Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 29381,8 min ton neft nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 4,86% azalıb.
Hesabat dövründə nəqletmənin 80,5%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilibvə bu ilin yanvar-sentyabr ayları ərzində bu kəmər vasitəsilə 23 648,2 min ton neft ötürülüb.
Dövr ərzində BTC kəməri ilə 3 431,4 min ton tranzit nefti də nəql edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,3% azdır.
Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 milyon bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.
Azərbaycan nefti illik ötürücülük qabiliyyəti 7 milyon ton olan Bakı-Supsa kəməri, həmçinin Bakı-Novorossiysk kəməri ilə də nəql edilir.
Paylaş: