ABŞ-ın Florida ştatındakı Sarasota şəhərində akademik avarçəkmə üzrə dünya çempionatına start verilib. "Report"un məlumatına görə, 69 ölkədən 382 idmançının qatıldığı nüfuzlu reqatada Azərbaycan da təmsil olunur.
Bu, 1 nəfərlik qayıqla 2000 metr (M1x) məsafəyə yürüşdə mübarizə aparan Aleksandr Aleksandrovdur. Yeniyetmələr və 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionu seçmə yürüşdə finişə 7 dəqiqə 26,520 saniyəyə çataraq, Polşa, İsveçrə, Puerto-Riko idmançılarından sonra 4-cü yeri tutub. O, yalnız Salvadordan olan rəqibini üstələyib.
27 yaşlı avarçəkən bu gün keçiriləcək təsəlliverici yürüşdə ilk 2 yerdən birini tuta bilsə, 1/4 finala yüksələcək. O, Benin, Monako, ABŞ, Ukrayna və Baham adalarından olan rəqibləri ilə yarışacaq.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 1-dək davam edəcək.
Paylaş: