
“Ramiz Mehdiyevin işiylə bağlı bütün günahkarlar həbs olunsalar, xeyli adam tutular. Çünki söhbət Rusiyanın 5-ci kolonunun zərərsizləşdirilməsindən gedir. Təbii ki, bu qədər insanı həbs etmək də, onları dəmir barmaqlıqlar arxasında saxlamaq da çətindir. Üstəlik, hər bir iri məmurun arxasında xeyli sayda qohum-əqrəbaları, yaxınları dayanır. İstər-istəməz onlar da öz ağsaqqalları kimi gördükləri korrupsioner məmurları dəstəkləyəcəklər. Bu da kütləvi narazılıqlara yol aça bilər. Zənnimcə, Azərbaycan hakimiyyətinin məsələyə təmkinli yanaşmasının sirri bu həqiqətdə gizlidir”.
Bunu Musavat.com- a açıqlamasında siyasi şərhçi Heydər Oğuz deyib.
“Ramiz Mehdiyevin ardınca hansı məmurlar həbs olunacaq” sualını cavablandıran siyasi şərhçi qeyd edib ki, əslində, Azərbaycanda siyasi oriyentasiyanın dəyişdirilməsi prosesi gedir: “Yəni Rusiyapərəst məmurlar hakimiyyətdən uzaqlaşdırılıb, Qərbdə təhsil alan texnokratlarla əvəzlənəcəklər. Kim ki, bu oriyentasiya dəyişikliyini səbirlə qarşılayacaq və yeni reallığa uyğunlaşacaqsa, keçmişdəki günahlarına qismən göz yumulacaq, sadəcə bu günə qədər qanunsuz yolla yığdığı varidatı əlindən alınıb ölkənin inkişafına və rifahına sərf olunacaq. Kim ki, bu tale ilə razılaşmayıb müqavimət göstərəcək və narazı məmurları öz ətrafına toplayıb hakimiyyətdə çevrilişə cəhd edəcəksə, imperialist qüvvələrin ətəklərindən yapışaraq onları öz cinayətkar əməllərini dəstəkləmək üçün ölkəmizə çağıracaqsa, qanunun sərt üzüylə qarşılaşacaq. Zənnimcə, Ramiz Mehdiyevə qarşı mübarizə də məhz bu səbəbdən - siyasi oriyentasiya prosesi ilə razılaşmadığına görə başladı. O, əgər Prezident Administrasiyasından uzaqlaşdırılıb AMEA-ya göndərildiyi zaman yersiz müqavimətlər göstərməsəydi və Rusiyaya işğal dəvətnaməsi göndərməsəydi, bugünkü vəziyyətə də düşməyəcəkdi”.
Ramiz Mehdiyevdən sonra konkret hansı məmurların cəzalandırılacağına gəlincə, Heydər Oğuz xüsusilə vurğuladı ki, Azərbaycanda kadr və struktur islahatları aparmaq Prezidentin müstəsna səlahiyyətindədir və bunu özündən başqa kimsə bilə bilməz: “Biz sadəcə bəzi təxminlərdə bulunmaq imkanına malikik. Şəxsən mənim təxminlərimə görə, Prezident bu islahatlara parlamentdən başlayacaq. Bunun ən qısa yolu isə parlamenti növbəti dəfə buraxmaq və ədalətli seçkilər keçirməkdir. Sirr deyil ki, prezident həm 2020-ci il, həm də 2024-cü il parlament seçkilərində buna nail olmaq istəyirdi. Amma nə yazıq ki, hər iki seçkidə 5-ci kolon hərəkətə keçib Prezidentin yeni xarakterli parlament formalaşdırmaq planına mane olmağı bacardı. Əvvəlki deputatların böyük əksəriyyəti yenə qanunsuz yolla mandat əldə edə bildilər.
Struktural islahatlardan birinin də icra hakimiyyəti orqanlarında aparılacağını düşünürəm. Məlumdur ki, hazırda Azərbaycanda 64 rayon, 11 respublika tabeli şəhər, 6 rayon tabeli şəhər, 12 şəhər rayonu var. Bu rayonların hər birinin icra başçıları, müavinləri və xeyli sayda şöbə müdirləri, işçiləri, polis və digər çox sayda dövlət idarələri var. Bu qədər böyük məmur ordusu istər-istəməz həm bürokratik tıxanmalar yaradır, həm də dövlət büdcəsində ağır yükə çevrilir. Bizdən əhalisinin sayına görə hardasa 10 dəfə, ərazi genişliyinə görə isə 9 dəfə böyük olan Türkiyədə cəmi 81 il mövcuddur. Fikrimcə, Azərbaycan hakimiyyətinin yeni dövrdə aparacağı mühüm islahatlardan biri rayonlardan bir çoxlarını birləşdirmək olacaq. Prezident İlham Əliyevin 2021-ci il 7 iyun tarixində imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanla ərazilərimizi 14 iqtisadi rayona ayırması bu sahədə gözəl örnək təşkil edə bilər. Rayonlarımız bu təsnifatda olduğu kimi bölünərsə, ölkəmiz ağır inzibatçı bürokratiyadan xilas ola və bölgələrin inkişafına ayrılan vəsaitlər sadə vətəndaşlara daha rahat çatar. Bu təsnifat üzrə islahatlara gedilərsə, Azərbaycanda bütün icra başçılarının və ətrafının da kitabı bağlanacaq, onların yerinə daha dinamik və optimal strukturlar yaranacaq. Onu da unutmayaq ki, ölkəmizdəki əksər icra başçıları və yerli dövlət orqanları Ramiz Mehdiyevin komandasına – “5-ci kolon”a bağlıdır.
Bürokratik yükün azaldılmasının başqa istiqamətlərindən biri də JEK-lərin buraxılmasıdır. Hazırda JEK-lərin funksiyasını “ASAN Xidmət” və digər strukturlar uğurla həyata keçirir, onların fəaliyyətinə ehtiyac da qalmayıb. "Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri"nin 2017-2021-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatında bu idarələrin bağlanması nəzərdə tutulsa da hələ də öz fəaliyyətlərini sürdürürlər. Əsas funksiyaları isə seçkiləri “5-ci kolon”un maraqlarına uyğun şəkildə saxtalaşdırmaqdan ibarətdir. Azərbaycan əgər Ramiz Mehdiyevin tör-töküntülərindən xilas olmaq istəyirsə, bu sahəyə də əl gəzdirməlidir.
Rusiyanın “5-ci kolon”un cəmləşdiyi məkanlardan biri də AMEA-dır. Azərbaycan hakimiyyəti AMEA-nın mühüm hissəsini ondan ayırıb Təhsil və Elm Nazirliyinə birləşdirməklə faktiki olaraq bu istiqamətdə mühüm addımlar atıb. Bundan sonra yəqin ki, AMEA-da ilişib qalan bəzi müftəxor “akademikləri” də təmizləyəcək.
Bundan əlavə, ölkəmizdə bir çox qurumlar var ki, onlar bəzi nazirliklərə paralel şəkildə yaradılıb. Məsələn, TƏBİB. Faktiki olaraq Səhiyyə Nazirliyinin funksiyasını yerinə yetirən TƏBİB-in ya səlahiyyətləri genişləndirilərək nazirliyin özü ləğv olunacaq, ya da həmin qurumda cəmləşən yenilikçi kadrlar Səhiyyə Nazirliyinin müvafiq şöbələrinə yönləndiriləcək. Eyni sözləri bənzər fəaliyyətlə məşğul olan digər nazirliklər və komitələr haqqında da demək mümkündür.
Fikrimcə, Prezident Administrasiyası və bəzi nazirliklər fəaliyyət göstərdiyi halda, Azərbaycan Nazirlər Kabineti də faktiki olaraq “arabanın 5-ci təkəri” funksiyasını yerinə yetirir. Ölkə başçısı yəqin ki, bu strukturlardan birini də ləğv edəcək.
Bunlar, təbii ki, struktur islahatlarıdır. Amma oriyentasiya dəyişiklikləri üçün həm də kadr islahatlarına da böyük ehtiyac var. Zənnimcə, bu sahədə ən mühüm addım ordu və digər Silahlı Qüvvələrdə aparılacaq. Azərbaycan Qərbə inteqrasiya xətti tutduğu üçün Silahlı Qüvvələrimiz də NATO ilə inteqrasiya etməlidir. Bu həm də Azərbaycanın təhlükəsizliyi naminə Rusiyaya bağlı general və zabitlərdən xilas olmaq imkanı deməkdir. Böyük ehtimalla, yaxın günlərdə bir çox general və zabitlərin işdən uzaqlaşdırılmasının şahidi olacağıq.
Qısası, mənim fikrimcə, Ramiz Mehdiyevin cəzalandırılmasından sonra Azərbaycanda əsasən, struktur və kadr islahatları aparılacaq. Hansı ki, Prezident İlham Əliyevin bunun anonsunu hələ 2019-cu ilin ilk günlərində vermiş və bu istiqamətdə müəyyən addımlar da atmışdı. Fəqət Rusiyanın təşviqi ilə ermənilərin ölkəmizə başlatdığı hücumlar nəticəsində bu islahatlar müvəqqəti olaraq dayanmış, Azərbaycanın başı II Qarabağ savaşı və ardınca davam edən Rusiyanın təzyiqlərinə qarışmışdı. Ölkəmizə xarici təzyiqlərin qarşısı alındıqdan sonra rəsmi Bakı yenidən yarımçıq buraxılmış struktur və kadr dəyişikliyi siyasətinə qaldığı yerdən davam etmək imkanı əldə edib və zənnimcə, bu gün fəaliyyət göstərən əksər məmurlar “ömürlük istirahətə” göndəriləcək. Kim ki, bu taleyi ilə razılaşacaq, ona toxunulmayacaq. Kim ki, müqavimət göstərməyə cəhd etsə, Ramiz Mehdiyev kimi ağır cəza alacaq. Prinsip etibarilə, bu, yeni dövrə yumşaq keçid strategiyasıdır və təqdirlə qarşılanmalıdır”.
Şahanə Rəhimli
Musavat.com
Paylaş:




























