Bu gün Bakıda Azərbaycan, Rusiya, Belarus və İran dəmir yolları idarələri arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqamətində inkişafı üzrə işçi qrupunun dördtərəfli görüşü işə başlayıb.
“Report” xəbər verir ki, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sədr müavini İqbal Hüseynov, “Rusiya Dəmir Yolları” ASC-nin vitse-prezidenti Vyaçeslav Pavlovski, Belarus Dəmir Yolları rəisinin I müavini İqor Şilov və "İran Dəmir Yolları"nın İdarə Heyətinin üzvü Hüseyn Aşuri iştirak edirlər.
Tədbirdə Belarus-Rusiya-Azərbaycan-İran marşrutu üzrə razılaşdırılmış tarif siyasətinin formalaşdırılması və vaqon daşımalarında rəqabətə davamlı tariflərin tətbiqi, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Belarus-Rusiya-Azərbaycan-İran istiqamətində vaqon və konteynerlərin daşınma imkanlarının araşdırılması, bu marşrutu üzrə öz hərəkət heyəti parkına aid vaqonlardan istifadə qiymətinin təyin edilməsi, həmçinin investor parkına aid vaqonların bu marşruta cəlb edilmə imkanlarının araşdırılması və digər məsələlər müzakirə edilir.
İki gün davam edəcək tədbirin sonunda müvafiq sənədlərin imzalanması gözlənilir.
Paylaş: