaycanın yaratdığı sülh və əməkdaşlıq mühiti Cənubi Qafqazda təhlükəsizlik balansını dəyişib, Moskvanın manipulyasiya alətlərini zəiflədib.




Ana səhifəyə qayıt        Baxış: 3 065          Tarix: Bu gün, 13:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma