Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan işlənmənin əvvəlindən ötən il dekabrın 1-nə qədər 445 mln. ton neft və 140 mlrd. kubmetr təbii qaz hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, sözügedən tarixə qədər dünya bazarlarında Azərbaycanın payına düşən 250 mln. ton mənfəət nefti satılıb: “Bu da dünya bazarlarında realizə olunmuş bütün mənfəət neftinin 56%-ni təşkil edir”.
SOCAR-ın I vitse-prezidenti qeyd edib ki, həmin tarixə qədər dünya bazarlarına təxminən 460 mln. ton neft çıxarılıb ki, bunun da 350 mln. tona qədəri Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə nəql edilib.
Qeyd edək ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.
Bu il sentyabrın 14-də AÇG-nin 2050-ci ilə qədər birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.
Yeni sazişdə Azərbayana çatacaq mənfəət neftinin səviyyəsi daimi olaraq 75% müəyyən edilib.
Paylaş: