Xəbər lenti

 

Xalqımıza böyük bir dövlət miras qoyub gedən tarixi şəxsiyyətlərə qarşı etinasız, təhqiramiz münasibətimiz bizim dəyərsiz varlığımızdan xəbər verir. Biz kim olduğumuzu unutmağa başlayandan bəri bir millət olaraq məhv olmağa , yer üzündən silinməyə doğru gedirik. Deyirlər keçmişini unudanın gələcəyi olmaz. Biz keçmişimizə sahib çıxmadığımız üçün gələcəyimizi də itirib indiki utanc doğuran vəziyyətlə üzbəüz qalmişıq. Torpaqlarımız işğal aıtında, qız-gəlinlərimiz girovluqda ...26 ildir, Məmməd Aslanın sözləri ilə desək, özümüzü arsız yerinə qoyaraq yaşayırıq. Bu arsızlığımız isə laqeyd, şou və əyləncədən başqa hec nəyi düşünməyən manqurt bir nəslin yaranmasına gətirib çıxarıb. Gələcəkdən qorxur, keçmişdən əlimizi üzürük. Unuduruq ki, bəyənmədiyimiz Səfəvilər dövlətinin başında nəhəng bir şəxsiyyətin olduğu dövr Azərbaycan tarixinin ən parlaq səhifəsidir və bunu isbat etməyə lüzum da yoxdur.

Şah İsmayıl Xətai – 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək, vahid və indiyə qədər ən böyük Azərbaycan dövləti – Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir. Onun adı ilk dəfə türk dilini rəsmi dövlət dili elan edən dövlət başçısı kimi tarixə düşüb. Şah İsmayıl Xətai – ilk dəfə türk dilində heca vəznində şeir yazan şairdir. Şah İsmayıl dövrünün ən dahi sərkərdəsi və qorxmaz döyüşçüsü olub. O, apardığı müharibələr zamanı öz qoşunlarını 12 yerə bölərək, aypara şəklində düzüb. Bu düzülüş zəif mərkəzə və güclü cinahlara malik idi. Düşmən zəif mərkəzi əzməklə məşğul olduğu zaman, güclü cinahlar onları əhatə edir və beləliklə rəqib qoşunu mühasirəyə alıb darmadağın edirdi. İkinci Dünya müraribəsi dövründə bu strategiyanı azərbaycanlı Həzi Aslanov da öz tankları vəsitəsilə həyata keçirmisdi.

Çaldıran döyüşü kimin günahından baş verdi?

Təsadüfi deyildi ki, bu taktikanı ruslar “Aslanov nalı” adlandırmışdı.Şah İsmayıl Xətai tarixi Azərbaycan torpaqlarını yenidən fəth edərək Şimali Ağqoyunlu və Şirvanşahlar dövlətini (Albaniya), Cənubi Ağqoyunlu dövlətini (Atropatena) və Qaraqoyunlu dövlətini (Anadolu) birləşdirərək, vahid Azərbaycan dövləti olan Səfəvilər dövlətini yaratdı. Şah İsmayıl Xətai – ağlasığılmaz cəsarətə malik idi. Başqa dövlət başçıları çadırlarından döyüşü izlərkən, hələ 14 yaşı tamam olmamış İsmayıl, qoşunun önündə at çapardı. Çaldıran döyüşündən öncə o, Sultan Səlimə meydan oxuyaraq onu döyüşə dəvət etdi. Lakin Sultan Səlim qorxaraq öz yerinə Osmanlıda yenilməz sayılan Malqoçoğlunu göndərdi. Şah İsmayılın ətrafı: “Şaha bir sərkərdə ilə vuruşmaq yaraşmaz” dedi. O isə cavab verdi – “İstəmirəm ki, sonradan döyüşə qorxub çıxmadı, desinlər”. Şah İsmayıl Malqoçoğluna elə bir zərbə endirdi ki, hər iki tərəf heyrətdən "alqış" dedi. Onun qılıncı Malqoçoğlunun dəbilqəsini, zirehini və qalxanın bir hissəsini yararaq, bu bahadırı başından iki yerə bölmüşdü. Elə həmin döyüşdə o, qılıncla topun lüləsini kəsmişdi. Dövrünün ən ədalətli hakimi kimi tanınan Şah İsmayıl Xətai əsil həqiqətdə Osmanlı dövləti ilə vuruşmaq istəmirdi. Lakin şərqində güclü qonşu istəməyən Sultan Səlim, 200 minlik qoşunla Azərbaycana yürüş etməyə qərarlı idi.

Şah İsmayılın dövründə bir çox yeni islahatlar həyata keçirilmişdi. Məhz o, tarixdə ilk dəfə ana dilimizi rəsmiləşdirərək – türkcülüyü, dəqiq şəriət qaydaları əsasında qanunlar yaradaraq dövlətçiyi inkişaf etdirib. Bu şəxsiyyətin Azərbaycan üçün etdikləri danılmazdır. Son illər onda ləkə axtarıb rüsvay etmək istəyənlər, bu misilsiz şəxsiyyətə iftira atanlar bir başqa tarixi şəxsiyyət göstərsinlər ki, Şah İsmayıl Xətainin yüzdə birini Azərbaycan üçün etmiş olsun. Heç bir dövrdə Azərbaycanın nüfuz və hökmü Gürcüstandan Fars körfəzinə qədər, Orta Asiyadan Bağdada qədər, Anadoludan Hindistana qədər uzanmayıb. Bəs bizim ona “hörmətimiz” bu nəhəng şəxsiyyətin tarixi dəyərinə uyğun gəlirmi? Sosial şəbəkələrdə bu gün onun haqqında olmazin təhqir və iftiralar səsləndirilir, şəxsiyyəti alçaldılır.

Türk dünyasının "üz qarası"?

Müstəqilliyin ilk illərində Bakıda türk litseyləri açılmağa başladı. Bunlardan biri də Mustafa Kamal Ataturkün adını daşıyırdı. Qardaşım 6 yaşında qızı Əminənin sənədlərini bu litseyə verdi. Litseydə müəllimlər nəinki rüşvət, hətta bayramlarda çiçək dəstəsi almağa belə çəkinirdilər. Əminənin 8-ci sinfi bitirməsi münasibətilə keçirilən valideynlər tədbirində bəzi səbəblərə görə mən iştirak etməli oldum. Həyətdə keçirilən təntənəli törəndən sonra valideynlər tədris binasının foyesində təşkil olunmuş sərgiyə baxmağa dəvət olundular. Foyedə Osmanlı tarixini əks etdirən şəkillər, sənədlər, əşyalar nümayiş etdirilirdi. Divarda isə bütün türk dünyasının hökmdarlarının, sultanlarının şəkilləri vurulmusdu. Təkcə Sah İsmayıl Xətainin portretini görə bimədim və məktəbin müdirindən bunun səbəbini soruşdum. Bildirdi ki, Sah İsmayıl türk dunyasının üz qarasdır, cünki öz qardaşı türkə qarşı çıxaraq müharibə aparıb. Mən Əmir Teymurun divardan asılmış böyük portretini göstərib sorusdum ki, bu hökmdar hucum edib türk sultanını əsir almamısdımı, onu qəfəsə salıb yürüşləri boyu arxasinca sürümürdümü, hələ ürəyi soyumadığı üçün qəfəsə yaxınlaşıb sultanın üzünə tupürən Əmir Teymur deyildimi? Bəs onun səklini niyə yuxarı başda asmısınız? Müdir deməyə söz tapmadı və başını aşağı salıb uzaqlaşdı. Bir həftə sonra Əminəni litseydən çıxardılar. Bəhanə gətirdilər ki, türk dilində zəif danışır, tələffüzü pisdir. Halbuki Əminə bir il əvvəl məktəb müdiriyyəti tərəfindən türkcə tələffüzü gözəl olduğu qeyd edilən tərifnamə ilə təltif edimisdi. Uşağın məktəbdən uzaqlaşdırılmasının səbəbi sadəcə mənim müəllimə verdiyim cavabı olmayan sual idi.

Şah İsmayıla atdığımız iftiralar azmış kimi, paytaxtın mərkəzində, sahil tərəfdə açılan restorana da onun adı verilib. Hər gün sərxoşların istehza hədəfinə çevrilən bu dahi şəxsiyyətimizə bizim minnətdarlığımız, sevgimiz, hörmətimiz beləmi olmalıdır? 

Nazilə Nəriman

 




Ana səhifəyə qayıt        Baxış: 924          Tarix: 18-11-2019, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma