Xəbər lenti

Sumqayıt şəhər məhkəməsində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Ruqiyyə Səmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs İ.Qəmbərov ifadə verib. Təqsirləndirilən həkim bildirib ki, ona qarşı saxta ittihamlar irəli sürülüb və işi araşdıran müstəntiq qərəzli mövqedədir. Təqsirləndirilən şəxsin vəkili bildirib ki, ittihamların saxta olması barədə növbəti prosesdə sənədləri məhkəməyə təqdim edəcək.

Prosesdə məlum olub ki, zərərçəkmiş şəxs təqsirləndirilən İ.Qəmbərova qarşı daha bir iddia qaldırıb. Həmin iddiada zərərçəkmiş dəymiş ziyana görə həkimdən 100 min manat təzminat istəyib.

İş üzrə növbəti məhkəmə prosesi iyunun 21-nə təyin olunub.

İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə-hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

Xatırladaq ki, İ.Qəmbərov barəsində həbs qətimkan tədbiri seçilməyib. Trend.az

 




Ana səhifəyə qayıt        Baxış: 696          Tarix: 8-06-2017, 17:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma