Xəbər lenti

 

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Rusiya Federasiyasının Neyskiy rayonunda anadan olmuş 1992-ci il təvəllüdlü Mamed Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Mamed Əliyev Ağcabədi rayon Taxta körpü qəsəbəsi H.Əliyev prospektində sərxoş vəziyyətdə mobil telefonu ilə yüksək səslə danışıb.

Qəsəbə sakini Cahil Əlvəndov Mamed Əliyevə ucadan telefonla danışması və söyüş sözlərindən istifadə etməsinə irad bildirib. Bu səbəbdən onların aralarında mübahisə yaranıb. Cahil Əlvəndov onun sifət nahiyəsinə yumruqla vurub.

Bundan əsəbləşən Mamed Əliyev bıçaqla Cahil Əlvəndovu bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Mamed Əliyev həbs edilib.

İstintaq orqanı tərəfindən Mamed Əliyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mamed Əliyev 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Mamed Əliyev apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, ona şərti cəza verilməsini istəyib.

Mamed Əliyevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Apelyasiya şikayəti qismən təmin edilib və Mamed Əliyevin cəzası 2 il 11 ay 27 günə endirilib.




Ana səhifəyə qayıt        Baxış: 324          Tarix: 29-12-2019, 12:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma