Xəbər lenti

Bakıda soyğunçuluq və quldurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən vətəndaş gecə saatlarında Nəsimi rayonu ərazisində tanımadığı şəxs tərəfindən zorakılıq yolu ilə pulunun alındığını bildirib.

Məlumatla əlaqədar dərhal 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırma zamanı Bakı şəhər sakini E.Əsgərov saat 5 radələrində R.Rza küçəsində naməlum şəxsin ona qarşı zor tətbiq edərək 2100 manat pulunu və qol saatını aldığını qeyd edib.

Bakı Şəhər Baş Polis İdarəsi və 22-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların əvvəllər məhkum olunmuşlar – Kəlbəcər rayon sakini Camaləddin Əzizov və Yevlax rayon sakini Fərid Novruzlu olduqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Bundan başqa, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciət edən Məhəmmədi qəsəbə sakini T.Həşimov həmin gün saat 1 radələrində qəsəbə ərazisində 4 naməlum şəxs tərəfindən döyüldüyünü və bıçaqla hədələnərək 3000 manatının alındığını bildirib.

Məlumatla əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa zamanda quldurluğu törətməkdə şübhəli bilinənləri müəyyən edərək “isti izlər”lə saxlayıblar.

Araşdırmalarla onların Bakı şəhər sakinləri Cavanşir Şirinov, Həmid Allahverdiyev, Murad Əliyev və əvvəllər məhkum olunmuş Ceyhun İsmayılov olduqları müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 888          Tarix: 5-04-2018, 16:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma